Ata yurdum Dərələyəz. Bu gün yağı düşmənin tapdağında qalan bu əzəli türk yurdu sanki cənnətin bir parçasıdır.Dağları,çayları,buz bulaqları,meşələri,şəlalələri göz oxşayıb hər zaman.Eyni zamanda bu torpaq dahilər bəxş edib Azərbaycanımıza,türk dünyasına…
Soy-kökümün bağlı olduğu Dərələyəzin Sallı kəndindən bizim ailə 1949-cu ildə deportasiya olunub.Orda yaşayan qohumlarım isə 1988-ci ildə qovuldular öz torpaqlarından.Hələ uşaq vaxtlarımdan baba-nənəmdən,atamdan,əmilərimdən o torpaqlar haqqında çox şey eşitmişdim.Eşitdiklərimi,oxuduqlarımı,araşdırdıqlarımı toplayıb 90-cı illərdə müxtəlif qəzetlərdə çap etdirirdim. 1999-cu ilin mart ayında Humanitar şöbənin müdiri işlədiyim “Millət”qəzetində “Dərələyəz mahalı” adlı iri həcmli yazım çap olundu.Qəzet çapdan çıxan gün bir də gördüm ki,bir cavan oğlan mənə yaxınlaşıb ədəblə salam verdi.Əlində də həmin qəzet .Aramızda belə dialoq oldu.
– Aqil müəllim,Dərələyəz haqqında yazdığınız bu yazını çox bəyəndim.Çox sağ olun,gözəl yazmısınız.
-Təşəkkür edirəm ,çox sağ olun.
– Mən də bu qəzetdə təzə işə düzəlmişəm.Adım Vüqardır, Əsgərov.Mən də Dərələyəzdənəm,Qovuşuq kəndindən.
– Ə,qardaş,ta denən Qavışığlıyam da bə…
İkimiz də gülüşdük.
Qovuşuq kəndi haqda böyüklərimdən,ağsaqqallarımdan çox eşitmişdim.Babamın o kənddə dostları var idi,əmim,digər qohumlarım 40-cı,50-ci illərdə Qovuşuq kəndində məktəbdə oxumuşdular.Atam da tez-tez adını dilinə gətirdiyi Təkədonduran dağının Qovuşuq tərəfdə olduğunu söyləmişdi mənə.
Beləcə Vüqar Əsgərovla-bizim yeni işçimizlə,eloğlumla dostluğumuz başladı.Bir neçə gün sonra isə iş yoldaşlarımızla Vüqargildə onun 25 yaşını qeyd etdik.Bir neçə ay sonra isə Vüqar kollektivlə birgə Göyçaya-mənim toy məclisimdə iştirak etmək üçün gəlmişdi.Toydan qayıdanlar Bakıya gecə yarısı çatdığı üçün Vüqar 10-dan çox adamı gecə evlərində qonaq etmiş,səhər yedirdib-içirdib yola salmışdı.Belə oğuldur, Vüqar Əsgərov.
Sonralar o Bakıda,mən rayonda yaşasam da,əlaqələrimiz kəsilmədi.Gah mən Bakıya gedir,onun Xırdalandakı evində qonağı oluram,gah o Göyçaya gəlir.
Vüqar İsa oğlu Əsgərov 1974-cü ilin aprel ayının 13-də Qərbi Azərbaycanın Dərələyəz mahalının Keşkənd rayonunun Qovuşuq kəndində dünyaya göz açıb.Uşaqlıqdan Təkədonduran dağının əzəmətini görüb,Arpa çayının şırıltısını eşidib,bu cənnət məkanın suyu,havası,canına,qanına hopub.Lakin mənfur düşmən 1988-ci ildə onları da yurd-yuvalarından perik saldı.Əvvəlcə Naxçıvanda-Şahbuzda məskunlaşdılar,daha sonra Bakıya pənah gətirdilər.Orta məktəbi bitirdikdən sonra Vüqar 1992-ci ildə ordu sıralarına yollandı.Bir qədər təlim keçdikdən sonra döyüşə atıldı.Döyüş yolu Ağdərədən,Füzulidən keçdi. Döyüşlərdə xeyli silahdaşını itirdi,özü də bu döyüşlərdə yaralandı. Amma düşmən önündə əyilmədi, sınmadı. Atəşkəs dövründə ali təhsil aldı.Bu dəfə əlinə qələm alıb oddan-alovdan keçmiş ,canını Vətən uğrunda qurban vermiş şəhidlərdən,qazilərdən yazmağa başladı. Beləcə onun ” Azərbaycanın Milli Qəhrəmanları”, ” Bir ovuc torpaqdır yarama məlhəm”, “Sinəmdə yurd dağı var”, ” Savaş üçün doğulanlar” kitabları çap olundu. Vüqar Əsgərov həmçinin” Xüsusi Təyinatlı “, ” Qərargah rəisi”, “Kəşfiyyatçı”, “Dəmir mayor”, ” 777″, ” Poladın izi ilə”, “Dəmir atlı” və.s sənədli filmlərin ssenari müəllifi,redaktoru,baş məsləhətçisidir.
Hazırda Respublika Xatirə Kitabı Redaksiyasında redaktor vəzifəsində çalışan Vüqar Əsgərov ailəlidir,Amin adlı bir oğlu var.
Vüqar mərddir,Vətənpərvərdir,son tikəsini də başqasıyla bölmək qabiliyətinə malikdir.Haqlının yanında,haqsızın önündə durmağı bacaran,sözü üzə şax deməyi bacaran əsl Azərbaycan KİŞİsidir.
Dəyərli qardaşımızın 50 yaşı tamam olur. Yazının əvvəlində qeyd etdiyim kimi 25 yaşını evlərində qeyd etmişdik 1999-da. 50 illik yubileyini də belə təbrik etdik.İnşallah növbəti -55 yaşını dünyaya göz açdığı Dərələyəzdə- Təkədonduran dağının ətəyində,Arpa çayın sahilində,doğma Qovuşuq kəndində qeyd edək.Birlikdə mənim ata yurdum Sallı kəndini,eləcə də Horsu,Qabaxlını,Ələyəzi,Gülüdüzünü,Qaraqayanı və.s gəzək.O günün gələcəyinə qəlbən inanıram.Əziz dostmu 50 iliik yubileyi münasibətilə təbrik edir,can sağlığı və uğurlar arzulayıram.
AQİL KƏNGƏRLİ.
şair-publisist
AYB,AJB üzvü,Prezident mükafatçısı