image-rt-reklam
image-1backend

Eyni tora təkrar-təkrar düşənlər – “feyk xəbər”lər onlarla tirajlanır

image-728x90

3 gün öncə 5-6 jurnalist bir aradaydıq, yanımıza yeni gələn həmkarımız sosial şəbəkədə yayılan “Mehdiyev xəbərləri”ndən daha biri barədə özət verəndə təcrübəli həmkarımız soyuqqalı şəkildə dedi: “Bu, güman ki, feyk xəbərdir, ciddi olmaz”. Bir azdaan təsdiqləndi ki, xəbər quramadır, dezinformasiyadır.

Təcrübə belə şeydir. 30 ildən bəri siyasət qazanının içində qaynayan-bişən şəxslər hər deyilən sözü ciddiyə almır, yalanı doğrudan, saxta və qərəzli sözü, şər-böhtanı həqiqətdən ayıra bilirlər.

Belə xəbərlərin içindəki saxtalıq özü çığırır, bir balaca məlumatlı olmaq kifayətdir ki, normal adamın özü və başqası haqqında bu cür sözlər deməsinin mümkün olmadığını düşünəsən.

Saxtakarların yaydığı xəbərlərə inananlar və onu sevə-sevə tirajlayanlar isə, əl-əlbət, toruna düşdükləri şəxslərin onlardan daha üstün zəkaya malik olduqlarını sübut edirlər. Zatən, bu uydurma xəbərləri, açıqlamaları “istehsal edənlər” onu sadəlövh və qərəzkar şəxslərin menyusuna təqdim edir, onlar tərəfindən tirajlanacağını hesablayırlar. Və yanılmırlar.

Onlar hər dəfə buna nail olurlar. Bir neçə gün ərzində bu uydurma xəbərlər yüzlərlə, minlərlə sosşəbəkə istifadəçiləri tərəfindən tirajlanır, yayılır, dillərə düşür. Sonra saxtakarlığın üstü açılır, çoxları anlayır ki, məkrli şəxslərin əlində alət olublar. Bir çoxları paylaşımlarını və yazdıqları şərhləri silir, bəziləri isə “kişi tüpürdüyünü yalamaz” prinsipinə sadiq qalır. Ən pisi odur ki, uydurma xəbərlərin saxtalığı çoxları tərəfindən təsdiqlənəndən sonra da onlarla adam sırf inersiya üzrə o feyk xəbərlərə istinadla ittihamlar, iddialar irəli sürür.

İllərdir belədir. Bir ovuc adam ölkədə süni ictimai rəy yaratmağa çalışır və zəif damarını tutduqları şəxslərin vasitəsilə buna nail olur, necə deyərlər, müvəqqəti və süni gündəm yaradırlar. İfşa olunsalar da, davam edirlər. Tora düşənlər növbəti dəfə aldandıqları bilsələr də, bir müddətdən sonra, növbəti dəfə yenə tora düşürlər.

Bu, “balıq yaddaşı” deyil. (Bilindiyi kimi, 10 dəqiqə əvvəl qarmağa düşən balığı qaytarıb suya atandab sonra yenə də tilova salmaq mümkündür). Nəsə başqa şeydir. Bu, illərlə öz içində qaynayan və aşıb-daşan nifrətin növbəti püskürməsidir. Lavası həmişə bir istiqamətə axır.

Ramiz Mehdiyevin guya susmadıqları təqdirdə qisas ala biləcəyi adamların adını çəkməsi barədə xəbərin saxtalığı elə siyahının özündən yağırdı. Siyahıda yalnız ekranda-efirdə görünən, fəallıq edən, politoloji şərhlər verən adamların adı vardı. Mehdiyevi məsuliyyətə cəlb edənlər, istintaqını aparanlar, əmlakını araşdıranlar, bir sözlə, torbasını tikənlər isə onlar deyil. İşi başqaları bişirir, bu adamlar isə olsa-olsa, baş verənləri şərh edirlər. Əsas kampaniya dərinlərdə gedir. Ümumiyyətlə, bu ölkədə odioz məmurlar, dövlətin büdcəsini talayaraq oliqarx olanları tanıyan, adlarını çəkən yoxdur, tənqidçilər vitrində olan deputat və təbliğatçılarla əlləşir.

Orası da var ki, bu kimi saxta xəbərlər nyu-medianın işinə yarayır. Onlar populyarlaşmaq, tiraj qazanmaq üçün bundan effektiv şəkildə istifadə etmək istəyirlər. Ona görə də gecə-gündüz fikirləşirlər ki, bu hadisələr fonunda yeni nəsə tapsınlar, tapa bilməsələr, uydursunlar, yeni-yeni adlar çəksinlər, əhatə dairəsini genişləndirsinlər və sair və ilaxır.

Ancaq onlar bunu gerçək sözün, doğru xəbərin risk altına qoyulması hesabına edirlər. Hər saxta xəbər onu yayan media qurumunun və ya “tənha bloqer”in mötəbərliliyini zərbə altına qoyur və “yalançının evi yandı, heç kəs inanmadı” situasiyası yaradır. Saxta xəbərlər yaymaqda adı çıxmış bir sayt və ya bloqer sabah olduqca mühüm bir doğru xəbər yayanda heç kəs inanmayacaq. Bu xasiyyətlə uzağa getmək, şöhrət qazanmaq olmaz.

Bəs saxta xəbərlərdən, onun yayanların əlində alətə çevrilməkdən necə qorunmaq olar? Bunun çox bəsit yolu var: sosial şəbəkədə hər yazılana dərhal inanmamaq, verilən xəbərin mötəbərliyinə şübhə etmək və xəbəri yayana diqqət yetirmək, yüngülvarı araşdırmaq aparmaq, mötəbər xəbərlər yayan saytları yeniləmək (ciddi xəbərdirsə, onlar yayacaqlar), bir də ələ düşən hər şeyi təkrar paylaşmamaq.

Yox, kimsə bunları etməkdənsə, “vurulan rəqibdir, canı cəhənnəmə, mən də yayım, bir təpik də mən vurum” düşüncəsindədirsə, ta heç nə, deyəcək söz yoxdur. Amma bu, mübarizə üsulu deyil. Çünki sabah hücuma məruz qalan tərəf tutarlı bir təkzib mətni ilə çıxış edəcək, zərərçəkən qismində olacaq, haqlı çıxacaq, qarşı tərəf isə saxtakar, böhtançı adlandırılacaq.

Həmişə haqlı, obyektiv, dürüst olmaqda yarar var. Məkrlə, hiylə ilə, ona-buna quyu qazmaqla, yalan və şər-böhtan dolu xəbərlərlə rəqibi gözdən salmağa çalışmaq hələ heç kəsə ciddi siyasi uğur qazandırmayıb. Bunu ən yaxşı edən, axırda da ifşa olunub yaman günə qalanlara dair N qədər nümunə var.

Xalid KAZIMLI

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90