Prezident İlham Əliyevin sərəncamı ilə 4 Oktyabr – Cəbrayıl Şəhəri Günü elan edilmişdir. Bundan sonra biz hər il bu gözəl günü qeyd edəcəyik. Böyük Qayıdışımız məhz Cəbrayıldan, Aprel döyüşlərində azad olunmuş Cocuq Mərcanlı kəndindən başladı. İkinci Qarabağ müharibəsindəki birinci ciddi uğurumuz da məhz Cəbrayıl şəhəri ilə, Cəbrayıl rayonu ilə bağlıdır. Bu, ölkəmizin tarixində əbədi qalacaq bir hadisədir. Çünki müharibənin birinci həftəsində, oktyabrın 4-də Cəbrayıl şəhəri işğaldan azad edildi.Ali Baş Komandan İlham Əliyevin Azərbaycan xalqı qarşısında dediyi bu sözləri 31 iyul 2023-cü il tarixdə imzaladığı sərəncamla əbədiləşdirdi.4 oktyabr Cəbrayıl Şəhəri Günü elan olundu. Artıq dörd ildir ki, cəbrayıllılar, eləcə də bütün Azərbaycan xalqı bu təqvim gününü yüksək əhval ruhiyyədə böyük təntənə ilə qeyd edirlər.
Zəfər tarixinə işğaldan azad edilmiş ilk şəhər kimi həkk olunan Cəbrayılda da azad edilmiş digər ərazilərimiz kimi, yenidənqurma və bərpa işləri operativ və sistemli şəkildə davam etdirilir, sakinlərin öz ata-baba yurdlarında rahat və firavan yaşaması üçün bütün infrastruktur yaradılır. Həmçinin məşğulluğun yüksək səviyyədə təmin edilməsi üçün zəruri tədbirlər həyata keçirilir. 2020-ci ilin 4 oktyabrından başlayaraq Dövlətimizin başçısı dəfələrlə rayona səfər edərək, görülən işlərlə yaxından tanış olur, təməlqoyma və açılış mərasimlərində iştirak edir, müvafiq tapşırıq və tövsiyələrini verir. Bu il sentyabrın 26 -da Cəbrayıl şəhərinə ilk köç oldu.133 ailə ümumi 433 nəfər öz ata-baba yurduna dönərək orada tikilən rahat ,geniş və işıqlı mənzillərdə yasamaga başlayıb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib,yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim ediblər. Xatırladaq ki,44 günlük Vətən müharibəsi başa çatandan az sonra -2020-ci il noyabrın 16-da Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Cəbrayıl rayonuna səfər etmişdilər.Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan Bayragını ucaltmışdı.Qədim Xudafərin körpüsünün azad edilməsi və burada bayrağımızın ucaldılması böyük tarixi önəm məna daşıyır. Dövlətimizin hərtərəfli qayğısını öz üzərlərində hiss edən cəbrayıllılar da inanırlar ki, tezliklə doğma yurdları Azərbaycanımızın çiçəklənən diyarına çevriləcək. Artıq Cəbrayıl şəhərinin azad olunmasının dördüncü ildönümüdür.Bu münasibətlə bütün cəbrayıllıları,Azərbaycan xalqını təbrik edirəm.
Nəsib Məhəməliyev
Milli Məclisin deputatı