image-2000x150
image-aae8bdf064a1207e59617de89520f965backend

“Əliyev nə zaman dayanacaq?” – Ermənistan bu suala cavab axtarır…

image-728x90

Ermənilərin Laçın “KPP”si hay-küyünə xəritədə koridorun harada olduğunu bilməyən İslandiya nazirindən tutmuş Kanada hökumətinə qədər xora qoşulub; erməni mediası isə Paşinyanı hədəf alaraq Azərbaycan liderini dayandırmağın tək yolunu revanşda görür: prezident Əliyev o halda dayanacaq ki… – şərh

Ermənistan Laçın dəhlizində keçid məntəqəsi yaratmağımızdan sonra düşdüyü isterik vəziyyətdən çıxa bilmir. “Yeni Müsavat” bildirir ki, aprelin 26-da baş nazir Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı da dəyişikliyə səbəb olmadı.

Liderlər Laçın dəhlizində Azərbaycanın qanuni hüquqlu əsaslarla təsis etdiyi sərhəd-keçid məntəqəsi və Qarabağdakı humanitar vəziyyətlə bağlı müzakirə aparıb. Ermənistanın baş naziri Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə də telefon danışığında Laçın yolundakı sərhəd məntəqəsindən bəhs edib. Bundan başqa, digər dövlət və beynəlxalq təşkilatlara ardıcıl şikayətlər edən İrəvan yenə də Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı iddia qaldırıb. Ermənistanın Avropa  İnsan Haqları Məhkəməsindəki nümayəndəliyinin mətbuat katibi Hasmik Samvelyan bildirib ki, Azərbaycanın Həkəri çayı yaxınlığında nəzarət-buraxılış məntəqəsi yaratması ilə bağlı Beynəlxalq Məhkəməyə müraciət edilib, bu da məhkəmənin 23 fevral 2023-cü il tarixli qərarını pozur”, – deyə o vurğulayıb.

Ermənilərin qaldırdığı Laçın “KPP”si hay-küyünə hətta İslandiyanın xarici işlər naziri, Avropa Şurası Nazirlər Komitəsinin sədri Turdis Kolbrun da qoşulub. “Dağlıq Qarabağdakı hazırkı humanitar vəziyyət təbii ki, narahatlıq doğurur. Laçın dəhlizi ilə sərbəst hərəkəti təmin etmək lazımdır”, – deyə o, Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasının plenar iclasında çıxışı zamanı deyib. Kanada xarici işlər naziri Melani Jolin də bu mövzuda Ermənistanın mövqeyini müdafiə edən bəyanat yayıb. Habelə, Almaniya bundestaqının sədri də xora qoşulub. Lakin nə fayda?!

Erməni mediasında da əsas gündəm mövzusu Azərbaycanın öz torpaqlarına sahiblənmək üçün atdığı uğurlu addımlardır. Xüsusilə qismən müstəqil mediada bu mövzu Paşinyanın əleyhinə olan qüvvələrə əlavə bəhanə verib. Hiss olunur ki, bu yazılarda əsas hədəf Paşinyan, onun hakimiyyətini laxlatmaqdır, Qarabağ erməniləri onları heç də maraqlandırmır. Bu mövzuda aravot.ru saytında “Əliyevi necə dayandırmalı…” başlıqlı yazı diqqət çəkir. Məqalədən bu sitata diqqət edək: “Əliyev bu gün ona uduzan Paşinyanla qarşı-qarşıyadır. Ölkənin daxili həyatında Paşinyan opponentlərə cavab verə, onları ittiham edə, hədələyə bilər. Xarici cəbhədə isə o, tamamilə zəif, iradəsiz və mütidir, sülh gündəminə sadiqdir, bu da tərcümədə Əliyevə istədiyini etməyə imkan vermək deməkdir. Təsəvvür edin ki, Azərbaycan buraxılış məntəqəsini Ermənistanın istənilən magistralında qurur. Bunun ardınca nə gələcək? Paşinyanın dövründə heç nə. Rusiya, ABŞ və Fransa bunu “qeyri-konstruktiv addım” kimi səciyyələndirəcək, baş nazir isə hökumətin iclasında hər şeyin Kazan və ya Almatı sənədində olduğunu şifahi şəkildə izah edəcək, “Ermənistan regionda sülhün bərqərar olmasına sadiqliyini bir daha təsdiqləyir” deyəcək”. Nəşr yazır ki, son iki ildə baş verən hadisələr açıq şəkildə göstərir ki, nə ruslar, nə də avropalı mülki müşahidəçilər Əliyevi dayandıracaqlar.

“Bunun qarşısını ancaq arxasında effektiv diplomatiyaya malik Ermənistan ordusu ala bilər. İndiki hakimiyyətdə isə bu mümkün deyil”, – deyə aravot.ru yazır. Göründüyü kimi, erməni cəmiyyətinin müəyyən bir qismi reallığı qəbul etməyə çalışsa da, revanşist qüvvələrin təbliğat ruporunda “Azərbaycanı ancaq erməni ordusu dayandıra bilər” kimi xəyallar qururlar. Prezident İlham Əliyev Azərbaycanın və bölgənin təhlükəsizlik maraqlarından kənara addım atmır, heç bir qonşu dövlətin ərazisində də hansısa irəligedən planlar qurmur. Sadəcə, Əliyev Ermənistanın üzərinə götürdüyü öhdəliklərə əməl etməyə çağırır və bu mövqeyində israr edir. Əliyevi necə durdurmalı sualının cavabı İrəvanın öhdəliyinin necə yerinə yetirməsinə bağlıdır. Erməni ordusunu yenidən önə çıxarırlarsa, bu dəfə Əliyevi doğrudan da dayandıra bilməyəcəklər… Bəs siyasi şərhçilər necə düşünür?

Natiq Cəfərli ON REAL CAVAB - YouTube

Natiq Cəfərli

REAL Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərlinin sözlərinə görə, Ermənistanda sülh əleyhdarları, revanşistlər, Kremldən gələn əmrləri yerinə yetirərək böyük sülh sazişinə mane olanlar İrəvanda Azərbaycan bayrağını hər dəfə yandırdıqca, bayrağımız İrəvana daha yaxında dalğalanacaq: “Necə ki, indi, məsələn, Qafanın 2 km-də və ya Laçın yolunun girişində dalğalanır. Ermənistan əhalisinin müharibə tərəfdarları, revanş istəyənlərinin bir qisminin davranışlarını psixoloji cəhətdən izah etmək olar: 2020-ci il 44 günlük müharibəyə qədər Ermənistanda ölkənin sərhədlərinin Ağcabədi, Beyləqan, Tərtərdən, Horadizdən başladığına, sərhədlərin daim belə olacağına 30 ildir inanan psixotiplər yaranıb. İndi isə Azərbaycan Əsgəri Qafan şəhərindən 2-3 kilometrdə, həmin şəhərin hava limanından cəmi 300 metr məsafədə dayanıb, bayrağı sərhədimizə sancıb – onlar üçün əsas psixoloji problem budur. Ermənistan əhalisi yeni sərhədlərə alışmalı, bunu həzm edib sülh üçün çalışmalıdır – bölgəmizdə sülhün təməli Ermənistanın yeni sərhəd reallıqlarını qəbul-həzm etməsindən keçir, ümid edirəm ki, “həzm” prosesinə əsgərimizin yeni müdaxilələrinə ehtiyac qalmayacaq”.

Siyasi ekspert Ramiyə Məmmədova revanşist əhval-ruhiyyəni aşılayan erməni saytlarının keçmiş korrupsioner klanın təsiri altında olduğunu güman edir. Onun fikrincə, Köçəryan, Saqatelyan, erməni diasporu, revanşizm ovqatında olan qüvvələr  həmin mətbu orqanları maliyyələşdirir: “Onlar bu məqalələrlə daxili auditoriyaya təsir göstərmək və hakimiyyətə qarşı qiyam hazırlamaq məqsədilə təbliğat aparırlar. Yəni Nikol satqındır, səriştəsizdir, bu gedişlə Ermənistan dövləti 9 min kvadrat qalacaq və s. İctimai rəy isə yeknəsəq deyil. Cəmiyyətin böyük hissəsi üçün Qarabağ mövzusu bitib. Hətta qondarma soyqırımı yürüşündə iştirak edənlərin sayı az idi. Bizə qabarıq şəkildə təqdim etməklə deyil, kor-kor, gör-gör ki, bu hadisələrlə bərabər erməni xalqı ayağa qalxmır. Laçında qurduğumuz postdan sonra İrəvanda yüzminlik mitinq oldumu? Ona görə “Əliyevi nə zaman dayanacaq”, sualını yox, “Əliyev harada dayanacaq” sualını özlərinə verməlidirlər. Buna subyektiv cavab versəm, deyə bilərəm ki, prezident Əliyev Zəngəzur dəhlizi açılanda, sərhədlər dəqiqləşəndə, sülh müqaviləsi bağlananda, Xankəndidə bayrağımız dalğalananda, oradakı təlxək toplusu rədd ediləndə dayanacaq. Ona qədər dayanmayacaq və ermənilər bunu yaxşı anlayırlar”.

Elxan Şahinoğlu - Bioqrafiya.com

Elxan Şahinoğlu

Analitik Elxan Şahinoğlu hesab edir ki, Rusiya Ukrayna bataqlığının içərisindədir və belə vəziyyətdə Laçın yolunda sərhəd-keçid məntəqəsinə görə strateji tərəfdaş adlandırdığı Azərbaycanla münasibətləri gərginləşdirməyəcək, üstəgəl, Kremlin Ermənistanın baş naziri Nikol Paşinyanın siyasətindən narazılığı var. Politoloq əlavə edir ki, Kremlin eyni zamanda sanksiyalar şəraitində Şimal-Cənub nəqliyyat dəhlizinin işə düşməsi üçün Azərbaycanın dəstəyinə ehtiyacı var. ABŞ-ın bir qrup ermənipərəst konqresmeni Laçın yolunun başlanğıcında sərhəd-keçid məntəqəsinin yaradılması ilə bağlı erməni separatçılarını tanımaqla bağlı Azərbaycanı hədələməyə çalışsalar da, E.Şahinoğlunun fikrincə, rəsmi Vaşinqtonun da Kreml kimi Azərbaycana ehtiyacı var. “Birincisi, Vaşinqton dünyəvi müsəlman ölkəsi olan Azərbaycanı İran rejimi qarşısında əsas sipərlərdən biri hesab edir. İkincisi, Rusiya qazından imtina edən Avropanın Azərbaycan qazına ehtiyacı var və bu, ABŞ-ın da təhlükəsizlik maraqlarına xidmət edir. Avropadan da Laçın yolunda sərhəd-keçid məntəqəsinin yaradılması ilə bağlı ünvanımıza yumşaq tənqidi açıqlamalar səslənsə də, Avropa İttifaqı ölkələri Azərbaycan qazını Ermənistana və erməni separatizminə dəstəyə qurban verməyəcəklər. Azərbaycandan qaz alan və alacaq Avropa ölkələrinin sayı durmadan artır, prezident İlham Əliyevin aprelin 25-də Bolqarıstana səfəri və Sofiyada imzalanan yeni sazişlər də buna dəlalət edir. İrana gəldikdə, Tehran Azərbaycana qarşı təxribatlar həyata keçirsə də, bizim Ermənistanla sərhədi nəzarət altına almamıza və Qarabağda qayda-qanun yaratmamıza mane ola bilməyəcək”. Təhlilçinin sözlərinə görə, Ermənistan və erməni lobbisi aciz durumdadır, maliyyələşdirdikləri və dəstəklədikləri mərkəzlər Azərbaycanı yolundan döndərə bilmir: “Belə vəziyyətdə Azərbaycanla sülh sazişi imzalamaq Ermənistana lazımdır. Biz Ermənistanla sülh sazişi olmadan da yolumuza davam edə bilərik, önəmli olan Qarabağın tamamının nəzarət altına alınmasıdır”.“Yeni Müsavat”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90