Qubada üç ay əvvəl güclü sel suları nəticəsində uçan körpü hələ də bərpa edilməyib.
Bu barədə İqtisadiyyat.az-a rayon sakinləri məlumat veriblər.
Onlar deyir ki, körnün uçması səbəbindən altı kəndin sakinlərinin rayon mərkəzinə gəliş-gedişi çətinləşib. Çünki körpünün uçması ilə Xınalıq, Bostankeş, Haput, Cek, Əlik və Qəley-Xudat kəndlərinin rayon mərkəzi ilə əlaqəsi kəsilib.
Həmin kəndlərin sakinləri bildirir ki, rayon mərkəzinə getmək üçün əlavə olaraq kilometrlərlə məsafə qət etməyə məcburdurlar. Bu isə həm əlavə vaxt itkisinə, həm də əlavə yanacaq sərfiyyatına gətirib çıxarır.
Kənd sakinləri körpünün bərpa olunması ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, onlara bu istiqamətdə işlərə başlanılacağı bildirilib. Amma görünən odur ki, hələ ki praktiki olaraq heç bir addım atılmayıb.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq bildirib ki, mütəxəssislər tərəfindən əraziyə baxış keçirilib və körpünün təmiri ilə əlaqədar layihəsi hazırlanıb.
Qurum rəsmisinin sözlərinə görə, yaxın günlərdə körpünün tikintisinə başlanılması nəzərdə tutulub:
“Hazırlanan layihə aidiyyəti üzrə təqdim olunub və maliyyə vəsaiti ayrılan kimi tikinti işlərinə başlanılacaq. Sakinlərin gediş-gəlişi üçün çayın içərisindən müvəqqəti olaraq yol verilib. Bununla yanaşı, həmin kəndin sakinləri avtomobilləri ilə Alpan-Susay-Xınalıq yolundan alternativ olaraq istifadə bilərlər”.
Xatırladaq ki, bu ilin iyul ayında intensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları Quba-Xınalıq avtomobil yolunun 42-ci kilometrində Əlikçayın üzərində yerləşən və 20 ildən çox tarixə malik avtomobil körpüsünün uçmasına səbəb olub. Körpünün uçması ilə Xınalıq, Bostankeş, Haput, Cek, Əlik, Qəley-Xudat kəndlərinin rayon mərkəzi ilə əlaqə kəsilib. Buna görə də həmin vaxtdan etibarən sakinlərə alternativ olaraq Alpan-Susay-Xınalıq yolundan istifadə tövsiyə edilib.