8 noyabr – Zəfər Günü ərəfəsində ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə canlarından keçmiş Daşkəsən rayonundan olan Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət edilir, ərzaq və maddi yardımlar olunur, müraciətləri dinlənilir, mövcud problemlərinin aradan qaldırılması üçün tədbirlər görülür.
Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov ziyarət zamanı qeyd etmişdir ki, son 20 ildə Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən, tam müstəqil siyasəti ilə dünyada etibarlı tərəfdaş statusunu qazanan, nəhayət, 200 illik erməni xülyasını məhv edən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Xankəndində bayrağımızı ucaldanda bir daha 2003-cü il oktyabr ayının 31-də Prezident kimi Azərbaycan xalqı qarşısında içdiyi andı xatırlatdı: “Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi”.
44 günlük Vətən müharibəsinin yaratdığı reallıq işğalçı tərəfə dərs olmadı. Əgər erməni millətçiliyinin yaratdığı xəstə təxəyyül olmasaydı işğalçı Ermənistan 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyannamənin şərtlərinə əsasən üzərinə götürdüyü öhdəliyi yerinə yetirər və Azərbaycanı növbəti hərbi tədbirə- təxminən 24 saatlıq lokal xarakterli antiterror tədbirinə məcbur etməzdi. 2023-cü ilin sentyabrın 19-da başlanan antiterror tədbiri əslində 44 günlük Vətən müharibəsinin davamı kimi də xarakterizə oluna bilər. Prezident cənab İlham Əliyevin nəyi nə vaxt etmək barədə siyasi fəlsəfə məzmunlu açıqlaması vaxtında verilən düzgün siyasi qərar və onun mükəmməl icrası arasında sarsılmaz vəhdət təşkil edir. 44 günlük Vətən müharibəsində olduğu kimi bir sutkalıq lokal xarakterli antiterror tədbiri də beynəlxalq hüquqa uyğun olaraq zamanında başladı və uğurla sona çatdırıldı. Vaxtında verilən qətiyyətli hərbi-siyasi qərarların mükəmməl icrası sayəsində Azərbaycanın ərazi bütövlüyü və Konstitusiya quruluşu tam bərpa edildi. 2023-cü ildə dövlətçilik tariximizə qızıl hərflərlə yazılan antiterror tədbiri isə Ermənistanın himayədarlarına və Xankəndindəki separatçı rejimə növbəti sarsıdıcı zərbəni vurdu. Beynəlxalq hüquqa arxalanan antiteror tədbirləri nəticəsində Azərbaycan qarşıya qoyulan bütün hədəflərə nail oldu. Bütün kommunikasiyalar, yollar, yüksəkliklər nəzarətə götürüldü. Artıq ən qısa zamanda Qarabağ iqtisadi bölgəsinin bütün ərazisində Azərbaycan qanunları bərqərar olunacaq, siyasi hakimiyyətin fəaliyyəti təmin olunacaq, üçrəngli müqəddəs bayrağımız ucalacaqdır.
V.Məmmədov şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına dövlət tərəfindən göstərilən diqqət və qayğıdan bəhs edib, şəhidlərin əziz xatirəsinin qəlblərdə daim yaşayacağını diqqətə çatdırıb, şəhid ailələrinin qaldırdıqları məsələləri nəzarətdə saxlayacağını və həlli məqsədilə müvafiq tədbirlərin görüləcəyini bildirib.
Şəhid valideynləri ilə görüşdə qəhrəmanlarımızın şərəfli döyüş yolundan danışılaraq xatirələri anılıb.
Şəhid ailələri şəhidlərə, onların ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.