image-2000x150
image-2backend

Qoşulmama Hərəkatına sədrlik

image-728x90

Qoşulmama Hərəkatı bəşəri dəyərlərin təbliğinə xidmət edir və bütün ölkələrin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə sadiqliyini nümayiş etdirir. Qoşulmama Hərəkatı özündə 120 ölkəni birləşdirməklə BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır.
Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatına üzv qəbul olunmuşdur. Qoşulmama Hərəkatında olduğu qısa müddət ərzində ölkəmiz beynəlxalq hüququn norma və prinsiplərini qətiyyətlə müdafiə etməkdə böyük nüfuz qazanmışdır.
Hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının 2016-cı ildə keçirilmiş XVII Zirvə Görüşündə növbəti sammitin Bakı şəhərində keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul olunmuşdur. Bu, ölkəmizə göstərilən hörmətin, inamın və etimadın təzahürüdür.
Azərbaycanın son illər dünyada artan nüfuzu onun beynəlxalq təşkilatlarla əlaqələrində və onların fəaliyyətində fəal iştirakına gətirib çıxarıb. Artıq dünya dövlətləri Azərbaycanı etibarlı, mühüm tərəfdaş, sözü imzası qədər dəyərli olan ölkə kimi qəbul edirlər.BMT, Avropa İttifaqı, NATO, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu təşkilatlar Azərbaycanla əməkdaşlığı strateji prioritet kimi müəyyənləşdirmişdirlər. Bu gün Azərbaycan bir sıra beynəlxalq qurumlarda, sadəcə, üzv dövlət kimi təmsil olunmur, eyni zamanda, bir çox qərarların qəbulunda və icrasında yaxından iştirak edir. Eyni zamanda, dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı isə məhz Azərbaycanın sədrliyi dövründə özünün ən uğurlu dövrünü yaşayır.
Azərbaycan Qoşulmama Hərəkatına (QH) sədrliyi 2019-cu ildən etibarən üç il müddətinə həyata keçirməyə başlamışdır. 2019-cu ildə ölkəmiz QH-nin sammitinə uğurla ev sahibliyi etdi və Azərbaycan öz sədrliyi dövründə beynəlxalq hüququ və ədaləti müdafiə etdi. Azərbaycanın sədrliyinin koronavirus pandemiyası dövrünə təsadüf etməsinə baxmayaraq, ölkəmiz çevik və səmərəli şəkildə öz sədrlik gündəliyini yeni reallığa uyğunlaşdırdı. Əlbəttə, bu prosesdə Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin təşəbbüskarlığı, qətiyyəti və siyasi iradəsi də mühüm rol oynadı. Pandemiyanın misli görünməmiş fəsadları qarşısında dünya ölkələrinin əksəriyyətinin özünə qapandığı dövrdə Azərbaycan qlobal liderlik rolunu üzərinə götürdü, qlobal problemin öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkələrdən oldu. Belə ki, məhz Azərbaycanın sədrliyi altında Qoşulmama Hərəkatı dünya ictimaiyyətini pandemiya ilə mübarizədə səfərbər etdi.
Azərbaycanın sədrliyinin ən böyük uğurlarından biri də QH-nin təsisatlanması məsələsidir. Sədrliyimiz dönəmində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Gənclər Təşkilatı təsis olunmuşdur. Ötən il iyunun 30-da Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransında dövlətimizin başçısı bu Şəbəkənin əhəmiyyətindən danışıb, QH-yə üzv ölkələr arasında həmrəyliyə töhfə verəcəyinə inamını ifadə etmişdir.
Fatimə Talıbzadə Astan. Azərbaycan Dövlət Pedaqoji Universiteti

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90