Oktyabrın 22-də Avropa İttifaqı və ABŞ Rusiyaya qarşı yeni sanksiyaları açıqladılar. Hər iki sənəd bilavasitə Rusiyanın enerji gəlirlərinin azaldılmasına yönəlib.
Aİ-nin sayca 19-cu olan sanksiyalar paketi 500 səhifədən çox olan yeddi sənəddən ibarətdir. Sənədə əsasən Aİ Rusiyadan maye qaz – LNG idxalına qadağa qoyur. Qadağa qısamüddətli müqavilələr üçün – altı aydan sonra; uzunmüddətli müqavilələr üçün – 2027-ci ilin yanvarından qüvvəyə minir.
Bundan əlavə, Aİ-nin “Rosneft” və “Qazprom Neft”lə əməliyyatlara qoyulan qadağaları sərtləşdirilib. Tatarıstanın neft sənayesində fəaliyyət göstərən sənaye holdinqi sanksiyaya məruz qalıb.
İlk dəfə olaraq Rusiya neftini alan Çin şirkətlərinə – iki neft emalı zavoduna və bir treyderə qarşı sanksiyalar tətbiq edilib.
Aİ Rusiyanın təyin olunan qiymət tavanından yuxarı satılan Rusiya neftinin daşınmasının qarşısını almaq üçün “kölgə donanması”nı idarə edən Litasco Middle East DMCC (BƏƏ-dəki Lukoil törəmə müəssisəsi) şirkətini sanksiya siyahısına salıb. Bu donanmanın qeyri-qanuni fəaliyyətinə şərait yaradan bayraq reyestrləri və gəmi istehsalçıları bloklanıb. Rusiya nefti, silah və ya Ukrayna taxılını daşıyan daha 117 gəmiyə (cəmi 557) limanlara giriş və dəniz xidmətləri qadağan edilib. “Kölgə donanması” gəmilərinin təkrar sığortasına qadağa tətbiq edilir.
Açıqlanan sənədə görə, Aİ sanksiyalardan yayınmaq üçün kriptovalyutaların istifadəsində artım qeydə alıb. Buna imkan yaradan rublla ifadə olunan stabilcoin A7A5-in tərtibatçısı, emitent və ticarət platforması sanksiyaya məruz qalıb. Aİ daxilində bu aktivlə bütün əməliyyatlar qadağandır.
Tacikistan, Qırğızıstan, BƏƏ və Honq Konqdan olan səkkiz bank və neft treyderinə əməliyyatlar qadağan edilib.
Aİ-nin sanksiya siyahısına beş Rusiya bankı da əlavə olunub: Istina, Zemsky Bank, Absolut Bank, MTS Bank və Alfa-Bank. Belarus və Qazaxıstanın dörd bankı da Rusiya ilə alternativ ödəniş sistemlərində iştiraka görə sanksiya siyahısındadır.
Aİ Rusiyanın Mir və SBP ödəniş sistemləri ilə qarşılıqlı əlaqəni qadağan edir. Rusiyanın doqquz xüsusi iqtisadi zonasında şirkətlərin fəaliyyətinə məhdudiyyətlər sərtləşdirilib.
Rusiya hərbi-sənaye kompleksində fəaliyyət göstərən iş adamları və şirkətlərinə, həmçinin BƏƏ və Çindən ikili təyinatlı məhsul tədarükçülərinə qarşı sanksiyalar tətbiq edilib.
Siyahıda Rusiyaya göndərilmiş KXDR ordusunun general-leytenantı Ça Yonq Beom da var.
Rusiya hərbi-sənaye kompleksini dəstəkləyən 45 şirkətə, o cümlədən CNC dəzgahları, elektronika, dron və texnologiya tədarükçülərinə məhdudiyyətlər qoyulub. Bunlardan 17-si Rusiyadan kənarda yerləşir: 12-si Çində (Honq-Konq daxil olmaqla), üçü Hindistanda, ikisi Taylandda.
İxracına qadağa qoyulan malların siyahısı genişləndirilib, mikroelektronika, barıt kimyəvi maddələr, metallar, oksidlər, rezin məmulatları, borular, şinlər və tikinti materialları daxildir.
Neft-kimya sektoru üçün vacib olan bütün asiklik karbohidrogenlərin alınmasına və idxalına qadağa qoyulub. Rusiyanın ən böyük qızıl mədənçisi Polyus PJSC və mədən şirkəti Evraz Plc sanksiyalar siyahısına əlavə edilib.
Rusiya hökumətinə təqdim edilən hər hansı xidmətlər indi Aİ-nin əvvəlcədən razılığını tələb edir. Avropa şirkətlərinə Rusiyada turizm xidmətləri göstərmək qadağan olunub.
Ukraynadakı müharibədə Rusiyaya dəstək verən Belarusun beş müdafiə sənayesi müəssisəsi və Lukaşenko rejimi ilə əlaqəli qurumları sanksiyaya məruz qalıb.
Aİ tədbirləri indi Rusiyaya qarşı ticarət məhdudiyyətlərini əks etdirir. Bank işi, süni intellekt, kvant hesablamaları və məlumatların təhlili məhsulları da daxil olmaqla proqram təminatına qoyulan qadağa genişləndirilib.
Aİ ilə eyni gündə ABŞ-də da Donald Tramp hakimiyyətə qayıdandan bəri ilk dəfə Rusiyaya qarşı sanksiya qərarı alınıb. Qərar Rusiyanın neft ixracının 60 faizindən çoxunu həyata keçirən enerji nəhənglərinə – “Rosneft” və “Lukoyl” şirkətlərinə aiddir. Rusiyada neft hasilatının təxminən 40 faizi “Rosneft”in payına düşür. 2024-cü ildə şirkətin karbohidrogen hasilatı 255,9 milyon ton neft ekvivalenti təşkil edib
“Lukoyl”un Rusiya istehsalındakı payı təxminən 15 faiz təşkil edir. 2024-cü ildə İraqdakı Qərbi Qurna-2 layihəsi istisna olmaqla, neft və qaz kondensatı hasilatı 80,4 milyon ton neft ekvivalenti təşkil edib.
Sanksiya siyahısına “Lukoyl”un altı törəmə şirkəti, o cümlədən öz məlumatlarına görə, qrupun karbohidrogen hasilatının təxminən 40 faizini təşkil edən LUKOIL-Qərbi Sibir daxildir. “Rosneft”in sanksiyaya məruz qalan 28 şirkəti, o cümlədən Vankor neft və qaz-kondensat yatağının işlənməsini həyata keçirən Vankorneft və bir neçə neft emalı zavodunun operatoru var.
ABŞ-nin Rusiya enerji nəhənglərini hədəf alması dünya mətbuatında geniş müzakirələrə səbəb olub. Bloomberg xəbər verir ki, ABŞ prezidenti sözün əsl mənasında son anda fikrini dəyişib. Hindistan neft emalı zavodunun rəhbərləri “Bloomberg”ə bildiriblər ki, Rusiyadan enerji məhsullarının alınması indi praktiki olaraq mümkün deyil. Onlar deyirlər ki, bu, sənayeyə böyük zərbədir – Moskva 2023-cü ildə Nyu-Dehlinin ən böyük neft mənbəyi olub.
“The New York Times” yazır ki, hətta Co Bayden Rusiyadan enerji alan Amerika müttəfiqlərinə zərər verməmək üçün “Rosneft” və “Lukoyl”a məhdudiyyətlər qoymaqdan çəkinib. Qəzetin mənbələrinə görə, sanksiyalar həqiqətən də böyükdür və Trampın Putindən məyusluğunun prinsipcə yeni səviyyəsini vurğulayır. Əvvəllər Ağ Ev rəhbəri yalnız əhəmiyyətli tədbirlər görməklə hədələyirdi, yalnız son anda fikrini dəyişdirib.
Bu arada ABŞ Maliyyə Nazirliyi CNN-ə bildirib ki, oktyabrın 23-də Vaşinqton rəsmiləri ilə Brüsselin sanksiyalar üzrə xüsusi nümayəndəsi Devid O’Sullivan arasında görüş gözlənilir.Kanalın mənbələrinə görə, digər əsas məsələ “Rosneft” və “Lukoyl”la iş aparan ölkələrdə neft emalı zavodlarına qarşı ikinci dərəcəli məhdudiyyətlərin mümkün tətbiqi olacaq.
Qeyd edək ki, ABŞ hər iki Rusiya şirkətinin Azərbaycan və Qazaxıstandakı layihələrinə istisna olaraq güzəşt tətbiq edib. Lakin bildirilir ki, “Lukoyl”un Azərbaycandakı layihələrinə münasibətdə güzəşt Böyük Britaniyanın tətbiq etdiyi güzəştin eynisidir, lakin Qazaxıstandakı layihələr üçün müddətsizdir. Xatırladaq ki, oktyabrın 15-də “Lukoyl” və “Rosneft”ə sanksiya tətbiq edən Böyük Britaniya onların Azərbaycan və Qazaxıstandakı layihələrinə 14 oktyabr 2027-ci ilədək güzəşt verib. Bu o deməkdir ki, ABŞ öz şirkətlərinin iştirak etdiyi Qazaxıstan layihələrinə daha üstün güzəşt verib.
ABŞ, Böyük Britaniya və Aİ-nın Rusiyanın enerji sektoruna qarşı sanksiyalarının Azərbaycana bir sıra təsirləri ola bilər. Bura birinci növbədə Rusiyadan neft ixracının çətinləşməsi fonunda dünya bazarında bu xammalın qiymətinin artması daxildir. ABŞ sanksiyaları elan olunan kimi qiymət 61 dollardan 66 dollara qədər yüksəldi. Lakin analitiklərə görə, bu yüksəliş qısamüddətli olmaqla hazırkı səviyyədən yuxarı qalxma ehtimalı çox cüzidir. Çünki hətta Rusiya nefti böyük ölçüdə bazardan çıxsa belə, digər istehsalçıların onun yerini doldurmaq imkanları yetərincədir.
Enerji məsələləri üzrə eksert İlham Şabanın “Yeni Müsavat”a dediyinə görə, yeni sanksiyaların əsas məqsədi Rusiyanın enerji gəlirlərini azaltmaq, yəni neftin hasilatı və ticarətindəki gəlir axınlarını məhdudlaşdırmaqdır: “Bu, çox ciddi məsələdir. ABŞ Maliyyə Nazirliyinin xüsusi qərarı ilə qəbul edilən sanksiya Avropa İttifaqı, yaxud Böyük Britaniyanın sanksiyalarına qəti bənzəmir, qat-qat təsirli və sərtdir. Neft iştreyderləri qlobal bazara neft təklifi riskini qiymətləndirməyə başladılar, çünki “Rosneft” və “Lukoyl” birlikdə Rusiyanın gündəlik hasilatının təxminən yarısını təmin edirlər (yəni 4,5-5 milyon barel/gün). Bu, qlobal bazarlar üçün kifayət qədər təsiredici çəkiyə malik həcmlərdir.
Qısamüddətli dövrdə (1-2 ay) dünya neft bazarları üçün xammal qıtlığı gözlənilmir, çünki OPEC+ ölkələri (xüsusən Səudiyyə Ərəbistanı və BƏƏ) əlavə hasilat ehtiyatına malikdir. ABŞ və Qərb şirkətləri öz hasilatlarını artırmaqla bazardakı kəsiri qismən kompensasiya edə bilərlər.
Bir məsələyə də diqqət yetirmək lazımdır ki, Rusiyanın “kölgə donanması” (Çin, Hindistan, BƏƏ üzərindən) hələ də tam bağlanmayıb və əvvəlki sanksiyalara baxmayaraq, hələ də bazarların müəyyən hissəsinə Rusiya nefti daşınmaqdadır”.
Ekspert bildirir ki, ABŞ-nin “Lukoyl”a qarşı sanksiyası Azərbaycan üçün bir sıra məqamlara görə təsirsiz ötüşməyəcək: “”Lukoyl”a qarşı faktiki olaraq çəpərləmə əməliyyatı həyata keçirilir. Onun xarici ölkələrdəki layihələrinin yolu bağlanır. Düşünürəm ki, bu, “Lukoyl”un Türkiyədəki fəaliyyətlərinə kəskin təsir edəcək. Avropa İttifaqı artıq Rusiya neftindən emal olunan yanacağın öz ərazisinə idxalına qadağa qoyub. ABŞ isə Rusiyanın neft ixracının 60 faizə qədərini verən şirkətlərin yollarını bağlayıb. Məncə, Türkiyə hökuməti, həmçinin orada iş görən SOCAR bunu nəzərə almalı olacaqlar. Azərbaycan heç vaxt sivil dünyanın getdiyi yoldan kənarda qalmayıb, bu dəfə də qalmayacaq. SOCAR-ın Star zavodunun ixrac olunan emal məhsullarının hamısı Avropaya satılır. Buna görə də bu satışın davam etməsi üçün xammalın Rusiyadan alınmadığını sübut etməli olacaq”.
Qeyd edək ki, ABŞ və Böyük Britaniya “Lukoyl”un Azərbaycandakı layihələrinə 2 illik güzəşt dövrü tanıyıblar. İ.Şabanın sözlərinə görə, bu müddət bitənə qədər Rusiya Ukraynadakı işğalçı müharibədən geri durub sülhə nail olmasa, “Lukoyl” məcburən Azərbaycandakı aktivlərini satmalı olacaq: “Şirkətin “Şahdəniz” layihəsində 19,99 faiz, Cənubi Qafqaz Qaz Boru Kəmərində 19,99 faiz payı var. Bir vaxtlar İranın NİOK şirkəti də sanksiya siyahısına salınsa da, sonra ona qarşı istisna olundu. Lakin “Lukoyl”la bağlı güzəştin müddətinin uzadılıb-uzadılmaması yaxın 1 ildə Rusiya ilə Qərb arasındakı münasibətlərin inkişafından asılı olacaq. Hər hansı razılıq olmasa, şirkət nəinki Azərbaycan, həmçinin Özbəkistan, Türkmənistan, İraqdakı layihələrdən də kənarlaşdırıla bilər”.“Yeni Müsavat”






















