image-rt-reklam
image-17166265254833821108_1200x630backend

Azərbaycanın COP29-la bağlı yeni təşəbbüsləri ŞƏRH

image-728x90

“Dünya kiçilir” ifadəsini çox eşitmişik. Xüsusilə yeni əsrin başlanğıcından etibarən beynəlxalq həyatda cərəyan edən mahiyyətcə yeni proseslərin qlobal ictimai-siyasi həyatın daha geniş sahələrini əhatə etməsi minilliklər boyu əlçatmaz, sirli və möcüzəli hesab edilən dünyanın “kiçilməsini” daha da sürətləndirməkdədir.

Bu gün dünya hər tərəfi hər bucaqdan aydın görünən çoxrəngli bir mozaikaya bənzəyir. Bu mozaikanın tərkibində bir-biri ilə uzlaşan və uzlaşmayan çoxsaylı və çoxölçülü hissəciklər var. Onların bir-biri ilə təmas konfiqurasiyaları da olduqca müxtəlifdir. Bu qədər müxtəlifliyin içində onlar arasındakı qarşılıqlı əlaqələrin ahəngdarlığını tapmaq və təmin etmək isə o qədər də asan məsələ deyil. Bu gün qlobal siyasi sistemin üzvləri olan dövlətlər məhz belə bir mürəkkəb mozaikanı xatırladır. Yeni əsrin əvvəllərindən bu günədək Azərbaycan dövlətinin apardığı beynəlxalq siyasət formalaşmaqda olan yeni dünya düzənində ölkənin yerini və rolunu müəyyən etmək baxımından örnək hesab edilə bilər. Otuz il əvvəl torpaqları işğal olunan və dünya birliyindən öz haqlı mövqeyinə dəstək axtaran Azərbaycan bu gün qlobal siyasətin yeni dövrün tələblərinə uyğun modifikasiya edilməsində yaxından iştirak edən və bir sıra hallarda isə dünyada baş verən proseslərə istiqamət verən qüdrətli bir dövlətə çevrilib.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

O qeyd edib ki, bu həqiqəti Azərbaycan Prezidentinin “Euronews” telekanalına verdiyi müsahibə daha aydın göstərir. Avropanın aparıcı telekanalına verdiyi müsahibədə Prezident İlham Əliyev ölkəmizin Qoşulmama Hərəkatına sədrliyindən danışıb və 4 il müddətində bu Hərəkatın tarixində baş vermiş yeniliklərin mahiyyətini izah edib. Azərbaycanın bu təşkilata sədrlik etdiyi illərə qədər Qoşulmama Hərəkatı heç zaman qlobal siyasi həyatın gündəliyinə müdaxilə etmək və təsir göstərmək iqtidarında olmayıb. Məhz Azərbaycanın bu təşkilata sədrliyi dövründə Qoşulmama Hərəkatı dünya birliyini vahid məqsəd ətrafında səfərbər etməyə və pandemiyaya qarşı mübarizənin qlobal səviyyədə təşkilinə nail oldu. Azərbaycanın sədrlik etdiyi 4 il ərzində Qoşulmama Hərəkatının səsi dünyada BMT-dən daha güclü eşidilməyə başladı. Beynəlxalq ədalət prinsiplərinə beynəlxalq birliyin bütün üzvləri tərəfindən eyni dərəcədə əməl olunmasının zəruriliyi məhz Azərbaycan tərəfindən açıq şəkildə bəyan edildi. Çoxdan tarixin arxivinə qovuşmalı olan, amma Fransa kimi neomüstəmləkəçi ölkələr tərəfindən hələ də izlənməkdə olan kolonializm siyasətinə qarşı siyasi müqavimət və hələ də müstəmləkə əsarətində saxlanan xalqların azadlıq mübarizəsinə isə qlobal səviyyədə dəstək ifadə olundu.

“Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycanın məzlum xalqlarının mənafeyini müdafiə edən dünya miqyaslı siyasəti ona olan etimadı daha da gücləndirdi. Bu gün Azərbaycan COP29 tədbirinə ev sahibliyi etməyə hazırlaşır. Prezident İlham Əliyev “Euronews” kanalına verdiyi müsahibədə bu qlobal tədbirə hazırlıq işləri haqqında ətraflı məlumat verməklə yanaşı, Azərbaycanın hansı yeni təşəbbüslərlə çıxış edəcəyinə də qismən aydınlıq gətirib. Dövlətimizin başçısı bildirib ki, qlobal iqlim dəyişikliyi məsələlərinin öhdəsindən gəlmək üçün dünya birliyi qarşısında duran vəzifələrin uğurla həyata keçirilməsi sahəsində bütün dövlətlərin həmrəyliyi və ortaq məsuliyyəti artırılmalıdır. Prezident İlham Əliyev iqlim dəyişikliyi məsələləri ilə bağlı qlobal miqyasda təzahür edən inamsızlığı azaltmaq üçün bu məsələyə fərqli yanaşmalar kontekstində ortaq fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsini vacib hesab etdiyini bildirib. Qoşulmama Hərəkatına sədrlik müddətində olduğu kimi, COP29 tədbirləri ilə də bağlı Azərbaycan özünün yeni konsepsiyasını artıq irəli sürüb. COP29 tədbirlərinin əhəmiyyətini artırmaq və nəticələri daha da yaxşılaşdırmaq məqsədilə Prezident İlham Əliyev üçtərəfli əməkdaşlıq prinsipi əsasında yeni yanaşma mexanizmini tətbiq etməyin örnəyini göstərmək əzmindədir. Hazırda ölkəmizdə keçiriləcək COP29 tədbirinə hazırlıq prosesində BƏƏ-nin, Azərbaycanın və Braziliyanın birlikdə təcrübədən keçirdiyi əməkdaşlıq formatı COP tədbirlərinin gələcək formatlarına mühüm və səmərəli dəyişikliklər edilməsinə gətirib çıxaracaq. Bu isə öz növbəsində dünya birliyi üçün ən ciddi qlobal problem kimi görünən iqlim dəyişikliyi ilə mübarizənin daha səmərəli nəticələr verəcəyinə zəmin yaradır”, – deyə C.Feyziyev vurğulayıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90