image-rt-reklam
image-331118362_203450392290314_3032023817348088009_nbackend

Qənirə Paşayeva şəhid əsgər Əli Cabbarovun anası ilə görüşüb

image-728x90

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva qarşıdan gələn Novruz bayramı münasibətilə Azərbaycan Vətən Müharibəsinin şəhidi, Silahlı Qüvvələrin əsgəri Əli Cabbarovun anası Yeganə Cabbarova ilə görüşüb. Milli Məclisdə baş tutan görüşdə, şəhid anasının qayğıları öyrənilib, ürək sözləri dinlənilib. Komitə sədri Q.Paşayeva Azərbaycan dövlətinin ali rəhbərliyinin şəhid ailələrinə yüksək həssasiyyətindən, diqqət-qayğısından danışıb, həmin həssasiyyətin, diqqət-qayğının hər bir Millət vəkili üçün də örnək təşkil etdiyini deyib. O, milli bayramımız Novruz ərəfəsində keçirilən görüşün, ümumiyyətlə şəhid anaları ilə hər bir görüşün onunçün çox doğma görüş olduğunu söyləyib, şəhid əsgərin əziz ruhuna ehtiramını bildirib: “Əziz şəhid anası, hər əziz gündə, bayramda ilk anılacaq insanlar sırasında öndə Siz şəhid anaları gəlirsiz. Sizi bayram münasibəti ilə təbrik edir, ən xoş arzularımı yetirirəm! Ulu Tanrıya şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb, düşməndən ağır qisas alınıb. Əziz Şuşada bayrağımız dalğalanır, ordumuz yetərincə güclüdür, öz üzərinə düşən vəzifələrə uyğun olaraq istənilən ali tapşırığı yerinə yetirməyə qadirdir. Vətən uğrunda canını qurban vermiş övladınızın timsalında bütün şəhidlərimizin ruhu qarşısında sayğılarla baş əyirik. Ruhları şad olsun”! Görüşdə “UNİTY-Company”in təsisçisi Fikrət Əliyev də iştirak edib. Şəhidimizin həyat və döyüş yolu ilə yaxından maraqlanan F.Əliyev, şəhid ailələri ilə görüşün hər bir ziyalı, hər bir işadamı və vətəndaş cəmiyyətinin hər bir fəalı üçün mənəvi borc olduğunu bildirib. Şəhidimizin anasını və onun timsalında ailənin bütün üzvlərini qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib. Görüşün sonunda Mədəniyyət Komitəsi və “UNİTY-Company” adından şəhid anasına bayram hədiyyələri təqdim edilib. * Azərbaycan Ordusunun şəhid əsgəri Əli Baba oğlu Cabbarov (08.01.2002, Bakı – 27.09.2020, Xocavənd rayonu) 14 yanvar 2020-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdı. O, II Qarabağ müharibəsinin ilk günü şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə təltif edilib. Şəhid əsgərimiz həmçinin “Füzulinin azad olunmasına görə” (24.06.2021), “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” (24.06.2021) medalı ilə təltif edilib. Ruhu şad olsun!

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90