image-2000x150
image-fd5ab5a0855e4c60278fa164f2005adabackend

Oyunçu apardı

image-728x90

“Külək istiqamətini dəyişəndə bəziləri divar tikir, bəziləri də yel dəyirmanı”

(Çin ata sözü)

Doğrudan da insanların və xalqların yaddaşı zəif olur, bunu son Türkiyə seçkilərinə bəzi münasibətlərdə gördük. Ərdoğanın partiyasının, ittifaqının parlamentdə səs çoxluğunu əldə etməsi, prezident seçkisinin 2-ci tura qalması (böyük ehtimalla o turda Ərdoğan qalib gələcək, çünki dünya üzrə ortalama statistika var: kim seçkinin birinci turunda üstün olursa, ikinci turda da onun qalib gəlməsi ehtimalı 85 faizdir) təəccübə səbəb olub. Örnək üçün, deyirlər soğan bahalaşıb, lirə ölüb, zəlzələ camaatı qırıb, insan haqları pisləşib, müxalifət birləşib və sairə. Yəni bütün amillər prinsipcə AKP və Ərdoğanın uduzacağını göstərirdi, bəs necə oldu təzədən seçkini uddular?

Məncə, bunun bir böyük səbəbi var: iqtidar nə qədər bacarıqsız olsa da, millət ona alternativ tapmadı, “yenə buna şükür” dedi. “Altılı masa” deməklə nərddə “altı qoşa” çıxartmaq effekti alınmır axı. Öncədən məlum idi ki, ora toplaşan partiyaların altısı birinə dəyməz. Kamal Kılıçdaroğlu və CHP qabaqlar nə qədər səs yığırdılarsa, yenə o səsi yığdılar. 2003-cü ildə biz təxminən belə tragikomik durumu yaşamışdıq. İsa Qəmbəri dəstəkləyən “Bizim Azərbaycan” bloku guya 32 partiya və ictimai təşkilatdan ibarət idi, lakin seçki günü və ondan sonra ortada yalnız müsavatçılar qalmışdı, həmin qurumların 32 nəfəri tapılmırdı.

İkincisi, AKP-yə qarşı ittihamlar irəli sürmək asandır, lakin türk xalqı onun hakimiyyətə gəlməsindən öncəki illəri unutmayıb. Məndə həmin vaxta aid türk pulları var idi. Elçibəyin dönəmində İstanbulda ali məktəbə qəbul olunan qardaşım tətillərdə gətirmişdi. 250 min türk lirəsi dəmir pul idi. Bizim dildə desək, qəpik. Son vaxtlara qədər evdə haradasa qalırdı, uşaqlara verirdim, dığırladıb oynadırdılar. İndi internetdə baxdım, 2001-ci ildə, Ərdoğan təzə-təzə hakimiyyətə gələn dönəmdə 1 ABŞ dolları 1 milyon 250 min türk lirəsi imiş. İnflyasiyanın miqyasını təsəvvür edin… Yəni hazırkı inflyasiyanı görən türk xalqı o dövrdəki inflyasiyanı da unutmayıb. O cümlədən 90-cı illərdə 10 ildə 10 dəfə dəyişən koalision hökumətlərin uğursuzluğu xalqın yadından çıxmayıb və bu, özünü seçki qutusu başında göstərir.

Həmçinin AKP-yə qədər PKK-çıların, cürbəcür kənar və iç düşmənlərin Türkiyədə at oynatması da yaddan çıxmamalıdır. Bu seçkidə səs faizlərinin xəritəsinə diqqətlə baxdım, rəngli mənzərə qəribə təəssürat oyadırdı. AKP və Ərdoğana səs verənlərin çox olduğu bölgələr “iç Anadolu” deyilən Türkiyənin mərkəzi regionlarıdırsa, onu istəməyənlər əsasən sınır və sahil bölgələrdədir (Ankara və İstanbul daxil). AKP narıncı rəngdə, onun müxalifəti isə qırmızı rəngdə idi, nəticədə Türkiyə qanlı-alovlu çənbərə, düşmən əhatəsinə alınmış şəkildə görünürdü! O cümlədən separatçıların çox olduğu kürd bölgələrində Kılıçdaroğlu ilə yanaşı YSP-nin (Öcalansevər Dəmirtaşın təzə partiyası) üstünlük qazanması sizə nəsə demirmi? Görünür, türk xalqına nəsə deyir. Həmin xəritə Atatürkün zamanındakı Türkiyə, Qurtuluş savaşı ilə paralellər aparanları doğruldur sanki. Ona görə də onlar yenidən Ərdoğanın partiyasını seçdilər.

Mahir siyasi oyunçu olan Ərdoğan bu seçkidən özü üçün nəticələr çıxaracaq. Çünki müxalifəti udmaq hələ hər şey deyil, AKP-nin və Ərdoğanın səslərində də ciddi azalma var. Ərdoğan son 20 ildə artıq bir neçə dəfə bu cür manevrlər edərək siyasətini dəyişib, daha doğrusu, ona yeni yön verib və bundan yalnız uduşla çıxıb. Məsələn, 2000-lərin əvvəlində Gülən tərəfdarları olan dindar kəsim AKP-yə dəstək verirdi, onun üzərindən öz işlərini görmək istəyirdilər. Necə deyərlər, “yemədilər, getdilər”. Yaxud öncə dindar-demokrat elektoratın könlünü alan AKP son illər millətçi-demokratlarla koalisiyadadır.

Dəli şeytan deyir ki, 28 maydan sonra AKP CHP ilə də yaxınlaşa bilər, çünki məntiqlə növbədə liberal-demokratiyadır. İnanmırsınız, inanmayın…

Zamin HACI

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90