Tanınmış Azərbaycan diplomatı, 1998-2009-cu illərdə Azərbaycan Respublikasının İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri olmuş Abbasəli Həsənov hafta.az-a ilk müsahibəsində son növbədənkənar prezident seçkilərində qalib gələrək İran İslam Respublikasının 9-cu prezidenti seçilmiş Məsud Pezeşkianla dostluq münasibətlərindən, onun bir Azərbaycan türkü kimi xalqına, millətinə, Vətəninə bağlılığından, indiyədək çalışdığı hər bir postda İrana gələn Azərbaycan Respublikası vətəndaşlarının problemlərinin həlli üçün əlindən gələni etməsindən və bundan sonra da Azərbaycan-İran münasibətlərinin canlanması üçün əlindən gələni edəcəyindən danışdı. İranın türkəsilli yeni prezidentinin həmin ölkədəki soydaşlarımızla bağlı görəcəyi işlərdən, həmçinin onun xarici siyasətdə, o cümlədən Qəzzadakı İsrail-“HƏMAS” savaşının durdurulması üçün ata biləcəyi addımlardan və s. bəhs etdi…
-Abbasəli müəllim, çox güman ki, İranda çalışdığınız dövrlərdən son növbədənkənar prezident seçkilərində qalib gələrək İran İslam Respublikasının 9-cu prezidenti seçilmiş Məsud Pezeşkianla tanışlığınız olub. Onu öncə bir insan, Azərbaycan türkü kimi necə tanıyırsız?
-İranda işlədiyim dövrdən bəri doktor Məsud Pezeşkianla dost olmuşuq, indi də dostuq və inanıram ki, dostluğumuz bundan sonra da davam edəcək. Yadımdadır ki, o, Məhəmməd Hatəminin birinci prezidentlik dövründə səhiyyə nazirinin müavini, ikinci dövründə isə yəni 2001-2005-ci illərdə səhiyyə naziri işləyib. Öncə onu deyim ki, cənab Pezeşkianın sayəsində İrana müalicə üçün gedən Azərbaycan vətəndaşlarının İranın öz vətəndaşlarına tətbiq olunan güzəştlərlə müalicə olunması və dərmanları da eyni qaydada ucuz qiymətə alması təşkil olundu.
Hələ nazir müavini işlədiyi illərdə də doktor Pezeşkianın səhiyyə sahəsində Azərbaycana xeyli köməyi olmuşdur. Mən İranda səfir kimi çalışdığım dövrdə həm Səhiyyə, həm də Xarici İşlər Nazirliklərində danışıqlar apararaq həmin qurumlardan Qarabağ müharibəsini, 1 milyona yaxın qaçqınımızın olmasını, iqtisadiyyatımızın hələ oturuşmamasını nəzərə alaraq Azərbaycandan gələn xəstələr üçün güzəştli şərait yaradılmasını xahiş edirdim. Həmin vaxt müalicə üçün İrana gedənlərin sayı-hesabı yox idi. Və dediyim kimi, azərbaycanlı xəstələrin güzəştli müalicə və ucuz qiymətə dərmanla təminatı məhz doktor Pezeşkianın sayəsində təşkil edilirdi…
Bir insan olaraq Məsud Pezeşkianın bir dənə də olsun, mənfi xüsusiyyətinə rast gəlməmişəm. O istər bir insan, istərsə də bir siyasətçi kimi həmişə səmimi olub, dost kimi daim sədaqətli olub. Doktor Pezeşkian bir siyasətçi kimi həmişə cəsarətli olub, haqqı, doğru sözü deməyə özündə cəsarət tapıb. Çox misallar çəkmək olar. Məsələn, 2-3 il bundan öncə İranda baş örtüksüz görünən qadınları çox incidirdilər. Hətta Məsha Əmini adlı bir xanım geyiminin İslama uyğun olmamasından ötrü polis məntəqəsində döyülərək öldürülmüşdü. O zaman bu məsələnin araşdırılması, günahkarların müəyyən edilməsi, sağlam insanın polisə aparıldıqdan sonra oradan meyitinin çıxarılmasının səbəblərinin aydınlaşdırılması üçün hakimiyyət qarşısında qəti tələblər qoyan məhz Pezeşkian oldu. Bir sözlə, Pezeşkian haqqın, ədalətin tərəfdarı olan cəsarətli, eyni zamanda müdrik və praqmatik bir siyasətçidir. Saf və təmizdir, əli heç bir çirkaba bulaşmayıb. Xalqını, millətini, Vətənini çox sevən, özündən və ailəsindən də yüksək tutan ləyaqətli bir insandır…
Pezeşkianın əqidəcə də milliliyini isbatlayacaq bircə misal gətirəcəm. O, 2002-ci ildə rəsmən səhiyyə naziri təyin olunduqdan sonra paytaxt Tehranda onunla rəsmi görüşə getdim. Məqsədim həm də Azərbaycandan gedən xəstələrin güzəştli müalicə və dərmanlarla təmin olunması məsələsini qaldırmaq idi. Öncədən bu haqda xəbərdar etdiyimdən görüşümüzdə nazirliyin müvafiq idarələrinin rəisləri də iştirak edirdilər. Səhv etmirəmsə, 5 nazirlik əməkdaşı iştirak edirdi. Bilirdim ki, həmin vəzifəli məmurlardan 3-ü türk dilində bilmir. Qeyri-rəsmi hissədə Məsud bəylə türk dilində danışaraq bir-birimiz, dost-tanış haqda hal-əhval tutduq. Ancaq rəsmi hissədə mən fars dilində danışmağa başladım, çünki İranın dövlət dili fars dilidir. Çıxışıma başlayanda Pezeşkian məni saxlayıb soruşdu ki, dayan, qardaş, öz dilimizdə niyə danışmırsan. Cavab verdim ki, axı sizin əməkdaşların çoxu türk dilini başa düşmür, dediklərimi anlamayacaqlar- söhbəti yazıya almalıdırlar. Pezeşkian isə qətiyyətli şəkildə bildirdi ki, onlar türk dilini bilmirsə, bu, onların müşkülüdür, zəhmət çəkib türk dilini öyrənsinlər. Dedi ki, siz və mən fars dilini öyrənmişik, onlar da türk dilini öyrənsinlər. Həmin olaydan sonra Pezeşkianla bütün rəsmi görüşlərimizdə də Azərbaycan türkcəsində danışırdım…
-Prezident seçkilərindən öncə İrandakı bəzi mətbu orqanlarında guya Məsud Pezeşkianın anasının kürd olması haqda da informasiyalar dolaşdı. Sizcə, belə məlumatlar haradan qaynaqlanır?
-Bunlar hamısı şayiələrdir. Onun milliliyi, kökünə, soyuna bağlılığı da heç bir şübhə yarada bilməz. Pezeşkian özü seçki kampaniyası zamanı keçirdiyi görüşlərindən birində ona verilən “Siz türksünüzmü?” sualına “Mənim atam da, anam da türkdür, özüm də türkəm, övladlarım da türkdür. Və mən öz uşaqlarıma evdə fars dilində danışmağa icazə verməmişəm, həmişə yalnız türk dilində danışmışıq. Amma fars dilində öyrənmişik” cavabını verdi. Rəhmətlik Heydər Əliyevin məşhur kəlamı vardı: “Mən fəxr edirəm ki, azərbaycanlıyam…” Pezeşkian isə belə deyir: “Mən iftixar edirəm ki, azəri türküyəm…”. Yəni hər iki kəlam eyni mənanı ehtiva edir…
Amma öyrənmişəm ki, Pezeşkian kürd dilini də bilir. Bunun da səbəbi odur ki, onun doğulub boya-başa çatdığı Qərbi Azərbaycan vilayətinin Mərkəzi Urmiya ərazisində kürdlər çox yaşayır. Ola bilər ki, uşaqlıqdan qonşuluğunda-filanda kürd uşaqlar çox olub və onlarla ünsiyyət sayəsində tədricən kürd dilinə də yiyələnib. Hər hansı bir özgə dili bilmək həmin millətə mənsub olmaq demək deyil ki… Təsəvvür edirsiz, mən universitet illərində gözəl müəllimlərimizin sayəsində fars dilini mükəmməl öyrəndiyimdən artıq səfir işləyəndə barəmdə mətbuatımızda şayiə yaymışdılar ki, guya mənim anam farsdır. Göyçədə fars yaşayıb məgər?..
Onu da deyim ki, Pezeşkianın anasının guya kürd olması haqda şayiəni adını çəkmək istəmədiyim xaricdə yaşayan bir iranlı ortalığa atdı. Həmin kəs sonra da sual edib ki, Pezeşkian indiyədək azəri türkləri üçün nə edib.
-Necə hesab edirsiz, yenicə prezident seçilmiş və “Mənim atam da, anam da türkdür” deyən Məsud Pezeşkian İrandakı, vurğuladığınız kimi, milli çoxluq təşkil edən soydaşlarımızın on illərdir tələb etdiyi haqlarının heç olmasa bir qisminə qovuşması üçün real bir iş görə biləcəkmi?
– Əvvəla, onu deyim ki, İrandakı orada “azəri türkləri” adlandırılan Azərbaycan türkləri adətən milli azlıq kimi qələmə verilir. Halbuki tam əksinədir. Yəni o ölkədə Azərbaycan türkləri milli çoxluq təşkil edir. Və gerçəklikdə İran İslam Respublikası əhalisinin 52 faizi, yəni yarıdan çoxu Azərbaycan türkləridir. Bu faktı İranın rəsmi şəxsləri də etiraf edir…
Səhv etmirəmsə, 2007, yaxud 2008-ci il idi. Azərbaycanın o vaxtkı rabitə naziri, akademik Əli Abbasov İrana rəsmi səfərə gəlmişdi. Nazir Tehranda bir sıra görüşlər keçirdi. Görüşlərdən biri də İran prezidentinin 1-ci müavini doktor Davidi ilə oldu. 1-ci müavin Azərbaycan-İran münasibətlərinin əhəmiyyəti, bu münasibətlərin inkişafı üçün mövcud imkanlardan daha geniş şəkildə yararlanmağın zərurəti haqqında danışdı. Sonra da bizlərin qardaş olduğunu vurğulayaraq bildirdi ki, gərək İranla Azərbaycan arasındakı əlaqələr bütün sahələrdə məhdudiyyətsiz inkişaf edə. O dedi ki, əlaqələrimiz xüsusən iqtisadiyyatın bütün sahələrində, o cümlədən rabitə sahəsində maksimum inkişaf etməlidir. Bundan sonra doktor Davudi əlavə etdi: “Bu yaxınlarda İranda əhalinin siyahıya alınması prosesi başa çatıb. Və sizə bildirmək istəyirəm ki, İran əhalisinin 100-də 52-si, başqa sözlə, 52 faizi azəri türkləridir”. Bax, bu faktı İran prezidentinin 1-ci müavininin dilindən eşitmişik. Bunu hörmətli Əli Abbasovdan da soruşa bilərsiz…
Həmin vaxtdan təxminən 3 ay sonra Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev də İrana rəsmi səfərə gəldi. Onun bütün İran Silahlı Qüvvələrinin və digər bütün güc və hüquq-mühafizə strukturlarının başında yaradılmış və birbaşa ali dini rəhbərə tabe olan Məsləhət Şurasının rəhbəri rəhmətlik Ayətullah Şahrudi ilə rəsmi görüşündə yenə də İran-Azərbaycan münasibətlərinin inkişaf perspektivlərindən danışıldı. Və söhbət zamanı Ayətullah Şahrudi də vurğuladı ki, bu yaxınlarda İranda əhalinin siyahıya alınması prosesi başa çatıb və ölkə əhalisinin 52 faizinin azəri türkləri olduğu bilinib. Sonra da bir əlavə etdi ki, mənim kürəkənlərimdən ikisi türkdür və mən onlardan çox razıyam. Çünki onlar ailəcanlıdırlar, böyüklərə qarşı diqqətlidirlər, çalışqandırlar və s. Daha sonra Ayətullah Şahrudi yarızarafat-yarıgerçək bir fikir də işlətdi: “İran əhalisinin 100-də 52-si azəri türkləridirsə, yerdə 48 faiz qaldı, onların da yarısının bir tərəfi, yəni ya atası, ya anası türkdür. Yerdə nə qədər qaldı, 24 faiz. Həmin 24 faizin də sadəcə türk olmağından xəbəri yoxdur…
Beləliklə, bu faktları nəzərinizə çatdırdıqdan sonra demək istəyirəm ki, öncəki söhbətlərimizdə dediyim kimi, xalqını, millətini, Vətənini hədsiz dərəcədə sevən doktor Pezeşkianın yenicə seçildiyi İran prezidenti kürsüsündə də öz soydaşlarının problemlərinin həlli üçün də əlindən gələni edəcək…
-Bilirsiz, məsələ ondadır ki, reallıqda İranda prezident vəzifəsi ikinci dərəcəli, icraedici vəzifədir. Ölkənin idarəçiliyinin, daxili və xarici siyasətinin əsas istiqamətlərini yönəldən Ali Dini rəhbərdir. Belə olan halda cənab Pezeşkian öz soydaşlarını nə qədər sevmiş olsa da, onların haqlarının qorunması istiqamətində gerçək addımlar ata biləcəkmi?
-Sözsüz ki, cənab Məsud Pezeşkianın İrandakı prezidentliyi dövründə Konstitusiya və qanunlar çərçivəsində milli siyasət sahəsində də müəyyən islahatlar aparılacaq. Və bunları yalnız İranda yaşayan Azərbaycan türkləri deyil, digər millətlər də istəyir. Məsələn, öz ana dillərində orta və ali təhsil almaq, mətbuat, kitab nəşri, hər vilayətdə çoxluq təşkil edən etnik azlıqların doğma dillərində radio və televiziya verilişlərinin yayımlanması və s. belə tələblərdəndir… Amma bunlarla bağlı islahatların konkret hansı məsələləri əhatə edəcəyini, ayrı-ayrı millətlərin istəklərinin nə dərəcədə təmin olunacağını indidən söyləmək çətindir. Bütün hallarda bu proses başlayacaq. Çünki illər boyudur ki, İranda, öncə də həmin ölkənin öz rəsmilərinə xitabən dediyim kimi, milli azlıq yox, milli çoxluq təşkil edən Azərbaycan türkləri deyilən haqları istəyiblər. Eyni zamanda ölkədəki digər millət nümayəndələri; kürd, ərəb, bəluc, lur və s. də eyni tələblərlə çıxış ediblər. Və yenə də deyirəm, sözsüz ki, İranda belə hüquqlar müəyyən dərəcədə təmin olunacaq…
-Özünün açıq şəkildə dediyinə görə, nəsli-kökü ilə Azərbaycan türkü olan yeni İran prezidentinin Azərbaycan-İran münasibətlərinin yüksək səviyyəyə çatdırılması üçün əlindən gələni edəcəyinə şübhəniz varmı?
– Pezeşkianın yeni seçildiyi Prezident kürsüsündə Azərbaycan-İran münasibətlərinin yüksək səviyyəyə çatdırılması, eləcə də İranda uzun illər əmələ ğəlmiş və artıq böyük problemlərə çevrilmiş müşküllərin, xüsusən adi insanları incidən, narahat edən sosial məsələlərin həlli üçün əlindən gələni edəcəyinə əminəm. Məsələn, ölkədə iqtisadiyyatın durumu acınacaqlı bir səviyyəyə çatıb. İnflyasiya həddən artıq çox yüksəkdir, bahaçılıqdır. Və insanlar, xüsusən də aşağı təbəqələr bundan çox əziyyət çəkirlər və mən inanıram ki, Pezeşkian öz dürüstlüyü, düzgünlüyü ilə bir sıra neqativ halların qarşısını ala biləcək. Və ölkədəki əsas sosial problemləri də həll edə biləcək…
Pezeşkianın hakimiyyətə gəlişindən sonra Azərbaycan-İran münasibətlərinin müsbət istiqamətdə inkişafı üçün, sözsüz ki, böyük imkanlar yaranıb. Biz demirik ki, Pezeşkian Azərbaycan naminə İran dövlətinə zərər gətirəcək hansısa layihəni həyata keçirəcək. Xeyr. Əvvəla, Azərbaycan tərəfindən heç vaxt birtərəfli mənafe güdən, yəni yalnız Azərbaycanın xeyrinə olan, amma İranın ziyanına olan təklif verməmişik və bu gün də verilə bilməz. Şəxsən mən Tehranda səfir kimi işləyəndə də həmişə çalışırdım ki, hər hansı bir məsələnin həlli üçün elə bir yol tapaq ki, həm Azərbaycanın, həm də İranın mənfəətləri üçün xeyirli və uğurlu olsun. İki ölkə arasındakı problemlərə bu cür yanaşanda onlar mütləq həllini tapır. İnanıram ki, cənab Prezident İlham Əliyevin Prezident Məsud Pezeşkiana təbrik məktubu, onların telefon danışıqları və s. Azərbaycan-İran münasibətlərinə xüsusi bir oyanış, canlanma və inkişaf gətirəcək. Xüsusən də ötən il Tehranda- Azərbaycan səfirliyində baş vermiş terror aktından sonra münasibətlərimizdə meydana gəlmiş soyuqluq tədricən istiləşməyə doğru gedəcək. Bildiyiniz kimi, bu günlərdə İran paytaxtında səfirliyimiz fəaliyyətini bərpa etdi. Bu, artıq ikitərəfli münasibətlərin inkişafı üçün ən önəmli addımlardan biridir. Ümid edirəm ki, iki ölkə arasında Azərbaycan üçün də, İran üçün də mənfəət gətirəcək böyük və uğurlu layihələr həyata keçiriləcək. Buna heç bir şübhəm yoxdur…
Müəllif:Sultan Laçın




















