Sənan Hüseynov – Nyu-York Elmlər Akademiyasının üzvü
İmdat Avşar dedikdə ilk olaraq ağlıma bu mütəfəkkir şəxsiyyətin qələmə almış olduğu “Göyərçin Sevdası” adlı kitabı yadıma düşür. İlahi, bu insan bir kitabda mərhəməti, iyiliyi, dostluğu necə də hərtərəfli şəkildə tərənnüm edib. Sadəcə “Göyərçin Sevdası” kitabı deyil İmdat Avşarın müəllifi olduğu hər kitab, məqalə, fikir belə xətlə davam edir və şübhəsiz ki, bu təşəbbüs istər çağdaş türk ədəbiyyatına, istərsə də Azərbaycan ədəbiyyatına verilən ən böyük töhfə və hədiyyədir.
Onun fikir dünyası şəksiz ki, soyuq ürəkləri alovlandırır, düşüncələri amalı qərqdən, qüssədən azad edərək sevinc və fəxarətə dəvət edir. Bu konteksdən baxsaq İmdat Avşarın qələminin gücü öz qüdrətini qoruyaraq bütün gənc yazarlara əsl nümunə və örnək rəmzidir.
İmdat Avşarın əsərlərindəki dilin xüsusi semantik dəyəri var. Hadisələri oxucunun gözlərində canlandırırmış kimi təsvir etməklə İmdat Avşar bizi dilin dramatizasiyasına aparır. Bu mənada, yazarın seyr etdirmə qabiliyyəti o qədər yüksək səviyyədədir ki, “Süsənləri solan bozqır”da itmiş bir dilin, artıq həyatda olmayan insanların, artıq olmayan duyğularını-yaşantılarını belə bədii axarda bizə təqdim edə bilir.
İmdat Avşarın hekayələrini oxuduqca, sanki, tək qardaş ölkəyə səfər etmirsən, bir az da bizim öz keçmişimizə -Mirzə Cəlilin, Sabirin, hətta Mirzə Fətəlinin təsvir etdikləri dövrlərə düşürsən.
İmdat bəy hekayələrində uydurmaçılığa qətiyyən yol vermir. Sadəcə, gördüklərini, müşahidə edərək hiss etdiklərini, içindən keçib gəldiyi yaşantıları qələmə alır. Onun hekayələrinin ana xətti çox bəsit, hətta bəzən çoxlarının görməzdən gəldiyi hadisələrin üzərində qurulur. Ədib qəhrəmanlarını elə təbii və sadə dildə danışdırır, onlara elə səs, nəfəs verir ki, oxucu o qəhrəmanların şəxsində özünü görür, öz yaşadıqlarını xatırlayır.
İmdat bəyin təltif olunduğu mükafatlar sırasında Azərbaycanla bağlı ödüllərin sayının çoxluğu yaradıcılığının böyük bir hissəsini Azərbaycan ədəbiyyatına həsr etməsindən qaynaqlanır. Mirzə Fətəlidən, Mirzə Cəlildən üzübəri tərcümə edə-edə gəldiyi və bu gün sevə-sevə təbliğ etdiyi Azərbaycan ədəbiyyatının ən doğması, fədakar dostu İmdat Avşarın yaxından təşəbbüsü ilə bu il həm də “Türk ədəbiyyatı” dərgisinin bir sayı Nizami Gəncəviyə həsr olunacaqdır. Bütün bu məqamlar “dildə və düşüncədə bir olan” iki qardaş dövlətin bütövlüyü ideyasının mədəni istiqamətdə daha aydın təzahürünü göstərməkdədir.