image-2000x150
image-img-20230526-wa0074backend

İstiqlal bəyannaməsi

image-728x90

Hər bir xalqın milli varlıq və özünüdərkinin ali təzahür forması olan müstəqil dövlət ideyasının praktik həyata vəsiqə alması əsrlərlə davam edən tarixi mücadilə nəticəsində mümkün olur. Dünyanın ən qədim etnoslarından biri olmaqla, bəşər sivilizasiyasına böyük töhfələr vermiş azərbaycanlılar da taleyin qismətindən minilliklər boyu milli özünəməxsusluğunu şərtləndirən keyfiyyətləri, milli dövlətçilik ənənələrini yaşatmaq, azadlıq, müstəqillik nemətinə qovuşmaq üçün ən çətin və sərt sınaqlardan çıxmışlar. Bu baxımdan azərbaycanlıların da milli dövlətçilik şüurunun və ənənələrinin inkişafı prosesi uzun əsrlər boyu davam etmiş, xalqın formalaşma, təşkilatlanma və özünütəsdiqləmə prosesinə əsaslı təkan vermişdir.
İstiqlal bəyannaməsi Azərbaycan Milli Şurasının 1918 il mayın 28-də Tiflisdə, keçmiş Qafqaz canişininin iqamətgahında keçirilən iclasında qəbul olundu. Milli Şuranın bu iclasına Həsən bəy Ağayev sədrlik edirdi. Altı bənddən ibarət olan bəyanaməni (bu sənədi o dövrdə Əqdnamə və ya Misaqi-milli də adlandırırdılar) Azərbaycan Milli Şurasının üzvləri Həsən bəy Ağayev, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Camo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyli, Nəriman bəy Nərimanbəyov, Cavad Məlik-Yeqanov və Mustafa Mahmudov imzaladılar. Beləliklə, Azərbaycanın istiqlaliyyəti elan olundu və Nazirlər Şurasının sədri Fətəli xan Xoyski mayın 30-da radioteleqrafla Azərbaycan Xalq Cümhuriyyətinin yaranması barədə dünyanın əksər siyasi mərkəzlərinə rəsmi məlumat verdi.
İstiqlal Bəyannaməsinin qəbulu Azərbaycan Xalq Cümhuriyyətini Müsəlman şərqində ilk parlamentli respublika, türk və İslam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsinə çevirdi.
1919-cu ilin 28 mayda İstiqlal Bəyannaməsinin elan olunmasının bir illiyi münasibətilə Bakıda böyük bayram yığıncağı keçirildi. Parlament binası önündəki kürsüdən ilkin olaraq M. Ə. Rəsulzadə çıxış etdi. «Azərbaycan» qəzeti (rusca) 31 may 111 saylı nüsxəsində belə yazırdı: «Xalq onu (M. Ə. Rəsulzadəni) təsvirolunmaz dərəcədə, uzun müddət kəsməyən gurultulu alqışlarla qarşıladı». Dövrün qəzet və jurnalları bu mühüm günün ildönümünü belə təsvir edirdilər: «Azərbaycan istiqlalı elə qiymətdar, elə müqəddəs bir sevgilidir ki, hər şəkildə olursa-olsun, təcəssüm etdirilərsə, bütün azərilərin fərdənfərd ona sitayiş etməsi fərzi də təbiidir, zira onun yolunda verilən qurbanlar heç bir məbudun yolunda verilməmişdir».Lakin, eyni gündə kommunistlərin “Müstəqil Sovet Azərbaycanı” şüarı altında Azərbaycanın müstəqillik bayram yubileyinə qarşı işçi nümayişi keçirilmişdi.
Tezliklə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Azərbaycanın müstəqilliyinin elan edilməsi günü azərbaycanlı mühacirlər tərəfindən, Azərbaycandan kənarda qeyd edilmişdir. Bu baxımdan, Əlimərdan bəy Topçubaşovun “Qafqazlılar arasında” məqaləsində, Parisdə 1926-cı ildə Azərbaycan Respublikasının müstəqilliyinin elan olunmasının 8-ci ildönümünün qeydi təsvir olunur.
1990-cı ildən Azərbaycanda Respublika günü dövlət bayramı kimi qeyd edilir.
2007-ci il 25 may-da İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqlal bəyannaməsi abidəsinin açılışı olub. Qranitdən və ağ mərmərdən yonulmuş, abidə üzərinə 1918-ci il mayın 28-də Tiflisdə qəbul olunmuş “İstiqlal Bəyannaməsi”nin həm əski, həm də latın əlifbası ilə mətni həkk olunub. Açılış mərasimində prezident İlham Əliyev iştirak edib. Abidə Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun binası ilə Azərbaycan Dövlət İqtisad Universitetininbinası arasında ucaldılıb.

Hüseynli Billurə -Azərbayacan Dövlət Pedaqoji Universiteti

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90