Artıq xeyli vaxtdır ki, Qarabağdakı separatçıların, onların havadarlarının, və ümumilikdə dünya erməniliyinin Laçın yolu ilə bağlı “blokada şousu” davam edir.
Yük maşınlarını sərhədə toplamaq “əməliyyatı”, “Həkəri yürüşü” və digər həmlələr istənilən nəticə verməyəndən sonra Ermənistan hökuməti növbəti addım kimi Laçın yolunun açılması ilə bağlı BMT Təhlükəsizlik Şurasına(TŞ) müraciət edib, baxmayaraq ki, bu müraciətin heç bir hüquqi əsası yoxdur. Digər yandan, Ermənistan özü 30 il ərzində bu qurumun 4 qətnaməsini lazımsız kağız parçası kimi kənara atıb, onun tələblərini yerinə yetirməyi heç ağlının ucundan belə keçirməyib. BMT TŞ-nin bu durumda Azərbaycana qarşı ata biləcəyi maksimal addım Laçın yolunun açılmasına dair çağırış (çağırış, tələb yox!) ola bilər. Çünki bunu tələb etmək üçün heç bir hüquqi əsas yoxdur, istər Laçın yolu, istər Xankəndinin özü elə həmin BMT TŞ-nin üzvlərinin də tanıdığı Azərbaycanın suveren ərazisidir! Yeri gəlmişkən qeyd edək ki, ayrı-ayrılıqda heç bir BMT TŞ üzvü ölkəsi Laçın yolu ilə bağlı Azərbaycana qarşı hər hansı tələb, yaxud çağırış irəli sürməyib. Əvəzində, ABŞ-dan Avropa Şurasına kimi rəsmi səviyyələrdə Azərbaycanın təklif etdiyi Ağdam yolu variantına məqbul münasibət sərgilənib.
Yalnız Fransanın Ermənistandakı səfirliyi belə bir çağırış edib. Yəni, ermənipərəst Fransa belə tam mənada bunu Azərbaycandan tələb edə bilmir. Çünki yenə də qeyd edirik ki, bunun üçün hüquqi əsasları yoxdur.
Ancaq bütün bunlarla yanaşı, təəssüf ki, hazırda bütünlükdə dünya böyük bir hüquqsuzluq problemi yaşayır və bu, özünü təkcə Rusiyanın Ukraynaya qarşı təcavüzü nəticəsində beynəlxalq hüququn növbəti dəfə ayaqlar altına atılmasında göstərmir. Məsələn, elə dünyada az qala demokrtaiya, hüquq etalonu kimi qəbul olunan ABŞ-da Kapitoliyə hücumun təşkili də daxil olmaqla Donald Trampın törətdiyi açıq-aşkar cinayət xarakterli çoxsaylı əməlləri, eləcə də Co Baydenin oğlunun korrupsiya əməlləri normalda hər iksinin həbsi ilə nəticələnməli idi. Ancaq siyasi elitaya aid bu şəxslər adi amerikalılarla müqayisədə həbsdən yayına bilirlər və bunun özü də ABŞ kimi ölkədə belə hüququn, qanunun böhran yaşadığının təzahürüdür. Yaxud, Haaqa məhkəməsinin barəsində həbs qərarı çıxardığı Putin xarici səfərlərə gedir, dəstə-dəstə xarici ölkə başçılarını qəbul edir, beynəlxalq qurumların başçıları ilə danışıqlar aparır və sair. Və indi, belə bir dünyada Azərbaycanı hansısa beynəlxalq qurumun, təşkilatın qərarı, təzyiqi, təhdidi ilə hədələyirlər. Baxmayaraq ki, Azərbaycan xarici ölkələrlə, o cümlədən də Ermənistanla münasibətlərdə bütün beynəlxalq hüquq normalarına riayət edən dünyadakı az sayda ölkələrdən biridir…
Buna baxmayaraq, belə bir vəziyyətdə Ermənistan və onun havadarları özlərinin anladığı səviyyədə beynəlxalq hüququ Azərbaycanın üzərinə qaldırmağa çalışırlar. Ermənistan hakimiyyətinin son addımları, yəni, Azərbaycanın həm Ağdam, həm də Laçın yolunun açılması, eləcə də Qarabağdakı ermənilərin nümayəndələrilə Yevlaxda görüş keçirilməsi təkliflərindən imtinası, əvəzində BMT TŞ-yə absurd müraciəti bir daha göstərir ki, Nikol Paşinyan 5 ildir Ermənistanı idarə etsə də, hətta 44 günlük müharibədəki sarsıdıdıcı məğlubiyyətdən sonra hakimiyyətini saxlamağa müvəffəq olsa da, ciddi siyasətçi, dövlət xadimi ola bilməyib və hələ də qalmaqal jurnalisti olaraq qalır. Məsələ ondadır ki, Paşinyanın 10 noyabr sazişində ermənilərə sata biləcəyi yeganə bənd Laçın yolunun rusların nəzarətində saxlanması və ermənilərin oradan sərbəst hərəkətilə bağlı idi. Azərbaycan sərhəd-keçid məntəqəsi quraşdırandan sonra bu arqument də onun əlindən çıxdı. İndi Paşinyanın bu şoudan qazana biləcəyi yeganə şey ermənilərə “BMT TŞ-yə qədər getdik” deyə bilməsidir və bu halda həmin şikayətin hansı nəticə verəcəyi, TŞ-nin hansı qərar çıxaracağı önəmli deyil. Əsas odur ki, Paşinyan “əlindən gələni etdi” və istənilən halda o və onun hakimiyyəti “blokada oyunu”nda böyük ölçüdə itirən tərəf olmayacaq… Bu şoudan yaxşı qazanc götürənlər sırasında isə sözsüz ki, erməni diasporundan gen-bol bəhrələnən, varlı erməniləri “sağan” bir sıra Qərb siyasətçiləri, senatorlar, konqresmenlər və digər simasız, korrupsiyalaşmış siyasətçilər xüsusi yer tuturlar. Məhz onlar bu “blokada şousu” ətrafında hay-küy yaratmaqda aparıcı rol oynayırlar və sözsüz ki, bunun qarşılığında həm maddi qazanc, həm də erməni seçicilərin səsini əldə edirlər.
Xankəndindəki xuntanın başçıları və Ermənistandakı revanşistlər də bundan pis qazanmırlar. Belə ki, Rusiyanın təlimatları ilə oturub-duran bu individlər Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyasının mümkünsüzlüyü, Rusiya hərbi kontingentinin Qarabağdakı mövcudluğunun daha uzunmüddətli olmasının zəruriliyi görüntüsü yaratmaq üçün fürsət əldə ediblər.
Rusiya geosiyasətinin “bicbalası” Ruben Vardanyan da öz çirkin missiyasını davam etdirməklə, “blokada şousu”ndan qazananlar sırasındadır. Ümumiyyətlə, Kremlin Qarabağa atdığı Vardanyanın Qarabağ erməniləri tərəfindən “bəh-bəhlə” qəbul edilməsi onların guya müstəqillik, hansısa bəşəri dəyərlər, azadlıqlar uğrunda apardıqları “mübarizə”nin üstünə “batırmaları” kimi bir şey oldu. Çünki bu adamın nə Qarabağla, nə oradakı ermənilərin “mübarizəsi” ilə heç vaxt yaxından-uzaqdan əlaqəsi olmayıb. Həmin ermənilərin bu fırıldaqçını onun çirkli pulları müqabilində az qala öz simvollarına çevirmələri, ona “vəzifə” vermələri isə separatçıların sadəcə, pul köləsi olduqlarını növbəti dəfə sübut etdi…
Görünən odur ki, nəticə etibarilə bu “blokada şousu”ndan uduzan yenə kimlərinsə əlində alətə çevrilmiş Qarabağdakı ermənilər olacaq. Çünki onların Azərbaycana inteqrasiyası özlərinin seçdikləri “rəhbərləri” və havadarları sayəsində əngəlləndikcə, seçim imkanları daha da daralır. Nəticədə, vaxtilə eyforiyadan, indi isə çıxılmazlıqdan başı gicəllənən 30-40 minlik bu erməni toplumunun Qarabağdan köç etməsi ehtimalı da günbəgün artır. Bir gün bu köç baş verəndə isə bunun günahını Azərbaycanda yox, vardanyanlarda, arutyunyanlarda, Ermənistandakı revanşistlərdə, xaricdəki erməni diasporunda və ən nəhayət, öz geosiyasi maraqları naminə onları alətə, oyuncağa çevirən Rusiya və Fransa kimi ölkələrdə görməlidirlər…
İndi bildirilir ki, bir müddət əvvəl Azərbaycan tərəfi öncə Ağdam yolunun açılması şərtilə Laçın yolunun da açılmasına razılıq verib. Ancaq ermənilər, daha doğrusu, separatçıların başçıları və havadarları bununla razılaşmayıblar. Azərbaycanın hər iki yolun açılmasına razılıq verməsi isə görünür ermənilər tərəfindən Bakının zəifliyi, geri addım atması kimi qəbul olunub və bundan çıxış edərək, təzyiqi daha da artırmaq qərarına gəliblər. Lakin bu da onların növbəti böyük səhvidir və bu, həmin ermənilərin növbəti tarixi şanslarını əldən vermələrilə yekunlaşa bilər. Bir şeyi anlamaq lazımdır ki, belə təzyiqlərin qarşısında geri çəkilmək rəsmi Bakı üçün sadəlövhlük, iradəsizlik nümayişi olardı və əlbəttə ki, Azərbaycan rəhbərliyi buna getməyəcək!“AzPolitika.info”