Avqustun 15-dən Azərbaycanda genişzolaqlı internet tarifləri üzrə sürət və ödəniş məbləğinə dəyişiklik edilib. Belə ki, GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan sürətlər 2.5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 Mbit/s-yə və 100 Mbit/s sürətini isə 250 Mbit/s-yə qədər) artırılıb. Yəni abunəçilərə 100 Mbit/s internet üçün 25 AZN, 150 Mbit/s internet üçün 30 AZN, 250 Mbit/s internet üçün 36 AZN qiymət təklif edilir.
İnternetin bahalaşması nəyi dəyişdi? Sürət artdı, keyfiyyət yaxşılaşdı?
Mövzu ilə bağlı danışan İnformasiya Kommunikasiya Texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov deyib ki, Azərbaycanda internet qiymətlərinin artması son aylarda ictimaiyyətin diqqətini çəkib:
“Müşahidə və çevrə məlumatlarımızdan bildiyim qədər ilə bəzi provayderlər artıma getsə də əksər provayder artımı növbəti aya saxlayıb.
Artımın əsas səbəblərindən biri ölkədə internet infrastrukturunun təkmilləşdirilməsi və sürətin artırılmasıdır. Bu dəyişikliklər daha yüksək sürətli və stabil internet xidməti təmin etmək məqsədini daşıyır və müştəri məmnuniyyətini artırmağa yönəlib. Belə ki, ödəniş artımı əsasında provayderlərin bəzilərində sürət artımı hiss olunur, bəzilərində isə hiss olunmur. Yetərli sürət olmayan ərazilərdə buna səbəb həmən provayderlərdə qurulan şəbəkə topalogiyasının düzgün olmaması və ya hər hansısa müəyyən əskikliklərin olmasını göstərir. Lakin, internet tariflərinin bahalaşmasına baxmayaraq, bəzi istifadəçilər bu artımların xidmət keyfiyyətinə əhəmiyyətli təsir etmədiyini bildirir. Bəzi provayderlərdə 70-80 mbit göstərsə də, bəzilərində 10-30 mbit arasında dəyişir. Ancaq provayder ilə abunəçi arasında bağlanmış müqaviləyə əsasən 100 mbit kimi qeyd olunur ki, bu da bəzən abunəçilərdə fikir qarışıqlığı formalaşdırır. Ümumiyyətlə, sürət artımından söhbət gedirsə, burada həm provayder, həm də abunəçinin əməl etməli olduğu hissələr var. Belə ki, provayderlər onlara aid olan şəbəkə avadanlıqlarını, abunəçilər isə evlərində əvvəllər 2.4 GHZ dəstəkləyən cihaz istifadə edirdilərsə, artıq dual band dəstəkləyən 2.4 GHZ və 5 GHZ dəstəkləyən router cihazlardan istifadə etməyə çalışsınlar. Ümumilikdə, artımı tam hiss edə bilmək, provayderlər öz tərəflərindəki nöqsanları görüb tam aradan qaldırmaq üçün müəyyən zamana ehtiyac var”.Globalinfo.az