Hazırda dünyanın dörd bir yanında dəhşətli istilərlə mübarizə gedir və bir çox ölkələrdə yüksək temperatur rekordları qırılır. Hətta bildirilib ki, bu il baş verən istilər növbəti illərlə müqayisədə sərin hesab olunacaq. Maraqlıdır, istiləşmənin hansı fəsadları olacaq, Azərbaycana necə təsir edəcək? Təbiətdə nə kimi dəyişikliklər baş verə bilər?
Məsələ ilə bağlı Publika.az-a danışan ekoloq, professor Çingiz İsmayılov bildirib ki, havanın temperaturu daim dəyişir, bu dəyişmə uzun bioloji proses ərzində müxtəlif tempdə baş verir:
“Bəzən bu, qısa müddət ərzində baş verir. Ancaq təbii və dövrü bir prosesdir. İstiləşmələr, havanın soyuması bütün dövrlər boyu baş verib və bundan sonra da baş verəcək. Yəni burada təəccüblü bir hal yoxdur. Biz indi növbəti istiləşmə dövründəyik. Bu dəyişmələr günəşin fəallığı, kosmogen proseslərlə və təbii ki insan fəaliyyəti islə bağlıdır.
Ancaq insan fəaliyyətinin təsiri qlobal iqlim dəyişməsində həlledici rol oynamır. Qlobal iqlimin dəyişməsi günəşin fəallığı ilə bağlıdır. Digər tərəfdən Yerin təkində gedən proseslərlə və çıxan enerji ilə bağlıdır. Günəş şüalarının intensivliyinin, radiasiyanın artması hava kütlələrinin istiləşməsinə təsir edir.
Okeanın istiləşməsi də havanın dəyişməsinə təsir edir. İndi Atlantik okeanında formalaşan “El-Nino” dəniz cərəyanı isti hava kütlələrini Latın Amerikasının şimal-şərqindən Avropa istiqamətində daşıyır. Bir neçə ildir müşahidə olunur ki, qərbi Avropa sahillərində dekabrda hava isti olanda Kanadanın şərq sahillərində dənizin üst qatı buzla örtülür. “El-Nino” cərəyanı qlobal iqlim dəyişməsinə də təsir edir”.
Ekoloqun sözlərinə görə, iqlim dəyişikliklərini birbaşa antropogen təsirlə əlaqələndirmək düzgün deyil:
“Heç insan olmadıqda belə yer üzündə dörd dəfə buzlaşma dövrü olub. Planetimiz tam buzla örtülüb. Çox isti dövrlər də olub”.
Onun sözlərinə görə, istiləşmələr Azərbaycanda da özünü büruzə verəcək:
“Biz Planetin bir hissəsiyik. Quraq, yarı quraq zonaya aidik. Bizim kimi təbiətə sahib ölkələrdə istiləşmə daha ağır fəsadlar yaradır. Belə ki, su qıtlığı məsələsi ciddiləşə bilər. Biz yalnız daxildəki su mənbələrinin 30 faizi hesabına özümüzü təmin edirik. Üçdə iki hissəsi respublikadan kənardan daxil olan sulardır.
Dövlət tərəfindən son 15 ildə ardıcıl düzgün siyasət aparıldı və sünu su anbarları, göllər yaradıldı. Bu da isti dövrdə ərzaq təhlükəsizliyini təmin etmək, kənd təsərrüfatı, suvarma sahəsində problemin həlli üçün çox vacib rol oynayır. Suvarılma çox vacibdir. Kənd təsərrüfatı Azərbaycanın qeyri-neft sektorunun önəmli sahələrindən biri olduğu üçün bu istiləşmənin yarada biləcəyi roblemlər üzərində düşünməliyik. Bir ərazidə istiləşmə özünü kəskin şəkildə büruzə verdikdə isti hava kütlələrinin digər ərazilərə hərəkəti və soyuq hava kütlələri ilə toqquşması yağışların yağmasına, qasırğaların əmələ gəlməsi və sairə kimi təbii fəlakətlərin yaranmasına təkan verə bilər”.
Çingiz İsmayılov qeyd edib ki, bu prosesdə qlobal miqyasda insanın həlledici rolu yoxdur:
“Bəzən yazırlar ki, bu istiləşmədə insanın rolu böyükdür. Əlbəttə ki, insanın rolu da var. Amma həlledici deyil. Həlledici olan günəşin fəallığının dəyişməsidir, kosmogen proseslərdir və Yerin nüvəsində baş verən proseslərin yerin üst qatlarına və atmosferə çıxmasıdır.
Bu proseslərin üst-üstə düşməsi, iqlim dəyişikliklərinin kəskinləşməsinə səbəb olur. Regional və ya lokal səviyyədə ola bilər. Ancaq qlobal miqyasda insanın rolu heç də həlledici deyil. Bunlar təbii proseslərdir”.





















