Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Cəmil Cəlilovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Ulusal.az-ın əldə etdiyi məlumata görə, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət təqibinə xitam verilib.
İttihama görə, hadisə 17 aprel 2024-cü il tarixdə, saat 11 radələrində Abşeron rayonu ərazisində qeydə alınıb.
Belə ki, Cəmil Cəlilov ailə üzvləri ilə birlikdə yaşadığı ünvanda arvadı, zərərçəkmiş Mənsurə Cəlilova (şərti) ilə mübahisə edib. Mübahisəyə səbəb isə qadının ona çay süzüb verməməsi, habelə ailə daxili digər narazılıqlar səbəb olub. Bu zaman təqsirləndirilən şəxs arvadının üzərinə hücum edərək qəsdən onun hər iki əl, qol nahiyələrindən tutub sıxıb. Sonra o, əl, yumruq zərbələri ilə qadının sifət, baş və bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmaqla itələyərək yerə yıxıb. Cəmil yerdə olan Mənsurənin bədəninin müxtəlif nahiyələrindən ardıcıl təpik zərbələri vuraraq ona xəsarət yetirib.
Hadisədən sonra Cəmil Cəlilov saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilib.