image-rt-reklam
image-1backend

Azərbaycanın tanınması baxımından çox vacib platforma

image-728x90

Prezident İlham Əliyevin təkcə kəmiyyət  deyil,  yeni strateji hədəflərin  müəyyənləşdirilməsi baxımından da cəlbediciliyini qoruyan   Şanxay Əməkdaşlıq Təşkilatının Astana Zirgə görüşündə iştirakı dünyada sülhün, regionda sabitliyin qorunmasında maraqlı olan  Azərbaycana artan marağın,  oxşar dəyərlərə sadiqliyin  ifadəsidir
Müstəqilliyini bərpa etdikdən sonra  suveren ölkə kimi,  xarici siyasətini  dövlətçilik mənafeyini və  milli maraqlarını qorumaqla   bütün dövlətlərlə, nüfuzlu  təşkilatlarla qarşılıqlı əməkdaşlıq, beynəlxalq hüquq normalarına ehtiram, qonşuların suverenliyi və ərazi bütövlüyünə hörmət, daxili işlərə müdaxilə edilməməsi prinsipləri  əsasında quran və ənənəni sədaqətlə  davam etdirən Azərbaycan dünya siyasətinin aktual problemlərinin, regional  məsələlərin həllində, önəmli təşəbbüslərdə iştirakı ilə də fərqlənir, Cənubi Qafqazda sabitliyin qarantı kimi tanınır.  Birləşmiş Millətlər Təşkilatında  uğurla təmsil olunan ölkəmiz NATO və Avropa təsisatları ilə də  əməkdaşlığı  qarşılıqlı münasibətlər, eləcə də anti-terror koalisiyası tərkibində  davam etdirir.
Hazırda Azərbaycan  müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq əlaqələrinin qurulmasına, transmilli layihələrin reallaşmasına, Avropa dövlətlərinin enerji təhlükəsizliyinə  töhfə verən qüdrətli  güclü aktor, regional güc mərkəzi kimi qəbul edilir, sivilizasiyalararası körpü rolunu uğurla davam etdirir. Beynəlxalq əlaqələrini genişləndirən   ölkəmizin dünya birliyinə  uğurlu inteqrasiyası  Azərbaycanın geniş coğrafiyanı əhatə edən  diplomatiyasının dəstəklənməsidir.
Dünyada sürətlə dəyişməkdə olan geosiyasi şərait sülh və sabitliyin möhkəmləndirilməsində, iqtisadi inkişafın gücləndirilməsində , ictimai-siyasi tarazlığın qorunmasında, təhlükəsizliyin təmin edilməsində beynəlxalq təşkilatların üzərinə  daha böyük vəzifələr düşdüyü müasir dünyamızda  Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) son illərdə beynəlxalq arenada nüfuzunun artması  quruma maraqdan qaynaqlanır. Əsas fəaliyyət istiqamətlərindən olan regional təhlükəsizliyin təmin edilməsi, terrorizmə, separatizmə və ekstremizmə qarşı mübarizədə fəal rol oynayan təşkilat  “Terrorizm, separatizm və ekstremizmə qarşı mübarizə haqqında” 15 iyun 2001-ci il tarixli Şanxay Konvensiyasının tələblərindən irəli gələn prinsiplər əsasında  fəaliyyətini uğurla davam etdirir. İqtisadi güc mərkəzinə çevrilmək naminə   səylərini artıran ŞƏT-in  «Böyük yeddiliyin” alternativi» adlandırılması da təsadüfi deyil.
Dünyada sülhün, bölgədə sabitliyin tərəfdarı olan Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrə böyük önəm verməsi oxşar dəyərlərə sadiqliyin göstəricisidir. ŞƏT-də dialoq tərəfdaşı statusuna sahib olan Azərbaycan təşkilatla əməkdaşlığını daha da dərinləşdirmək, müşahidəçi, daha sonra isə tamhüquqlu üzv olmaqda maraqlıdır.   Azərbaycanın Avrasiya məkanında əsas tranzit qovşağa çevrilməsi, Orta Dəhliz layihəsinin əsas tərəfdaşlarından olması, Şimal-Cənub, Şərq-Qərb dəhlizlərinin qovşağında yerləşməsi, malik olduğu  əlverişli nəqliyyat infrastrukturu ölkəmizin ŞƏT üçün əhəmiyyətini daha da artırır.
Zəngəzur dəhlizinin açılmasında maraqlı olan  ŞƏT-ın ölkəmizlə əməkdaşlığa böyük önəm verməsi quruma daxil olan dövlətlərin xarici siyasətinə, nəqliyyat–logistika sferasının genişlənməsinə də uyğundur. ŞƏT-in Səmərqənddə keçirilən Sammitində  dəhlizlə bağlı fikirlərini  «Zəngəzur dəhlizinin açılması region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və bu marşrut üzərində yerləşən bütün ölkələr üçün faydalı olacaq» sözləri ilə ifadə edən Prezident İlham Əliyev İkinci  Qarabağ müharibəsində  qazandığımız Zəfəri Cənubi Qafqazda  nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaratdığını da bildirib. ŞƏT Azərbaycanın səsinin dünyada eşidilməsi baxımından da çox vacib platformadır.   Təsadüfi deyil ki,  təşkilata Qərb dövlətləri tərəfindən də maraq artmaqdadır.
Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sədri statusunda Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə ŞƏT-in Zirvə toplantısında iştirak etmək üçün  Prezident İlham Əliyev iyulun 3-də Astanaya səfəri münasibətləri daha da genişləndirib.
Xəbər verildiyi kimi, «ŞƏT+» formatında keçirilən toplantıda  16 ölkənin dövlət və hökumət başçıları iştirak ediblər. Azərbaycanın belə mötəbər təşkilatın Sammitinə ikinci dəfə dəvət olunması ölkəmizin, xüsusilə Prezident İlham Əliyevin dünya miqyasında güclənən  nüfuzunun və dövlətimizin başçısına göstərilən yüksək ehtiramın ifadəsidir. «Çoxtərəfli dialoqun möhkəmləndirilməsi – davamlı sülhə və inkişafa nail olmaq»” mövzusuna həsr olunan  Zirvə görüşündə ŞƏT-ə üzv ölkələrin dövlət və hökumət başçıları siyasi, iqtisadi-ticari, mədəni-humanitar əməkdaşlıq və digər məsələlərə dair geniş spektrdə aktual mövzuları müzakirə edililib. Əsas siyasi sənəd olan Astana Bəyannaməsi imzalanıb ki, bu sənəd ŞƏT-in bir çox aktual məsələlərlə bağlı mövqeyini ortaya qoyaraq təşkilatın fəaliyyətini qiymətləndirib və gələcək üçün istiqamətləri müəyyənləşdirib.
Dövlət başçımızın bu cür nüfuzlu  beynəlxalq platformada  növbəti dəfə iştirakı ölkəmizin sülh, sabitlik, tərəqqi, dini radikalizmə, beynəlxalq terrora qarşı mübarizədə  qətiyyətlə davam etdirdiyi siyasətə tam uyğundur.  Daha dəqiq ifadə edilsə, təşkilata üzv dövlətlərlə  ikitərəfli əməkdaşlığa böyük önəm verən    Azərbaycanın bu Sammitdə iştirakı ölkəmizin multilateralizmə verdiyi önəmin göstəricisidir.
Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş strategiyanın uğurla davam etdirilməsi nəticəsində Azərbaycan dünyanın əsas yük axını istiqaməti olan Çin-Avropa-Çin arasında əsas körpüyə çevrilib. Dünyada və regionda baş verən geosiyasi hadisələrlə əlaqədar Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi – Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən keçməklə Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrutdur. Xatırladaq ki, Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu məhz Azərbaycanın təşəbbüsü, sərmayələri hesabına reallaşıb. Bu amil Orta Dəhlizin önəmini artırmaqla yanaşı, geniş ərazini əhatə edən  ölkələr arasında əməkdaşlığın  inkişafı baxımından unikal imkanlar təqdim edir.
Beləliklə, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı kimi mötəbər qurumun Sammitində növbəti dəfə iştirakı dünyada qətiyyətli və uzaqgörən lider kimi böyük nüfuz qazanmış Prezident İlham Əliyev şəxsiyyətinə dərin hörmət və ehtiramın göstəricisidir. Azərbaycanın bu tədbirdə iştirakı, eyni zamanda, ölkəmizin Şərq ilə Qərb arasında bütün sahələrdə mühüm körpü rolunu oynamasının əyani təsdiqi sayıla bilər.

Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90