image-2000x150
image-43d41ba2-172c-4699-8406-17cddd9b20c7backend

KOLBASALARIN TƏRKİBİ HAQDA EKSPERTDƏN ŞOK AÇIQLAMA – “Donuzun dərisindən belə istifadə edilir”

image-728x90

Kolbasa və sosiska Azərbaycanda ən çox istehlak olunan məhsullar sırasındadır. Amma zaman-zaman mediada da kolbasa və sosiska məhsullarından zəhərlənmələrin olması faktları olub. Ən çox narahat doğuran məsələ isə açıq şəkildə satılan məhsullardır ki, bunlarla bağlı bir sıra suallar ortaya çıxır. Qeyd edək ki, ölkəmizdə aylıq olaraq adambaşına təxminən 0,25 kq kolbasa və sosis məmulatları istehlak edilir.

Bəs bu məhsulları alarkən hansı amillərə diqqət etməliyik? İstehlakçı olaraq istehsalçı şirkətlərdən və dövlət qurumlarından hansı məsələləri tələb etməliyik?

“Artıq 30-40 ildir ki, bitki mənşəli zülal və yağlardan istifadə edərək süni yolla ət alınır”. Bunu “Qaynarinfo”ya iqtisadçı ekspert Vahid Məhərrəmov deyib.

Onun sözlərinə görə, uzun illərdir kolbasa-sosis məhsullarını yalnız mal, qoyun, toyuq, donuz əti deyil, həm də bitki mənşəli zülallardan, yağlardan əldə edilmiş süni ətlərdən istehsal edirlər: “Azərbaycan kimi alıcılıq qabiliyyəti aşağı olan ölkələrdə belə məhsullar istehlakçılara təqdim olunur və onlar həmin məhsullardan geniş istifadə edirlər.
Ətraflı

Bu gün kolbasanın qiymətinin 6 manat, yaxud da bir ədədinin 6 manat olması, hətta 2 manat 50 qəpiyə satılması təbiidir. Yəni bu, heç də o demək deyil ki, həmin kolbasanın tərkibində dana, inək, qoyun, donuz əti var. Hətta diqqətlə baxsanız, Rusiyadan gələn kolbasaların tərkibində ətin miqdarının çox az olduğunu görə bilərsiniz. Həmin kolbasaların istehsalında donuzun dərisindən belə istifadə edilir.

Mövzu ilə bağlı “musavat.com”-a danışan qida təhlükəsizliyi üzrə ekspert Yusif Həkim isə deyib ki, bununla bağlı bizdə yanlış tendensiya müşahidə edilir: “Mağaza rəflərində olan hər hansı məhsulda problem olduqda hamımız yalnız istehsalçı şirkətləri günahlandırırıq və onlardan hesab vermələrini gözləyirik. Lakin məsələ tam olaraq belə deyil. Dünya praktikasında da marketlərdən alış edilən zaman problem varsa, istehlakçı ticarət nöqtəsindən keyfiyyətə nəzarət etməsini tələb edir. Çünki bunun bir neçə səbəbi var. İlk növbədə biz istehlakçı olaraq marketlərin müştərisiyik və onlar mənfəət əldə etdikləri işi keyfiyyətli təşkil etməlidilər. Hər bir ticarət nöqtəsinin keyfiyyətin təmin olunması və keyfiyyətə nəzarət şöbə və ya departamentləri var. Bəs necə olur ki, belə keyfiyyətsiz məhsullar marketlərin rəflərinə kimi gedib çıxır? Burdan belə qənaətə gəlirik ki, həmin işlər sadəcə “kağız” üzərində qurulub və real nəzarət yoxdur. Ona görə də istehlakçı olaraq marketlərdən də saxlama şəraitinə riayət etmələrini və rəflərdə yalnız keyfiyyətli məhsul sərgiləmələrini tələb etməliyik.

Baxmayaraq ki, ölkəmizdə ərzaq üçün standartlar könüllü xarakter daşıyır, amma istehsal şirkətləri kolbasa və sosiska istehsalı üçün əsasən 6 standarta müraciət edirlər. Bunlar ГОСТ 31498-2012 “Uşaq qidası üçün kolbasa”, AZS 129-2005 “Uşaq qidası üçün kolbasa”, AZS 100-2003 “Bişmiş kolbasalar. Ümumi texniki şərtlər”, AZS 088-2003 “Bişirilmiş-hisə verilmiş kolbasalar. Ümumi texniki şərtlər”, AZS 104-2003, “Yarım hisə verilmiş kolbasalar. Ümumi texniki şərtlər” və AZS 117-2004 “Sosikalar, sardelkalar və ət çörəkləri. Ümumi texniki şərtlər” standartlarıdır. Hər bir standart məhsulların orqanoleptik və fiziki-kimyəvi xüsusiyyətlərini özündə əks etdirir. Əgər məhsulun üzərində bu standartlar varsa, tələb olunan xüsusiyyətlər barədə məlumatlı olasınız. Misal üçün, AZS 088-2003 standartının tələbləri – nəmlik maksimum 43% olmalıdır, xörək duzu maksimum 5% olmalıdır, nitrit maksimum 0,005% olmalıdır”.

Yusif Həkimin sözlərinə görə, mikrobioloji göstəricilərlə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin 19 nömrəli qərarı nəzərdən keçirilə bilər: “Market rəflərində bəzən etiketlənmə qaydalarına riayət olunmur. Əslində, birinci növ olan məhsullara da “əla növ” yazırlar. Belə hallar gördükdə dərhal AQTA məlumat mərkəzinə məlumat verilməlidir. Çünki belə hallar “Qida Təhlükəsizliyi haqqında” qanunun 17-ci maddəsinin tələblərinin pozulmasıdır və bunun üçün İnzibati Xətalar Məcəlləsinin 447.0.3 maddəsi ilə cərimə nəzərdə tutulur. Bu sahədə ciddi boşluqlar var. Ona görə də bu sahədə şəffaf rəqabətin təşkili və istehlakçıların hüquqlarının qorunması üçün mütləq yeni standartlar qəbul edilməlidir. Standartlaşdırma olmadığı üçün mexaniki ayrılmış toyuq və ya hinduşka ətindən (farşdan) istifadə edən və ancaq toyuğun file ətini və ya mal əti istifadə edən istehsalçılar arasında fərq yoxdur, hər ikisi də məhsullarının üzərində “əla növ” qeyd edə bilərlər. Bu da istehlakçıların keyfiyyətli məhsul seçiminə mane olur və onların hüquqlarını pozur. Halallıq, keyfiyyət və təhlükəsizlik məsələləri istifadə edilən xammallar üçün vacibdir. Yəni istifadə edilən quş, mal və ya qoyun əti tələblərə cavab verməlidir (antiobiotik, pestisidlər, GMO, halal kəsim və s. şərtlər). İstifadə edilən qida əlavələri və qılaflar da tələblərə uyğun olmalıdır (təhlükəsizlik və halallıq şərtlərinə uyğun olmalıdırlar). Çox təəssüf ki, ölkəmizdə mövcud kolbasa və sosiska istehsal şirkətlərinin “texnoloqları” əslində müxtəlif peşə sahibləridir. Ona görə də daima istifadə edilən inqrediyentlərdə risklər mövcud olacaq. Bu riskləri minimuma endirmək üçün bazarda tanınan və mənşəyi bilinən markalardan istifadə etmək lazımdır. Çalışın məhsulları saxlama şəraitinə riayət edən marketlərdən alasınız. Açıq havada, piştaxtaların üzərində satılan yerlərdən kolbasa və ya sosiska məhsulları almayın. Bu yerlər istər bazar olsun, istər də müsəlmanların ibadət etdiyi məscidlərin qarşısı olsun! Unutmaq olmaz ki, kolbasa və sosiska məhsulları “soyuq zəncir” tələb edən məhsullardandır. Onlar mütləq 0-6 dərəcə temperaturda saxlanılmalıdır”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90