image-2000x150
image-1663055484-nikol-pashinyan_1-2backend

İrəvandan Bakıya hiyləgər Qarabağ şərti – Azərbaycan öz “ayağı”na güllə atmayacaq!

image-728x90

“Sülh göyərçini” Paşinyan və komandası “müharibə partiyası”na çevrilməyin bir addımlığında; ABŞ-ın daha bir diplomatik həmləsi nə verəcək? Qərb nəşri: “Ermənistan indiki vəziyyətində bütün regiona təhlükədir…”
Ermənistan rəhbərliyinin sülh oyunbazlığına rəğmən, Azərbaycan öz konstruktiv mövqeyinə və barışıq kursuna sadiq qalmağa çalışır. Bunu srağagün xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Derek Hoqanla telefon danışığı zamanı bir daha söyləyib. Bildirib ki, rəsmi Bakı sülh gündəliyinin irəli aparılması istiqamətində səylərin davam etdirilməsində qərarlıdır.

Söhbət əsnasında nazir Ermənistan tərəfindən törədilən davamlı hərbi-siyasi təxribatların Azərbaycanın sülh və quruculuq səylərinə xələl gətirdiyini də vurğulayıb. Bu xüsusda, Ermənistanın hələ də silahlı qüvvələrini Azərbaycan ərazisindən tam çıxarmadığı, Azərbaycanın erməni sakinlərinin reinteqrasiya səylərinə maneçilik törətdiyi, Laçın yolundan sui-istifadənin qarşısını almaq məqsədilə sərhəd-keçid məntəqəsi yaradılması təklifinə qarşı çıxdığı barədə məlumat verib.

Eyni sıraya İrəvanda Azərbaycan bayrağına qarşı törədilən barbarlığı, habelə əsir götürülən iki əsgərimizə verilən işgəncə və açılan qondarma cinayət işini də əlavə eləmək olar.

Maraqlıdır ki, aprelin 17-də D.Hoqanla telefon danışığı ilə eyni gündə C.Bayramov Bakıya qəfil səfər edən ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşüb (ABŞ dövlət katibinin müavini Erika Olson isə eyni vaxtda Ermənistanda olub. Bu da sözsüz ki, Vaşinqtonun yeni diplomatik həmləsindən xəbər verir).

Ceyhun Bayramov ABŞ-ın Qafqaz üzrə baş müşaviri ilə görüşüb

Bono ilə görüşdə Azərbaycan-Ermənistan sülh sazişi üzrə danışıqlar prosesinin perspektivləri, eyni zamanda Azərbaycan-Ermənistan normallaşma prosesinin digər komponentləri müzakirə olunub. Nazir amerikalı baş müşavirə də üçtərəfli bəyanat çərçivəsində Ermənistanın öhdəliklərini yerinə yetirmədiyini, öz qüvvələrini Azərbaycan ərazilərindən tam çıxarmadığını, Azərbaycanın 8 kəndini işğal altında saxladığını, mütəmadi hərbi və siyasi təxribatlarını davam etdirdiyini bildirib. Bununla yanaşı, Azərbaycanın iki hərbçisinin əsir götürüldüyü, əsirlərdən birinə qarşı fiziki zorakılıq tətbiq edildiyi, onların dərhal azad edilməsinin vacibliyini söyləyib.

*****

Paşinyan hökuməti nəyi, necə və niyə gizlədib?

İrəvanın bu qəbil destruktiv davranışı, şübhəsiz, sülh və barışıq atmosferinə xidmət eləmir. Əksinə, sözdə “sülh” deyən erməni rəsmilər əməldə yeni müharibəni yaxınlaşdırmaqla məşğuldurlar. Sonuncu qənaəti təsdiqləyən daha bir sübut.

ABŞ diplomatları bölgədə olan gün Paşinyan hökuməti Azərbaycanla müxtəlif istiqamətlərdə aparılan danışıqların təfərrüatını açıqlayıb. Ermənistan hökumətinin bununla bağlı yaydığı hesabatda aşağıdakı cümlə xüsusilə diqqət çəkir. Sitat: “İrəvan üçün məqbul yanaşma ondan ibarətdir ki, Ermənistanla Azərbaycan arasında sazişin imzalanması Qarabağ münaqişəsinin həlli prosesindən Xankəndi ilə Bakı arasında beynəlxalq müzakirə mexanizminin formalaşacağı halda ayrıla bilər”.

Cümlənin sadə dilə tərcüməsi isə belədir: İrəvan sülh müqaviləsi üçün Bakıya hiyləgərcəsinə Qarabağ şərtini qoyur. Keçmiş DQMV-ni təzədən mübahisəli ərazi kimi beynəlxalq gündəmə qaytarmaq istəyir. Qarabağ mübahisəli ərazidirsə, demək, Bakı İrəvanla sülh anlaşması naminə ona hansısa status tanımalıdır. Bu da elə Qarabağ şərtidir, anklavdakı oyuncaq rejimin subyektivliyini Bakıya qəbul etdirmək cəhdidir.

Əks məntiq də doğrudur: Ermənistan həqiqətən də Azərbaycanla sülh sazişi məsələsini Qarabağ ermənilərinin məsələsindən ayrı olduğunu qəbul edirsə, o zaman nədən 3 ildir sülh müqaviləsini imzalamır? Səbəb həmənkidir: kapitulyant tərəf Azərbaycana qarşı ərazi iddiasından əl çəkməyib.

*****

Xatırladaq ki, az öncə Prezident İlham Əliyev Ermənistanla sülh prosesinin ləng getdiyini bildirmişdi. Əsas səbəbi artıq qeyd elədik: Paşinyan iqtidarının sülh sazişini aparıb “beynəlxalq mexanizm” şərtinə, yəni vasitəçilərə bağlaması. Söhbət öncəliklə Avropa Birliyi və ya ABŞ-ın, bəd ayaqda Rusiyanın və ya ATƏT-in vasitəçiliyindən gedir.

Ancaq hansı “beynəlxalq mexanizm”dən söhbət gedir, əgər Azərbaycan öz daxili məsələsi olan Qarabağ erməniləri ilə dialoqun xarici ölkələrə və beynəlxalq qurumlara dəxli olmadığını, ərazilərimizi siyasi bazarlığa çıxarmayacağını, sortlara bölünməyəcəyini dəfələrlə bəyan edibsə? Bu, elə öz “ayağımıza” güllə atmaq demək olardı.

Beləcə, Paşinyan hökumətinin sülh haqda anlayışının gerçək sülhə heç bir dəxli olmadığı, Ermənistanın hələ də ərazi bütövlüyümüzü tanımadığı bir daha üzə çıxır. O zaman sülh müqaviləsi necə reallaşa bilər?

Artıq xarici siyasi müşahidəçilər və KİV-lər də rəsmi İrəvanın mövqeyindəki radikallığa diqqət yönəltməyə başlayıblar.

*****

“Ermənistan təkcə suverenliyini və özünü müdafiə etmək qabiliyyətini itirməyib, həm də qonşuları ilə dinc yanaşı yaşamağa hazır deyil”.

Bu barədə “EU Reporter” nəşrində dərc olunan məqalədə deyilir (Report.az).

Müəllif yazır ki, Ermənistan hakimiyyəti uzun illərdir Rusiyaya, İrana, Fransaya, Avropa İttifaqına, həmçinin erməni diasporuna və şübhəli keçmişi olan oliqarxlara suverenliyindən “paylar” verib: “Bu o deməkdir ki, münaqişə vəziyyətində olan ölkə mübarizə apara, ən əsası, sülh müqaviləsi bağlaya bilməz. Suverenliyin itirilməsi danışıqlar aparmaq qabiliyyətinin olmamasının sübutudur”.

Məqalədə həmçinin İrəvanda bayrağımızın yandırılması olayına toxunulub. Qeyd edilir ki, bu vandallığı edən Aram Nikolyana qarşı Ermənistanda cinayət işi açılmayıb: “Ermənistan hüquq-mühafizə orqanları bu cür davranışda qəbahət görmür. O, polis bölməsindən qısa zamanda sərbəst buraxıldıqdan sonra qəhrəman kimi qarşılanıb. Erməni siyasətçilər, ictimai xadimlər, on minlərlə sosial şəbəkə istifadəçisi onu nümunə kimi göstərib”.

Müəllifin fikrincə, Ermənistan indiki vəziyyətində bütün regiona təhlükədir: “Qərb regiondakı münaqişəyə Ermənistanla Azərbaycan arasındakı toqquşma kimi baxmaqdan əl çəkməlidir. Bu, Rusiya və İranın marioneti olan ölkə ilə Avropanın enerji təhlükəsizliyinin asılı olduğu dövlət (Azərbaycan-red.) arasında münaqişədir. Odur ki, Avropanın qərar qəbul etməsinin və onlardan birinin tərəfini saxlamasının vaxtı çatıb”.

Bütün hallarda Azərbaycan əsgərlərimizin taleyi ilə bağlı radikal addımlar da daxil, öz üzərinə düşəni və gərəkəni edəcək. Buna kimsənin şübhəsi olmasın…

P.S. Dünən Paşinyan bir daha öz ikibaşlı mövqeyini təsdiqləyərək bildirib ki, “Bakı ilə tezliklə sülh müqaviləsi bağlamağa çalışır, amma burada ən çətin məsələ Qarabağdır”.“Yeni Müsavat”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90