image-rt-reklam
image-1backend

Qərəzli və ünvanlı sifarişləri icra edən qurum

image-728x90

Beynəlxalq hüququn selektiv şərhi, dövlətlərin ərazi bütövlüyü və suverenliyi ilə bağlı məsələlərə fərqli yanaşma AŞPA-nın rüsvayçı və ikiüzlü xarakterini növbəti dəfə nümayiş etdirdi.

44 günlük Vətən müharibəsində qazandığımız Qələbəni özlərinin də məğlubiyyəti kimi qəbul edən ermənipərəst dairələr rəzillik və  riyakarlıqlarla öz əməllərini davam etdirirlər. İkinci Qarabağ müharibəsində Ali Baş Komandan kimi rəhbərlik etdiyi Silahlı Qüvvələrimizin qazandığı Zəfərlə əvəzedilməz lider olduğunu təsdiq edən Prezident İlham Əliyevə, Azərbaycana olan qısqanclıq daha da artıb. Torpaqlarımız işğal altında qaldığı 30 ildə təcavüzkar Ermənistana dəstəklərini və rəsmi İrəvana havadarlıqlarını davam etdirirlər. Məlumdur ki, onların arxasında dayanan erməni lobbisidir. Belələri Avropa Şurasında daha çoxdur. Son vaxtlar bizə qarşı aparılan kampaniyalar, qarayaxma cəhdləri, qara piar kampaniyaları Azərbaycan ictimaiyyətini narahat edir.

Vətən müharibəsindən sonra Qarabağda yüksək peşəkarlıqla, dəqiqliklə antiterror tədbirlərinin mülki əhaliyə, infrastruktura heç bir ziyan vurulmadan aparılması, Xankəndini könüllü tərk edən ermənilərin Laçın sərhəd- buraxılış məntəqəsindən heç bir maneə olmadan keçmələri üçün şəraitin yaradılması Azərbaycanın humanitar siyasətinin bariz nümunəsi idi. Qondarma, «DQR»ın kriminal xunta rejiminin cinayətkar başçılarının həbsi zamanı da insanlıq və beynəlxalq hüquq normalarına tam əməl edildi. Artıq tarixin zibilliyinə atılmış separatçı «Dağlıq Qarabağ respublikası»nın cinayətkar, Azərbaycanın təhlükəsizlik və hüquq-mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb olunan kriminal başçılarının layiqli cəzalar alacaqlarını bildirən Prezident İlham Əliyev Qarabağda Azərbaycan vətəndaşı kimi yaşamaq istəyənlərin rahatlığı və təhlükəsizliyi üçün bütün tədbirlərini görüləcəyini də bildirir.

Ermənistandan vasitə kimi istifadə edərək müxtəlif bəhanələrlə Azərbaycan torpaqlarının daşnak tör-töküntülərinin işğalından azad olunmasını 30 il gecikdirən ermənipərəst dairələr son günlərdə yenidən fəallaşıblar.  Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi, ermənipərəst Cozep Borrelin mətbuat katibi Peter Stanonun ölkəmizə qarşı əsassız bəyanatı, təmsil etdiyi qurumun guya Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü pozması ilə bağlı çirkin açıqlaması riyakarlıqdır. Beynəlxalq qanunlardan xəbərsiz ermənipərəstlərin rəzil açıqlamaları erməni xörəyini Avropa qaşığı ilə yemək vərdişinin davamıdır.

Azərbaycanın uğurları, onun regionda aparıcı dövlətə, əsas söz sahibinə çevrilməsi, iqtisadi qüdrətinin artması, siyasi mövqelərinin güclənməsi Avropanın bir sıra dövlətlərini çox narahat edir. Bir çox hallarda işğalçı Ermənistanı açıq-aşkar dəstəkləyən, 44 günlük Vətən müharibəsində onların məğlubiyyətini həzm edə bilməyən Fransa və Almaniya kimi ölkələrin aparıcı rolda çıxış etdiyi Avropa Şurası Parlament Assambleyasının qış yarım-sessiyasının açılış günündə, yəni yanvarın 22-də AŞPA-da Azərbaycanın nümayəndə heyətinin etimadnamələri təsdiq edilməmişdir.

Bu qabaqcadan planlaşdırılmış addım kimi qiymətləndirilməlidir. Qalmaqallı təşəbbüs formal olaraq Frank Şvabe tərəfindən irəli sürülsə də, məsələnin arxasında AŞPA rəhbərliyinin özünün durduğu, sadəcə sosialistləri qabağa verdiyi bilinən faktdır. AŞPA-nın sabiq və qüvvədə olan prezidentinin əleyhimizə səs verməsi təşkilat rəhbərliyinin mövqeyinin göstəricisidir.

Bununla əlaqədar AŞPA-dakı nümayəndə heyəti düzgün qərar verərək bəyanatla çıxış edib. Bəyanatda qeyd edilib ki, AŞPA-da siyasi korrupsiya, ayrı-seçkilik, etnik və dini nifrət, ikili standartlar, təkəbbürlülük, şovinizm hökm sürən praktikaya çevrilib. Qeyd edilib ki, qurumda mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib.

Torpaqlarımızın 30 il işğal altında qaldığı müddətdə təcavüzkar Ermənistanı cəzalandırmağı «məsləhət görməyən» Aİ, AŞPA, Fransa, Almaniya, ABŞ unutmasınlar ki, Azərbaycanın çevik, dinamik və stabil xarici siyasəti qərəzli dairələrin qəbul etdikləri kağız parçası olan qətnamələrdən qat-qat dəyərli, etibarlı, demokratik, beynəlxalq hüquq normalarına uyğundur.

İllərdən bəri Azərbaycanı milli maraqlara, dövlətçilik mənafeyinə xidmət edən siyasətindən çəkindirmək üçün cəhdlər edib, təzyiqlər göstərənlər heç vaxt istəklərinə nail olmamışlar. Vətən müharibəsində qazandığımız Qələbəni özlərinin də məğlubiyyəti kimi qəbul edən ermənipərəst dairələr bu cür rəzilliklərlə, riyakarlıqlarla xalqımızı yolundan döndərməyə çalışsalar da məntiqi nəticə də, mesaj da eyni olacaq: «Dəmir yumruq yerindədir!»

Günel Aslanlı AMEA A.A.Bakıxanov adına Tarix Institutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90