Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Azərbaycanın turizm imkanları Türkiyənin İstanbul şəhərində keçirilən Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisində (“EMITT – 2024”) nümayiş etdirilir.
Agentlikdən Musavat.com-a verilən məlumata görə, fevralın 9-dək davam edəcək sərgi çərçivəsində milli stenddə 6 turizm şirkəti, 2 hotel qrupu və “Azərbaycan Hava Yolları” QSC təmsil olunur.
Sərgidə ziyarətçilərə Azərbaycanın turizm potensiallı məkanları, qastroturizm, şərabçılıq, eləcə də qış turizmi imkanları, dağ-xizək mərkəzləri, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş “Xınalıq və Köç Yolu” mədəni landşaftı daxil olmaqla maddi-mədəni irs nümunələri, eləcə də işgüzar turizm imkanları haqqında geniş məlumat verilir, Türkiyə və digər ölkələrdən olan turizm sənayesi nümayəndələri ilə B2B formatlı görüşlər keçirilir.
Qeyd edək ki, Türkiyə 2023-cü ildə Azərbaycana səfər edən xarici ölkə vətəndaşlarının sayına görə 2-ci yerdə qərarlaşıb. Ötən il ərzində Türkiyədən ölkəmizə 378 204 nəfər olmaqla 2019-cu il rəqəmlərindən 19 faiz daha çox ziyarətçi gəlib.
![](https://cdn.musavat.com/news/images/XAL%C4%B0D%20K/dc2034e4-b34c-4848-9c5c-78d887bea34f.jpg)
![](https://cdn.musavat.com/news/images/XAL%C4%B0D%20K/6017277c-bfd7-4347-a197-1356e1c72119.jpg)
![](https://cdn.musavat.com/news/images/XAL%C4%B0D%20K/336c2f76-90c9-4189-9580-9c2d9264643b.jpg)
![](https://cdn.musavat.com/news/images/XAL%C4%B0D%20K/0ce1233c-ec27-435a-9ddf-847e76b8f360.jpg)