image-2000x150
image-9ebc18dc-249c-4efb-8d4b-b207c8e889ffbackend

Qələbənin əldə olunmasında Azərbaycanın töhfəsi     

image-728x90

1941-ci ildə Azərbaycanda hərbi səfərbərlik ümumxalq hərəkatına çevrildi. Minlərlə oğlan və qız hərbi komissarlıqlara ərizə və müraciət edərək cəbhəyə getdilər. İlkin dövrdə təqribən 40 min adam könüllü surətdə əsgər köynəyi geyindi,təqribən 200 min adam xalq qoşununa yazıldı. Müharibə illərində 11 mindən artıq  qadın səfərbərliyə alındı,260 min nəfərə qədər evdar qadın,təqaüdçü, yeniyetmə istehsalata gəldi. 15 min tibb işçisi və sanitar drujinası,750 rabitəçi,3 min sürücü hazırlandı. Azərbaycan SSR ərazisində 87 batalyon,1123 özünümüdafiə dəstəsi, həmçinin 77-ci, 223-cü,227-ci,242-ci,271-ci,392,394,396-cı,402-ci,414-cü və 416-cı milli diviziyalar formalaşdırıldı.

Azərbaycan xalqının ümumilikdə 600 mindən çox oğul və qızı 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak edib. Müharibə illərində göstərdikləri igidliyə görə 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və müdallarla təltif edilib. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci,223-cü,271-ci,396-cı,402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər. Qəhrəman azərbaycanlılar Polşa,Çexiya,Yuqoslaviya və digər ölkələrin azad olunmasında  yaxından iştirak ediblər.

Qəhrəman Azərbaycan övladları.  İki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş həmyerlimiz Həzi Aslanovun, həmçinin İsrafil Məmmədovun, Mehdi Hüseynzadənin, Gəray Əsədovun ,komandirinin həyatını xilas etmək üçün sinəsini düşmən gülləsinə sipər edən dənizçi Qafur Məmmədovun, Leninqradın müdafiəsi zamanı 17 ölümcül yara almasına rəğmən təyyarəsini  yerə endirən Hüseynbala Əliyevin, qadınlarımızdan təyyarəçi  Züleyxa Seyidməmmədovanın,

Snayperçi Ziba Qəniyeva,gəmi kapitanı Şövkət Səlimovanın və başqa həmvətənlərimizin adları tarixə düşmüşdür. Qafqazın müdafiəsi uğrunda döyüşlərdə Ziya Bünyadovun bölməsi düşmənin  xeyli canlı qüvvə texnikasını məhv etmişdi. 1945-ci ilin yanvarında sovet ordusu Polşada döyüşdüyü zaman Ziya Bünyadovun başçılıq etdiyi bölüyün bütün döyüşçüləri Plitsa çayı üstündəki körpü uğrunda qeyri-bərabər döyüşdə göstərdikləri igidliyə görə təltif edildilər. Ziya Bünyadova Sovet İttifaqı  Qəhrəmanı adı verildi. Rəşid Məcidov Branderburq darvazası üzərində Sovet bayrağını dalğalandırmışdır. Faşizmə qarşı mübarizədə 121 nəfər Azərbaycan SSR vətəndaşı ( onlardan 43 nəfəri azərbaycanlıdır) Sovet İttifaqı adına,30 nəfər (onlardan 15 nəfəri azərbaycanlıdır)”Şöhrət”ordeninin tam üç dərəcəsinin kavaleri oldu. Azərbaycanlılar Fransa, İtaliya və digər dövlətlərin orden və medallarını almışlar.

1941-1945-ci illərdə İkinci Dünya müharibəsində qələbənin əldə olunmasında   Bakı neftinin amili.

Bütün çətinliklərə  rəğmən,neftçilərimiz 1941-1945-ci illərdə İkinci Dünya müharibəsi dövründə fədakarlıqla çalışaraq cəbhəni və sənayemizi yanacaqla təmin ediblər.  Akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə aviasiya benzini almaq üçün yeni texnologiya yaradılıb. 1941-1945-ci illərdə 63 yeni kimya və neft-kimya sənayesi müəssisəsi istifadəyə verildi. 300-dən artıq mühüm ixtira işləndi və istehsalatda tətbiq olundu. Müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və başqa neft məhsulları veriblər.

Azərbaycan neftçilərinin əməyinə verilmiş yüksək qiymət:

Sovet İttifaqı Marşalı Georgi Jukov:” Bakı neftçiləri Vətənimizin müdafiəsinə, onun düşmən üzərində Qələbəsinə nə qədər lazımdırsa,o qədər də yanacaq verirdi”.

Sovet İttifaqı Marşalı Konstantin Rokosovski: “Qorxmaz şahinlərin hər bir döyüş zərbəsində,sovet tankçılarının hər bir reydində,alman faşist qüvvələri üzərindəki hər bir qələbədə heç də az olmayan uğur payı Bakı neftçilərinə məxsusdur”.

Sovet İttifaqı Marşalı F.İ. Tolbuxin: “Qızıl Ordu qazandığı çoxlu qələbələrinə,hücum edən hissələrə vaxtlı-vaxtında keyfiyyətli yanacaq göndərdiyinə görə Azərbaycan xalqı və cəsur Bakı neftçiləri qarşısında Belqradda, Budapeştdə, Vyanada Azərbaycan neftçilərini minnətdarlıqla xatırlayan bizim cəbhənin döyüşçüləri neft Bakısının cəsur zəhmətkeşlərini salamlayırlar”.

Əvəzsiz töhfə. 1941- 1945-ci illərdə İkinci Dünya müharibəsi dövründə Azərbaycan alimləri tərəfindən yüksək oktanlı aviasiya yanacağının kəşf olunması amili də xalqımızın Qələbəyə verdiyi əvəzsiz töhfələrindən biridir.

Alman komandanlığının  Qafqaz uğrunda döyüşlərinin əsas məqsədi Bakı üzərində nəzarəti ələ keçirmək idi.  Faşist Almaniyasının  Şərq siyasətində Qafqaza, o cümlədən Azərbaycana xüsusi diqqət yetirilirdi. Rozenberqin başçılığı ilə təşkil edilən Şərq işləri üzrə Nazirliyin nəzdində olan strukturdan biri  Qafqaz Komissarlığı idi. Hələ 1941-ci il aprelin 29-da yaradılan Oleburq iqtisadi qərargahı tərəfindən təsis edilmiş planda Qafqazın,əsasən Bakının işğalı mərkəzi yer tuturdu.

Azərbaycan xalqının arxa cəbhədəki misilsiz əməyi.

Müharibə illərinin ilk günlərindən Bakının bütün müəssisələri 12 saatlıq iş gününə keçdi.1942-ci ilin iyulunda Bakıda xalq arasında  “Katyuşa” kimi məşhur olan qvardiya  minomyotu istehsal edən zavod yaradıldı.1941-ci ilin sonunda Azərbaycanda 130 adda silah,sursat.hərbi mərmi və əşya istehsal olunurdu.

1942-1944-cü illərdə cəbhəyə 11 milyon vahid döyüş sursatı göndərildi. 1942-ci ilin yanvarında Bakı zavodu 20  “UTİ-4” maşını buraxdı.Bir müddət sonra Bakıda “YAK”qırıcıları yığılmağa başladı.

Azərbaycanın  xalq təsərrüfatının fədakarlığı. Respublikanın müəssisələri çoxlu sayda şinel,geyim dəstləri, çəkmələr,patron çantaları və s. İstehsal etmişdir.

1941-ci il respublikada 66 hərbi hospital yaradıldı.Müharibə illərində donor hərəkatı genişləndi. 1941-1945-ci illərdə yaralı döyüşçülər üçün cəbhəyə 41.609 litr qan göndərildi.

1942-ci ilin yanvarında  tibb elmləri doktoru,professor Əziz Əliyevin sədrliyi ilə “Yaralı  Döyüşçülərə və Xəstələrə Kömək Komitəsi” yaradıldı.

Müharibə illərində vətənpərvərlik mövzusunda  Azərbaycan bəstəkarları mahnılar və musiqi əsərləri bəstələmişlər: “Sənsiz”;  “Sevgili canan”;”Xalqın qəzəbi”; “Vətən nəğməsi”;”Dilbərim”vəs.

Azərbaycanlılar faşizmə qarşı partizan və müqavimət hərəkatında

Azərbaycanlılar Ukraynada,Belorusda,Şimali Qafqazda,Baltikyanı ölkələrdə,Polşada,Çexiyada,Macarıstanda,Yuqoslaviyada,İtaliyada partizan dəstələri  sıralarında,Fransada antifaşist müqavimət hərəkatında igidliklə vuruşmuşdular.İsmayıl Əliyev Smolenskdə,Məmməd Əliyev Krımda,Ələkbər Əliyev Belorusda “Dyadya Kolya” adı ilə partizan dəstələrində iştirak etmişlər.

Fransa müqavimət hərəkatında vuruşan Əhmədiyyə Cəbrayılovun adı yaddaşlarda daha çox qalmışdır. O,”Armed Mişel”(Xarqo)  adı ilə Fransanın 5 ordeni və yüksək fəxri adı –“Fransanın Milli Qəhrəmanı”,şəxsi igidliyinə görə paradda əsgərə generaldan qabaqda getmək hüququ verən hərbi medalı ilə də təltif olunmuşdur.

Mehdi Hüseynzadə (Mixaylo) Yuqoslaviyada  faşistlərə qarşı mübarizədə əfsanəvi qəhrəmanlıqlar göstərmişdir.O, 1000 nəfərdən çox faşist zabitini məhv etmiş, 700 nəfər hərbi əsiri azad etmişdir. 1944- cü ildə faşistlərlə qeyri-bərabər döyüşdə həlak olmuşdur. 1957-ci ildə ona ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı fəxri adı verilmişdir.

Faşizm üzərində əldə olunan qələbənin dövlət səviyyəsində qeyd olunması

Prezident İlham Əliyev hər il  Qələbə Günündə müharibənin görkəmli sərkərdələrindən biri, xalqımızın  qəhrəman oğlu, tank qoşunları general-mayoru,iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun xalqımızın igid oğullarının əziz xatirəsini dərin ehtiramla anır, müharibə veteranları ilə görüşür,onları Qələbə bayramı  münasibətilə təbrik edir.

1941-1945-ci illərdə İkinci Dünya müharibəsinin ağır və çətin sınaqlarından keçmiş veteranlara qayğı. Prezident İlham Əliyev cari ilin 26 aprel tarixində !1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə,həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına,arxa cəbhədə fədakar əməynə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” müvafiq Sərəncam imzalamışdır.

Ulu öndər Heydər Əliyev 1941-1945-ci illər müharibəsi haqqında:

“Bu qələbənin çalınmasında Azərbaycanın xüsusi rolu bir də ondan ibarətdir ki, Azərbaycan Respublikasının nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün üçün ən mühüm amillərdən biri olmuşdur. Həmin dövrdə  Sovetlər İttifaqında çıxarılan neftin 70 faizi Azərbaycanda  hasil edilirdi” .

“Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğıya və hörmətə layiqdirlər.Bütün Azərbaycan xalqı bilməlidir ki, İkinci Dünya müharibəsi veteranları bizim ən əziz,ən dəyərli insanlarımızdır”.

“Azərbaycan xalqı İkinci Dünya müharibəsində həm döyüş meydanlarında,həm də arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümunələri göstərmişdir”.

“Çoxları indi deyir ki, əgər Azərbaycan  nefti olmasaydı,İkinci Dünya müharibəsində SSRİ-nin İngiltərə- Amerika koalisiyası ilə birlikdə alman faşizminə qalib gəlməsi mümkün  olmazdı”.

Prezident İlham Əliyev 1941-1945-ci illər müharibəsi haqqında.

“Biz tarixdə bu əlamətdar günə qayğı ilə yanaşır,qələbəyə töhfə verənlərin xatirəsini ehtiramla yad edir, öz həyatları bahasına dünyanı faşizmdən xilas etmiş zabit və əsgərlərin igidliklərinə hörmətimizi bildiririk”.

“Biz öz veteranlarımızı qorumalıyıq. Təəsüf ki,onların sayı ilbəil azalır.Adətən mayın 9-da mən həmişə onlarla görüşürəm,biz sonlarla söhbət edirik. Biz onlarla fəxr etməliyik”.

“Ən dağıdıcı və qanlı müharibənin cəbhələrində,habelə arxa cəbhədə bizim xalqımız qəhrəmanlıq göstərmişlər.Bu gələcək nəsillər üçün nümunədir. Müharibədə iştirak edən döyüşçürimizin yarısı öz canlarını bizim qələbəmiz   naminə qurban veriblər”.

 

 

Nəsimi rayon, İlyas Əfəndiyev adına Elitar gimnaziyanın  tarix müəllimi

 Xatirə Abbasova.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90