Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk haqqında çəkilən və oktyabrın 25-də təqdim edilən “Mustafa” cizgi filminin Avropada təqdimatı əngəllənib.
Filmin prodüserlərindən olan Kamuran Ayna cizgi filmin Avropada təqdimatına erməni lobbisinin əngəl yaratdığını bildirib.
Prodüserin sözlərinə görə, cizgi filmin bir çox Avropa ölkəsində kinoteatrlarda yayımlanması planlanıb, lakin erməni lobbisinin səyləri nəticəsində təqdimata saatlar qala yayım əngəllənib.
Ayna bildirib ki, Atatürkün uşaqlığından bəhs edən “Mustafa” filminin yayımlanması üçün ilk başda Avropa ölkələrində yaşayan milyonlarla türkdən istək göndərilib:
“Bu səbəbdən bəzi ölkələrdə kinoteatrlarla danışdıq və filmin təqdimatını planlaşdırdıq. Orada yaşayan vətəndaşlarımız da ölkənin qurucusu ilə bağlı filmi izləmək istəyirlər. Amma rəsmi razılaşmalar olduqdan sonra kinoteatrlardan tək-tək zənglər gəlməyə başladı. Bir çox izləyicinin narazılığını bildirməsi səbəbindən filmin təqdimatının təxirə salındığını dedilər. Əsasən də Avstriya və Almaniyada. Nəticə olaraq Avropada filmimizi yayımlaya bilmədik. Erməni lobbisinin hücumuna məruz qaldıq, istədiklərini bacardılar”.
Qeyd edək ki, ötən il Türkiyə Cümhuriyyətinin 100-cü il dönümünə həsr olunan və “Disney” şirkəti tərəfindən ərsəyə gətirilən “Atatürk” filminin yayımı da təxirə salınmış və ölkədə ciddi narazılığa səbəb olmuşdu. Xəbərin ardından Amerika Erməni Milli Komitəsi (ANCA) bunun erməni lobbisinin təşəbbüsü ilə əngəlləndiyini açıqlamışdı.