image-rt-reklam
image-4backend

Bir gözümüz gülür, bir gözümüz ağlayır – Daşaltı şəhidlərinin komandiri DANIŞIR

image-728x90

Şuşa yaxınlığında yerləşən Daşaltı kəndinin azad edilməsi məqsədi ilə 1992-ci ilin 25-26 yanvar tarixilərində könüllü batalyonlar tərəfindən əməliyyat keçirilib. Sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyevin rəhbərlik etdiyi əməliyyatda Azərbaycan Ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak edib. Təəssüf ki, əməliyyat uğursuz olub, Ordumuz çoxlu şəhid verib, onlarla hərbçimiz itkin düşüb.

Nəhayət 31 ildən sonra Daşaltıda itkin düşənlərin nəşi tapılaraq dəfn edilib.

Həmin döyüşlərin iştirakçılarından biri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev Daşaltı əməliyyatı və itkin düşənlərlə bağlı Modern.az-a danışıb.

Füzuli Rzaquliyev Daşaltı əməliyyatındakı məğlubiyyətin səbəblərindən bəhs edərkən, ordudakı qarışıqlığı, başıpozuqluğu qeyd edib:

“Əməliyyatla bağlı qarışıqlıqlar vardı. Mənim əsgərlərimi o biri briqadanın rəhbərinin tabeleyinə, onun əsgərlərini də mənim əmrimə vermişdilər. Silahı bizə döyüşə girəndə payladılar. Rabitə əlaqəsi yox idi və s.”.

F.Rzaquliyev bildirib ki, onun rəhbərlik etdiyi dəstədən əsir düşən olmayıb:

“Mənim qrupum kəndin içərisindəydi. Ermənilərə qarşı xeyli sərt müqavimət göstərdik. Xeyli düşmən hərbçisini öldürdük. Nə yaralımız, nə də şəhidimiz orda qaldı. Hamısını çıxardıq. Bizdə qətiyyən əsir düşmək söhbəti yox idi. Birinci Şıxov batalyonundan bir nəfər də olsun əsir düşməyib. Biri yox idisə, biz bilirdik ki, şəhid olub. Rövşən Xəlilov adlı əsgərim vardı. Əl qumbarasını partladaraq ermənini də, özünü də məhv etmişdi. Qubadan Zaur Cəfərov adlı əsgərim axırıncı patronunu özünə vurmuşdu”.

Müsahibimiz Daşaltıda itkin düşənlərin nəşinin 31 ildən sonra da olsa, tapılmasını yüksək qiymətləndirib və buna görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib:

“Allah Prezidentimizin canını sağ eləsin ki, torpaqlarımızı azad etdi. Biz də əlimizdən gələni etdik. Həmin qələbənin nəticəsidir ki, artıq itkin düşənlər öz ailələrinə qovuşur. Bu da böyük xoşbəxtlikdir. Bir neçə dəfndə mən özüm də iştirak etdim. Adam həyəcanlı anlar yaşayır. 31 idən sonra döyüş yoldaşını dəfn edirsən. Bir gözün ağlayır, bir gözün gülür. Düzdür, mən bilirdim ki, Daşaltı əməliyyatında itkin düşənlərdən sağ qalan yoxdur. Ancaq valideynlər düşünürdülər ki, övladları sağ ola bilər.

Artıq həmin valideynlərin gözləri yollarda qalmayacaq. Gedib anmağa, ağlamağa yerləri var. Biz təşkilat olaraq Şəhidlər xiyabanında Şuşa və Bakı Şəhər İcra hakimiyyətlərinin köməyi ilə böyük bir abidə ucaltmışdıq. İndi isə həm də məzarları da var”.

“Daşaltıda itkin düşənlərin sayı çoxdur. Orada ümumi 92 nəfər şəhid olmuşdu”,- F.Rzaquliyev deyib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90