image-2000x150
image-h-r-bir-turk-qovmunun-m-d-ni-irsi-bir-d-y-rdirbackend

Hər bir türk qövmünün mədəni irsi bir dəyərdir

image-728x90

Dil hər bir dövlətin və ya konfederasiya tipli dövlət birləşmələrinin əsas siyasi gücüdür.

Əhatə etdiyi ərazi baxımdan dil dövlətdən daha böyükdür və daha keçərlidir. Tankın, topun keçə bilmədiyi sərhədləri bir kompüter düyməsi ilə keçir. Bunu öz maraqlarını düşünə bilən hər bir güclü dövlət bilir. İngilis dilinin qrammatikasının bu qədər asanlaşdırılması, hər cür aksentə uyğun danışılmasına mühafizəkar ingilislərin gülə-gülə dözməsi və hətta buna geniş şərait yaratması tolerantlıqdan irəli gəlmir, siyasi güc olan ingilis dilinin sərhəd tanımadan yayılması məqsədi ilə edilməsi şübhə doğurmur.

Dünya dövlətlərinin bir çoxunun ortaq tarix və genetik bağlılığı olması səbəbi ilə ortaq dövlət dili işlədir. Lakin bəzən eyni dil zaman və məsafələrdən dolayı spesifik xüsusiyyətlərə malik olur ki, bu da həmin dilin ləhcələrinin dialekt fərqlərindən başlayaraq, müstəqil dilə qədər inkişaf yolunu tutması ilə nəticələnə bilər. Hər bir var olan dialekt ya dil öz gözəlliyi, spesifikliyi ilə dəyərlidir. Ərəb ölkələrinin hər birində danışılan ərəb dilinin fərqli dialektləri bir-birindən kəskin sürətdə seçilir. Lakin Qurani Kərimin yazılı dili olan ərəbcə əsas götürülür. Halbuki həmin ərəb dilində real olaraq, heç bir ərəb danışıq dilində istifadə etmir. Nəticədə bu, onları ərəb olmaqdan və danışdıqları ərəbcədən imtinaya vadar etmir.

Son dövrlər Turan ideyasının aktuallaşması və artıq illərdir millətçi cameədən bu ideyanın Türk dövlətlərinin yüksək siyasi elitası tərəfindən təbliği Turanın bir xəyal deyil, reallıq olduğunun göstəricisdir. Əslində Turan ideyası XX əsrin əvvəllərində də geniş yayılmışdı. Sovet imperiyasının qurulması və nəhəng Osmanlı imperiyasının aciz vəziyyətə düşüb çökməsi, xalqın iradəsi nəticəsində yeni Türkiyə Cümhuriyyətinin qurulması bu ideyanın uzun zaman səssizliyə qərq olmasına gətirib çıxardı. Lakin fikir bir dəfə doğuldusa, onu ertələməklə qarşısını kəsmək olmaz. Stalin də bunu bilirdi. Bu səbəbdən ildırım sürəti ilə əlifba dəyişmələri və hətta sovet daxilində yaşayan türk xalqlarının bir-biri ilə anlaşmasını çətinləşdirmək məqsədi ilə ayrı-ayrı dialekt xüsusiyyətləri daşıyan türk dillərinin sürətlə fərqli ədəbi dillərə çevrilmə prosesinə start verildi. Kitablar yazılldı, əsərlər nəşr edildi. Başlanan proses bəhrəsini verdi. Dialekt xüsusiyyətləri qabaran hər biri müstəqil ədəbi dilə çevrilən türk dilləri yarandı. Sual yarana bilər: yaranacaq Turanın ədəbi dili hansı dil olacaq? Biz də ərəblər kimi ən qədim yazılı dili götürəkmi? Bu, real görünmür. İllərdir, Türkiyə televiziyasının bütün türk xalqlarınn əksəriyyətini əhatə etdiyini, Türkiyənin türk xaqlarının içində ən çoxsaylı dövlət olduğunu, türkiyəli olmayıb, lakin türk olan hər kəsin ikinci vətəni siyasi statusunu daşıdığını nəzərə alaraq, Türkiyə türkcəsini bəzi kiçik nöqsanları nəzərə alınmaqla Turanın ədəbi dili kimi götürmək olar. Bu, heç də yerli dillərin məhvinə aparacaq bir proses deyil. Biz hər türk ləhcəsinin inkişafı, bəzən yox olmaması üçün mübarizə apararkən, bir dövlətin ədəbi dili olan Azərbaycan türkcəsinin ortadan qaldırılması yolverilməzdir. Turan türk qövmlərinin əriyib yox olması demək deyil, çiçəklənməsidir. Türklər tarixi yazmayıb, yaradıblar. Türklüyünü qoruyaraq (Avropa xalqlarından fərqli olaraq qeyri-şüurlu şəkildə) fəth etdiyi diyarlarda yaşayan bütün xalqlarla ünsiyyət yarada biliblər. Qürurla deyirəm: Dünya mədəniyyətini qloballaşdıran ilk millət türklərdir. Hər mədəniyyətə qucaq açan qədim türklər böyük məsafələrdə böyük bir mədəniyyət yaradıblar, var ediblər. Hər bir türk qövmünün mədəni irsi bir dəyərdir. Dil bu irsin başında gəlir. UNUTMAYAQ!

İlahə Qurbanlı
Filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Yüksəliş Partiyası Başqanının Elm və təhsil məsələləri üzrə müavini 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90