Dünyanın ən əhəmiyyətli sənət əsərlərindən biri olan Ayasofya Məscidinin Bütöv Planı tamamlanıb. Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Vəqflər Ümumi Müdirliyi tərəfindən aparılan işlərlə bənzərsiz əsərin demək olar ki, hər santimetri skan edilib və rəqəmsal planı yaradılıb. Ulusal.az xəbər verir ki, dünyada bir ilk olan bu cür rəqəmsal planın əhəmiyyəti ondan ibarətdir ki, Ayasofya hər hansı təbi fəlakətdən ziyan görsə, orijinal halında yenidən tikilə bilər.
İnşasına 532-ci ildə başlanan və 537-ci ildə istifadəyə verilən Ayasofya Məscidi 1985-ci ildə ‘Dünya Mədəni İrs’ siyahısına daxil edilib.
Dünyanın ən mühüm tarixi-memarlıq əsərlərindən biri olan Ayasofya həm Türkiyə vətəndaşlarının, həm də turistlərin ən çox ziyarət etdiyi məkanlardan biridir. Lakin bu unikal əsər ziyarətçi sıxlığı və iqlim təsirləri səbəbindən zamanla aşınır və təmirə ehtiyac yaranır.
1572-ci ildə Memar Sinan tərəfindən bərpa edilən bina 1847-ci ildə Sultan Əbdülməcidin dövründə isveçrəli Fossati qardaşları tərəfindən əsaslı təmir edilib.
Bu günlərdə Ayasofya tarixində üçüncü ən əhatəli iş aparılır.
Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Vəqflər Ümumi Müdirliyinin 2022-ci ildə başlatdığı ‘Ayasofya İnteqrasiya Layihəsi’ tamamlandı.
Layihə çərçivəsində Ayasofyanın demək olar ki, hər kvadrat santimetri skan edilib. Gələcək nəsillərə ötürülməsi üçün binanın rəqəmsal eskizi yaradılıb və arxivləşdirildib.