image-rt-reklam
image-media-kemaleddinqafarovyeni-ty6xemr38pklwob09a5nbackend

Kamaləddin Qafarov: “Biz bu günün gələcəyinə həmişə inanırdıq”

image-728x90

“Azərbaycan 2020-ci il sentyabr 27-də başladığı və Ali Baş Komandan İlham Əliyevin möhtəşəm hərbi strategiyası, Şanlı Ordumuzun şücaəti və xalqımızın dəyanəti sayəsində 44 günə tarixi Qələbə ilə başa vurduğu II Qarabağ savaşının nəticəsi olaraq öz torpaqlarının işğalına son qoydu. Həmin vaxt bəziləri hərbi əməliyyatların 10 noyabrda dayandırılmağını dəstəkləmir, Xocalıya, Xankəndiyə, Xocavəndə niyə girmədiyimizi dönə-dönə sual edir, bu məsələni qızğın müzakirə obyektinə çevirməyə çalışırdılar. Budur, Qələbəmizin üçüncü ili tamam olmamış Azərbaycan bayrağı artıq Qarabağın və Şərqi Zəngəzurun istisnasız bütün ərazilərində qürurla dalğalanır.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib ki, oktyabrın 15-də Ağdərə, Xocalı, Xankəndi, Xocavənd şəhərlərində, eləcə də bir çox digər ərazilərdə Azərbaycan Respublikasının Dövlət Bayrağını şəxsən qaldıran Prezident İlham Əliyev bir daha göstərdi ki, hər işi öz vaxtında görmək lazımdır.”Öz Prezidentinə sonsuz inamı və güvəni olan Azərbaycan xalqının böyük əksəriyyəti bu günün tezliklə gələcəyini bilirdi və bu tarixi gün gəldi. Azərbaycan xalqı İlham Əliyevə ilk dəfə 20 il bundan əvvəl etimad göstərərək Ulu Öndərimizin siyasi varisi kimi Ölkə Prezidenti seçdiyi gündən keçən müddət ərzində bu inam daim artmış və möhkəmlənmişdir. Bu gün isə, möhtərəm dövlət başçımız Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı artıq bütün məsələlərə son nöqtəni qoymaqla, bir daha isbat etdi ki, nəyi, necə, nə vaxt etmək lazımdır, onu cənab Prezident özü yaxşı bilir.”

K.Qafarov deyib: “Bu il Azərbaycanda, eləcə də bir sıra dost xarici ölkələrdə il boyu Ulu Öndər Heydər Əliyevin yüz illiyi təntənə ilə qeyd olunur. Cənab Prezident İlham Əliyevin oktyabrın 15-də Xankəndidə etdiyi tarixi çıxışında qeyd olunduğu kimi, bu gün Ümummilli Liderimizin də, Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin də ruhları şaddır. Azərbaycan xalqı öz müdrik Prezidentinin və Müzəffər Ali Baş Komandanının rəhbərliyi ilə Ulu Öndərin ən böyük vəsiyyətinə əməl edərək düşməni torpaqlarımızdan qovdu, Qarabağı və Şərqi Zəngəzuru yenidən Azərbaycana qovuşdurdu. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti 1923-cü ildə Azərbaycan torpağında heç bir tarixi, coğrafi və siyasi əsas olmadan yaradılmışdı. Bu da bir tarixi həqiqətdir ki, məhz 1969-1982-ci illər bütün sovet Azərbaycanı kimi, Qarabağın da ən sürətli inkişaf dövrü olub. Məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi o illərdə Ulu Öndərimizin təşəbbüsü ilə regiona böyük investisiyalar qoyulmuşdu. Bölgənin, eləcə də kənd təsərrüfatının inkişafı üçün 1976-cı ildə Sərsəng su anbarı, Suqovuşan su anbarı inşa edilmişdi. Yenə də həmin illərdə Ağdamdan Xankəndiyə dəmir yolu çəkilmiş, burada ali məktəb yaradılmış, eləcə də Xankəndidə hazırda mövcud olan binaların mütləq əksəriyyəti məhz o dövrdə inşa edilmişdir. Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi həmin illərdə, eləcə də Ulu Öndərimizin Moskvada, artıq SSRİ-nin ən yüksək rəhbər vəzifələrinin birində çalışdığı dövrdə bütün Qarabağda insanlar sabitlik və əmin-amanlıq içərisində, mehriban qonşuluq münasibətləri şəraitində yaşayırdılar. Bu vəziyyət isə yalnız 1987-ci ildə Heydər Əliyev öz vəzifəsindən kənarlaşdırıldıqdan sonra kəskin şəkildə dəyişdi. Bu hadisədən iki həftə keçməmiş erməni millətçiləri məsələ qaldırdılar ki, Dağlıq Qarabağ Muxtar Vilayəti (keçmiş) Azərbaycandan ayrılaraq Ermənistana verilsin. Çox diqqətəlayiq haldır ki, Moskvada oturan erməni millətçisi tərəfindən qaldırılan bu məsələ məhz Fransanın bir qəzetində Avropa ictimaiyyətinə təqdim olundu. Bundan sonra erməni millətçiləri Xankəndini faktiki olaraq zəbt etdilər. Bu gün Azərbaycan Prezidentinin müqəddəs bayrağımızı qaldırdığı meydanda həmin illərdə ard-arda anti-Azərbaycan şüarları ilə mitinqlər keçirilirdi və bu, millətçiləri daha da ruhlandırırdı. Cəmi altı il Heydər Əliyevsiz qalmış Azərbaycanın başına bu müddət ərzində olmazın faciələr gəldi. Öz çıxışında cənab Prezident İlham Əliyev son dərəcə dəqiq vurğuladı ki, bu gün o tarixə qayıdarkən və həmin hadisələri təhlil edərkən bir daha görürük ki, heç bir şey təsadüfi olmayıb və faktiki olaraq baş verənlərə münasibətdə mahiyyət etibarı ilə heç nə dəyişməyib. Həmin ölkələr ki, 1992-1993-cü illərdə Ermənistanın yanında idi, erməniləri işğala təhrik edirdi, işğalı dəstəkləyirdi və onlara bəraət qazandırırdı, 30 il sonra da eyni ölkələr Ermənistanı yeni hərbi avantüralara təhrik edirlər. Lakin onlar fərqinə varmaq istəmirlər ki, bununla erməni xalqını daha böyük faciələrə sürükləyə bilərlər.”

K.Qafarov Azərbaycan xalqının ölkəmizi bugünkü zəfərlərə aparan yola məhz 1993-cü ildə qədəm qoyduğunu xüsusi vurğulayıb: “Azərbaycan xalqı 1993-cü ildə Ulu Öndər Heydər Əliyevi Ölkə Prezidenti seçməklə öz müdrikliyini bir daha göstərdi. Məhz həmin il xalqımız və dövlətimiz Azərbaycanı bugünkü qələbələrə gətirən yolda ilk və ən vacib addımını atdı. 1993-2003-cü illər ərzində ölkəmiz böyük inkişaf yolu keçdi. Son 20 il ərzində isə, bu inkişaf daha da sürətləndi. Bu illər ərzində Azərbaycan gücləndi və cənab Prezident İlham Əliyevin səyləri nəticəsində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü siyasi və hüquqi zəmin yaratdı. Azərbaycan güclü iqtisadiyyat yaratdı və bu iqtisadiyyatın sayəsində qüdrətli ordu quruculuğu işini uğurla həyata keçirdi. Cənab Ali Baş Komandanın rəhbərliyi ilə elə bir güclü ordu yaradıldı ki, bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər. Şanlı Ordumuz bunu döyüş meydanlarında sübut etdi. Üç il bundan əvvəl Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşmən kapitulyasiya aktına imza atmağa məcbur edildi. Keçən ay isə cəmi 23 saat davam edən antiterror əməliyyatı Azərbaycanın gücünü bir daha göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu. Bununla da Azərbaycan bütün ölkə ərazisində tam suverenliyini bərpa etdi. Bu gün xalqımız haqlı olaraq ölkənin Silahlı Qüvvələri ilə fəxr edir. Möhtərəm dövlət başçımızın dediyi kimi, təkcə Azərbaycan vətəndaşları deyil, dünyada yaşayan on milyonlarla soydaşımız Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir. Çünki Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq. Bizdən sonra gələn nəsillər də bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90