Amerikanın “Forbes” jurnalı dünyanın ən zəngin milyarderlərinin 38-ci illik reytinqini təqdim edib.
Ulusal.az-ın məlumatına görə, artıq ikinci ildir ki, siyahıya LVMH (Louis Vuitton Moet Hennessy) qrupunun prezidenti Bernard Arnault başçılıq edir.
Bernard Arnault
Belə ki, “Forbes” jurnalı Arnaultun sərvətini 233 milyard dollar qiymətləndirib.
Ötən ilki nəticə ilə (211 milyard dollar) müqayisədə onun sərvəti 10%-dən çox artıb. 75 yaşlı milyarderin əsas sərvəti onun LVMH səhmləridir. Bundan əlavə, Arnaultun “Agache” holdinqi “Netflix” və “ByteDance”də (TikTok-un sahibi) paya sahibdir.
Siyahıda ikinci yeri keçən il olduğu kimi, “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask tutub.
İlon Mask
“Forbes” onun sərvətini 195 milyard dollar qiymətləndirib. İş adamı keçən ilki nəticəni (180 milyard dollar) yaxşılaşdırsa da, 219 milyard dollar sərvətlə reytinqə başçılıq etdiyi 2019-cu ildəki rəqəmə çata bilməyib. Qeyd edək ki, Mask “Tesla” səhmlərinin təxminən 21%-nə sahibdir.
Maskdan bir qədər geri qalaraq ilk üçlüyü “Amazon”un qurucusu Ceff Bezos qapayır.
Ceff Bezos
Belə ki, o, ötən ilki reytinqə nisbətən mövqeyini dəyişməyib. Onun sərvəti 194 milyard dollar qiymətləndirilir. Qeyd edək ki, 2021-ci ildə Bezos “Amazon”un baş direktoru vəzifəsindən istefa verərək, bu vəzifəni hələ də şirkəti idarə edən Endi Cessiyə verdi. Milyarder yaratdığı İT nəhənginin səhmlərinin 10%-nə sahibdir.
“Meta” şirkətinin rəhbəri (Facebook, Instagram və WhatsApp-ın sahibidir) Mark Zukerberq 2024-cü il reytinqində ilk beşliyə qayıdıb.
Mark Zukerberq
O, 177 milyard dollar sərvəti ilə dördüncü yeri tutub. Bu, biznesmenin kapitalının 64,4 milyard dollar qiymətləndirildiyi keçən illə müqayisədə demək olar ki, üç dəfə çoxdur. Sonuncu dəfə Zukerberq 2021-ci ildə 97 milyard dollar sərvəti ilə ilk beşlikdə olub.
Nəhayət, beşinci yeri “Oracle” proqram təminatı və server aparatlarının tərtibatçısı olan Larri Ellison tutub.
Larri Ellison
O, ötən illə müqayisədə nəticəsini yaxşılaşdırıb (107 milyard dollardan 141 milyard dollara), lakin ümumi reytinqdə bir mövqe itirib.
Keçən il olduğu kimi dünyanın ən zəngin iş adamları onluğuna “Berkshire Hathaway” şirkətinin rəhbəri Uorren Baffet (6-cı yer, 133 milyard dollar), “Microsoft”un yaradıcısı Bill Qeyts (7-ci yer, 128 milyard dollar) və korporasiyanın keçmiş baş direktoru Stiv Balmer (8-ci yer, 121 milyard dollar) daxil olub.
İlk 10-luğda yeganə yeni gələn “Google”un həmtəsisçisi Larri Peyc (10-cu yer, 114 milyard dollar) və onun ortağı Sergey Brin 11-ci yeri (110 milyard dollar) tutub.
Reytinqin ilk onluğunda ABŞ-dan olmayan yeganə milyarder, enerji, neft-kimya, telekommunikasiya, pərakəndə satış və maliyyə xidmətləri sahələrində fəaliyyət göstərən “Reliance Industries” şirkətinin rəhbəri hindistanlı sahibkar Mukeş Ambani də var. Onun sərvəti 116 milyard dollar qiymətləndirilir. Keçən il olduğu kimi, iş adamı 9-cu yeri tutub.
Uorren Baffet
Bill Qeyts
Stiv Balmer
Larri Peyc
Sergey Brin
Mukeş Ambani
Musavat.com