Rusiya-Ukrayna müharibəsi davam edərkən, beynəlxalq ictimaiyyət daim Rusiya Federasiyasının sülh danışıqlarından niyə qaçdığı sualını verir. Bu məsələnin bir çox mürəkkəb səbəbi var və bu səbəblər təkcə hərbi deyil, həm də siyasi, ideoloji və iqtisadi amillərlə bağlıdır.
Politoloq Arzuman Muradlı hesab edir ki, Rusiya üçün Ukrayna müharibəsi sadəcə bir ərazi münaqişəsi deyil, daha geniş geosiyasi ambisiyaların bir hissəsidir.
“Rusiya Ukraynanı öz təsir dairəsinə daxil olan, qərbə inteqrasiyasının qarşısını almaq lazım olan bir ölkə kimi görür. Sülh danışıqları, Rusiyanın bu hədəflərinə tam şəkildə çatmasına mane ola bilər. Rusiya, Qərbin NATO-nun şərqə doğru genişlənməsini öz təhlükəsizliyinə təhdid kimi qəbul edir və Ukraynanı bu “bufer zonanın” ən vacib hissəsi hesab edir. Rusiya Ukraynanın hərbi bloklara qoşulmamasını, xüsusən də NATO-ya üzvlüyünü qəti şəkildə istəmir. Sülh danışıqlarında Ukraynanın neytral statusunun təmin edilməsi Rusiyanın əsas şərtlərindən biridir. Lakin Ukrayna bunu öz suverenliyinin pozulması kimi qiymətləndirir. Həmçinin Rusiya Ukraynanın müəyyən ərazilərini, xüsusən də Krımı və Donbasın işğal olunmuş hissələrini öz ərazisi kimi qəbul edir. Bu ərazilərin statusu ilə bağlı heç bir kompromisə getmək istəmir. Ukrayna isə özünün beynəlxalq tanınmış sərhədləri daxilində tam ərazi bütövlüyünü tələb edir. Bu iki mövqe arasında fundamental ziddiyyət sülh danışıqlarını çətinləşdirir.” -deyə Arzuman Muradlı bildirib.
Politoloq hesab edir ki, Rusiya Federasiyasının daxili siyasi vəziyyəti də sülhdən yayınmağın səbəblərindən biridir.
“Vladimir Putinin şəxsi imici və hakimiyyəti böyük ölçüdə “güclü lider” obrazı üzərində qurulub. Müharibədən geri çəkilmək və ya “məğlubiyyət” kimi qəbul edilə biləcək bir sülh müqaviləsi imzalamaq, onun daxili siyasi nüfuzuna ciddi ziyan vura bilər. Rusiya dövlət mediası müharibəni “xüsusi hərbi əməliyyat” kimi təqdim edərək, Ukraynadakı “nasist rejiminin” ləğv edilməsi, rusdilli əhalinin qorunması və Rusiyanın “təhlükəsizliyinin təmin edilməsi” kimi bəhanələrdən istifadə edir. Bu təbliğat daxili ictimai rəyi müharibənin tərəfində saxlamağa kömək edir. Sülh danışıqları, bu narrativi sarsıda bilər. Müharibə şəraiti, müxalif səslərin boğulması və siyasi sıxışdırmalar üçün bir bəhanə rolunu oynayır. Sülh danışıqları, daxili siyasi gərginliyi artıra və rejimin sabitliyinə təhdid yarada bilər. Məhz buna görə Rusiya sülhdən qaçır. Elə İstanbul görüşlərinin nəticəsiz qalmasının əsl səbəbi də budur. Rusiya öz çirkin siyasətindən əl çəkmədikcə müharibə davam edəcək. İndiki halda heç Ukrayna tərəfi də sülhə maraqlı deyil” – deyə Arzuman Muradlı bildirib.