Türkiyənin ən gözəl məkanlarından biri sözsüz ki, Eskişeherdir. Tarixlə müasirliyin vəhdətini təşkil edən bu qədim şəhəri həm də mədəniyyət beşiyi kimi simvolizə etmək olar. Eskişeherdə 800 mindən artıq insan yaşayır. Şəhəri iki yerə bölən bir çay bu şəhərə başqa bir gözəllik bəxş edir.
Bu şəhərdə hər il Beynəlxalq Eskişehir Festivalı keçirilir.
Odunpazarı türklərin Eskişehirde qərarlaşdığı ilk yaşayış məntəqəsidir. 1097-ci ildə bizanslılara qalib gələn I Kılıç Arslan burada ordu qərargahını qurmuşdu. Elə ona görə Eskişehir uzun əsrlər boyu Sultanyügi kimi tanınırdı. Sonrakı əsrlərdə səlcuqlar və osmanlılar tərəfindən indi də əzəmətini saxlayan abidələr inşa etdirilib. Bu da vilayətə çoxsaylı turist axınını şərtləndirən cəhətlərdəndir. Yalnız Odunpazarındakı memarlıq və sənət nümunələri ilə Eskişehiri türk dünyasının mədəniyyət mərkəzi elan etmək olardı. Bir vaxtlar mövcud olmuş imarətlər, karvansaralar, məscidlər, mədrəsələr hazırda Cümhuriyyət tarix muzeyi, Lülə daş muzeyi, Cam sənətləri muzeyi, sənətçilər bazarı kimi fəaliyyət göstərir.
Türk hökmdarları fateh olduqları kimi sənəti və sənətkarı da yüksək dəyərləndiriblər. Eskişehir möhtəşəm sənətkarlar və istedadlar diyarıdır. Elə isimlər var ki, onların adları bu diyarın və ölkənin hüdudlarını əsrlərdən bəri aşaraq dünyada tanınmaqdadır. Haqq və xalq şairi Yunis Emre isə həmin şəxsiyyətlərin zirvəsi sayılır. Böyük mütəfəkkir dünyaya gəlişi ilə sanki dahi Nizaminin vəfatından sonra ədəbiyyatda yaranmış boşluğu doldurdu. Burada haşiyə çıxaq ki, Ankara-Eskişehir-İstanbul dəmiryolunun yaxınlığında yerləşən məzarın önündən keçən qatarlar bir anlığa nəfəs dərir, fit verməklə onun xatirəsinə sayğılarını nümayiş etdirirlər. Maraqlıdır ki, bu ənənə həmin yolu çəkən almaniyalı mühəndislərə məxsusdur. Bax, bəşərilik də budur.
Molla Nəsrəddinin ulaq belindəki ikinci abidəsi Eskişehirdədir. Bütün türk dünyası kimi onlar da həmin şəxsiyyətin özlərinə məxsusluğunun iddiasındadırlar. Nəsrəddin Xoca indinin özündə də ən populyar şəxslərdəndir. Vilayətdə hər hansı çıxışa məzə tonu qatmaq istədikdə Nəsrəddin Xocanın lətifələrindən misallar gətirirlər. Bizdən fərqli olaraq eskişehirlilər onun konkret bioqrafiyasını qələmə alıblar. 1208-ci ildə Eskişehirin Sivrihisar ilçəsinə bağlı, sonradan “Nəsrəddin Hoca Beldesi” kimi adı dəyişdirilən Hortu kəndində anadan olduğu göstərilir. Atası Abdullah Əfəndi, anası Siddiqə xanımdır. İlk bilgilərini din xadimi atasından alıb. Sonralar dərin biliyi, hazırcavablığı ilə tanınan şəxsiyyətə çevrilib. Düzü, başqaları kimi mən də onun mifik qəhrəman olduğunu düşünürdüm, eskişehirlilerin belə yanaşmasından sonra içimdəki tərəddüdlər qeybə çəkilməkdədir.
Türkiyənin əksər satirik yazarları Xocanı özlərinin ustadı sayırlar.
Diyarın inkişafı və çiçəklənməsi Balkanlardan və Qafqazdan buraya axını sürətləndirdi. Bu ərazidəki ən qədim bidələrdən biri Yazılıkaya abidələr kompleksinin ərazisində yerləşir.
Bu abidələr təbiətlə insan zəkasının harmoniyasının vəhdətindən yaranan ecazkar əsərlərdir. Burada Midas şəhəri mövcud olub. Gordion Friqlərin siyasi, Midas isə dini paytaxtı sayılıb. Krallığın süqutundan sonra Roma və Bizans dönəmində də şəhər nüfuzunu uzun müddət saxlayıb. Məharətli əllər qayalarda naxışlar salıb, evlər düzəldib, totemləri təsvir edib, nüfuzluların məzarları üçün də yer tapılıb.
Eskişehir dəniz səviyyəsindən 1500 metrə qədər yüksəklikdə yerləşsə də, heyvandarlıq, xüsusilə atçılıq üçün münbit məkan sayılır. Deyilənə görə, ilk atı da məhz türklər bura gətirib. İndi vilayətin atları bütün dünyada məşhurdur.
Eskişehir son illərin gəzməli yerləri baxımından ən populyar şəhərlərindən biridir. İç Anadolu Bölgəsində yerləşməsinə baxmayaraq, ortasından keçən Porsuk çayı sayəsində sahil şəhəri kimi görünür. Porsuk axınında qondola minməyin həzzi məşhur Venesiya kanalı qədərdir.
Eskişehirdə ziyarət ediləcək yerlər siyahımızın başında olan Adalar Bölgəsi şəhərin ən məşhur bölgəsidir. Məhz bu səbəbdən spn illər bu bölgəyə turistlərin axını çoxalıb. Rəsmi statistikaya görə bu əraziyə turistlər ən çox Rusiya, Almaniya və Böyük Britaniyadan gəlir. Maraqlıdır ki, son 5 il ərzində Eskişehirə gələn turistlərin sayında ciddi artım var. Buna görə də bu qədim şəhərdə turizm obyektlərinin sayı artıb. Turistlərin ən çox maraq göstərdiyi ərazilər sözsüz ki, tarix və mədəniyyət abidələridir.
Kurşunlu Məscidi və İctimai Kompleksi
Tarixi Odunpazarı Evlərinin yanında yerləşən Kurşunlu Məscidi və Külliyesi Əskişəhərin keçmişdən günümüzə ən əhəmiyyətli dini tikililərindən biridir. 16-cı əsr Osmanlı dövrü əsəri olan kompleks, adını günbəzinin qurğuşunla örtülməsindən almışdır.
Bir sözlə tarixlə mədəniyyətin vəhdətini kəşf etmək istəyirsinizsə yolunuzu Eskişehirə salın.
Qoşqar Salmanlı