Hələ uşaq yaşlarımdan sevmişdim o torpağı. Nisgilinə bağlanmışdım, həsrəti ilə alov alırdım.
Anamdan dinləyərdim ora aid olan nə varsa. Bəlkə elə onun çəkdiyi həsrətdən doğmuşdu bu torpaq sevgisi—Qarabağ həsrəti.
Aran Qarabağlıyıq. Fəxr etdiyim , qürur duyduğum.. Harası olursa,olsun, Qarabağın bircə hərfinə də olsa,aid olum.
Uşaq vaxtdan Borsunlu Məzahir Daşqının bir sətri dolaşırdı həmişə ağlımda,dilimə əzbər etmişdim:
“Mən Borsunlu Məzahirəm,əslən qarabağlıyam”
Haralısan soruşmamış deyərdim,mən qarabağlıyam. Ağac hansı budağı yaralıdırsa, o tərəfə əyilərmiş. Bəlkə də ağrısına dözmürdüm, yanıb yaxılırdım o toprağın əsarətdə olmağına, onun üçün bu qədər idi bu sevgi?
Anamın,nənəmin təsvir etdiyi kimi sevdim, şəkillərdən gördüm, xatirələrdən yaddaşıma köçürdüm. Amma necə köçürdüm, necə sevdim, onu da deyim; Əli Kərim demiş;
“Susuzluğun od vurub köz kimi yandırdığı,
Dodaq su sevən kimi”
İllər keçdi… Bizə qayıdan torpağın hər qarışına göz yaşı tökdüm, qaytaranların qarşısında diz çökdüm, şəhidimi müqəddəs bildim, qazimə baş əydim.
Varmı daha ötəsi, dünyaya səs saldıq, bizim olan bizə döndü, Qarabağ Azərbaycandır, dedik.
Gün gəldi… Həsrətimi bitirməyə qərar verdim, həyəcanım və sevincimin həddi olmadığı gün.
Yolumuz Qarabağa idi.
Ürəyimin döyüntüsü qulağımı incidir, hislər qarma-qarışıq, sovruluram sağa-sola. Addım-addım yaxınlaşırıq o müqəddəs torpağa. İlk postu keçən kimi sevincimi göz yaşı əvəz edir, hər daşından,hər qarışından şəhid qoxusu gəlir buranın. Sürücü də anlayır, tez-tez saxlayır maşını bir kənarda, oxşayıram hər daşını, layla deyirəm şəhidimə:
Əzizim, buralıdır,
Yollarım sıralıdır,
Dindirməyin,dərdliyəm,
Ürəyim yaralıdır.
Mən aşiq, haralısan,
Təbrizdən aralısan,
Qardaş,sənə mən qurban,
De,niyə yaralısan?
Bir dillən,sədan alım,
Sədanı hardan alım?
Laçını alan oğlan,
Qalx,gəl mən qadan alım.
Kəlmələri düzə bilmədiyim anlar az olar mənim. Nədən təsirləndimsə,yazaram anındaca.
Şuşa-Laçından qayıtdığım az qala 1 ay ola, özümdə o gücü tapa bilmədim heç. Ha toparlandım, olmadı.
Naxçıvana gedən duz gətirər misalı… Qarabağın daşını,torpağını gətirdim anama, birdə Turşsu bulağının suyunu. Balaca bir ağac parçası götürmüşdüm,bilmirəm niyə, əlacım olsaydı dağları cibimə qoyub gətirərdim özümlə; doyunca baxaq, doyunca sevək deyə. Anam öpdü,gözünün üstə qoydu, evimizin ən dəyərli zinəti oldu. Deyir “mən qıymaram oranın torpağını ayaqlayam, yavaş yeri. Asta gəl,orda ərənlər yatır,orda şəhid qanı var…”
Dedim, Qadan alım, dincəl ta… Şuşan da bizimdir, Qarabağın da…
Gördüyüm-duyduğumu ancaq bu qədərini yaza bildim, yazdım ki, Vətəndən məktub var. Qalanı xatirəm olsun❤️
Şuşanın yolu fərman
Torpağı gözə dərman.
Sənə bir məktub yazım,
Yarı dərd, yarı dərman.
Gülər Mübariz