Rusiya Prezidenti Vladimir Putin Mərkəzi Hərbi Dairə komandanı Andrey Mordviçevə general-polkovnik rütbəsi verib.
General Mariupolu işğal edən ordu hissələrinə rəhbərlik edib, şəhər çoxsaylı itkilərdən sonra 2022-ci ilin mayında ələ keçirilib.
Xatırladaq ki, 2022-ci ilin martında Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı, Ukrayna Prezident Aparatının müşaviri və ölkənin Daxili İşlər Nazirliyi Mordviçevin Xerson aerodromunun atəşə tutulması nəticəsində öldürüldüyü barədə məlumat yayıb. Amma Rusiyanın “Birinci kanal”ı general-leytenantın Çeçenistan rəhbəri Ramzan Kadırovla söhbət etdiyi kadrları nümayiş etdirib.
Fevralda Mordviçev Mərkəzi Hərbi Dairə komandanı vəzifəsində general Lapini əvəz edib. O, ötən payızda Ukraynadakı Rusiya qoşunlarının uğursuzluqlarına baxmayaraq, Baş Qərargahda yüksək vəzifəyə irəli çəkilib.
Avropa İttifaqı ötən ilin iyun ayında Mordviçev və Lapini Ukraynadakı müharibədə iştirak etdiklərinə görə sanksiya siyahısına daxil edib.
Prezident V.Putinin Mordviçevin rütbəsinin artırılması haqqında fərmanı sentyabrın 7-də imzalanıb və rəsmi hüquqi informasiya portalında dərc edilib. Bundan başqa general-leytenant Gennadi Anaşkin general-polkovnik, general-mayor Aleksandr Şestakov isə general-leytenant rütbəsi alıb.
Anaşkin 2022-ci ildə Qarabağdakı Rusiya sülhməramlılarına komandanlıq edib və hazırda Cənub Hərbi Dairəsinin 8-ci birləşmiş ordu qrupuna rəhbərlik edir. Müdafiə Nazirliyinin son hesabatlarından onun Ukraynanın Luqansk vilayətinin işğal olunmuş hissəsindəki Rusiya ordusuna rəhbərlik etdiyini ehtimal etmək olar. Şestakov isə Rusiya Müdafiə Nazirliyinin Baş Zireh İdarəsinə rəhbərlik edir.
Mariupol 2022-2023-cü illərdə Ukraynada rus ordusu tərəfindən ələ keçirilən ən böyük şəhərdir. Ukrayna hakimiyyətinin nümayəndələri bildiriblər ki, şəhərin ələ keçirilməsi zamanı 25 mindən çox dinc sakin həlak olub.“AzPolitika.info”