Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri Aslan Aslanov vəzifəsindən azad olunduqdan sonra qurumda “təmizləmələrə” başlanılıb.
Belə ki, ötən həftə ərzində AZƏRTAC-ın 20-yə yaxın işçisi tutduqları vəzifələrdən azad ediliblər.
Bu barədə “AzPolitika.info”ya məlumatlı mənbə xəbər verib.
İşdən kənarlaşdırılanların agentliyin keçmiş sədri Aslan Aslanovun yaxın qohumları, dostları olduğu bildirilir.
Aparılmış yoxlamalar nəticəsində həmin işçilərin bəzilərinin iş bacarığının çox aşağı olduğu, bəzilərinin isə keçmiş sədrin şəxsi işlərinə baxdıqları müəyyən olunub. Onların yoxlamalardan sonra öz ərizələri ilə işdən çıxdığı qeyd olunur.
Mənbənin sözlərinə görə, “təmizlik işləri”nin davam edəcəyi gözlənilir. Belə ki, yaxın zamanda AZƏRTAC-ın xarici ölkələrdəki müxbirlərinin fəaliyyəti də yenidən dəyərləndiriləcək.
Xatırladaq ki, ötən ay Prezident İlham Əliyevin sərəncamı ilə Aslan Aslanov AZƏRTAC-ın İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.