İkili standartlar siyasətindən, selektiv yanaşmadan ən çox əziyyət çəkən ölkələrdən biri də Azərbaycandır. BMT Təhlükəsizlik Şurasının ölkəmizlə bağlı olan imperativ xarakterli məlum dörd qətnaməsinin 27 il ərzində kağız üzərində qalması təkcə beynəlxalq hüququn aliliyinə kölgə salmadı. Bu cür ədalətsiz yanaşma həm də işğalçılıq siyasətinin və separatçılıq meyllərinin digər coğrafiyalara da sıçramasına zəmin yaratdı. Ayrı-seçkilik o həddə çatdı ki, Təhlükəsizlik Şurasının başqa ölkələrə aid olan qətnamələri cəmi bir neçə gün ərzində qeyd-şərtsiz icra edildiyi halda, Azərbaycana gəldikdə, bu, baş vermədi. Ermənistanın işğalına ya göz yumuldu, ya da bağlı qapılar arxasında ona dəstək verildi. O vaxt vasitəçilik missiyasını üzərinə götürən üç nəhəng dövlət bitərəfliyi yalnız işğalçı ilə işğala məruz qalanın statusunu eyniləşdirməkdə, tərəflər arasında ədalətsiz şəkildə bərabərlik işarəsini qoymaqda görürdü. Belə riyakar münasibət kifayət edirdi ki, Ermənistan işğalçılıq siyasətini uzun illər ərzində davam etdirə və yaratdığı separatçı rejimin ömrünü uzada bilsin. İkili standartlar siyasətinin müəllifləri yalnız Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra fərqinə vardılar ki, separatizm artıq təhlükəsiz dünya nizamını təhdid edən ciddi faktora çevrilib. Təəssüf ki, hətta bu cür dəyərləndirmələrdən sonra da qeyri-adekvat mənzərəni müşahidə edirik. Açıq-aşkar görürük ki, müxtəlif çoğrafiyalardakı separatizmə münasibət bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. Getdikcə daha çox aydın olur ki, bəzilərinin separatizm kimi təhlükəli meylə kəskin etirazının arxasında beynəlxalq hüququn birmənalı müddəaları deyil, əksər hallarda öz geosiyasi maraqları dayanır. Coğrafiyalardan asılı olaraq, yanaşma tərzi elə buna görə riyakarcasına dəyişir, Azərbaycana gəldikdə, yenidən ayrı-seçkiliyə yol verilir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev bu ilin iyulunda “Euronews” televiziyasına müsahibəsində həmin məqamı xüsusi qabardaraq üzləşdiyimiz reallığı belə ifadə etmişdi: “İndi biz separatizmə qarşı mübarizə aparmaqda Ukraynaya kömək etmək üçün Avropa və Qərbin necə birləşdiyini görürük. Bəs bizə gəldikdə nəyə görə bizim separatizmə qarşı mübarizəmizə fərqli yanaşma sərgilənir? Nəyə görə Gürcüstanın separatçı regionları ilə bağlı yanaşması Qərb cəmiyyəti və siyasətçiləri tərəfindən tamamilə anlaşılır, lakin bizim eyni mənşədən olan separatizmə son qoymaq üçün legitim istəyimiz sual altına alınır?.. Nə üçün biz separatizmə dözməliyik? Biz bunu etməyəcəyik”.
Azərbaycan Prezidentinin bəyan etdiyi kimi, separatizmə dözmədik və cəmi birgünlük antiterror tədbirləri ilə xunta rejiminin ömrünə son qoyduq, beynəlxalq hüququ və tarixi ədaləti yenə də özümüz bərpa etməli olduq. Maraqlıdır ki, Prezident İlham Əliyevin müsahibəsindən gətirdiyim iqtibas ölkəmizdə yayımlanan rəsmi mətnlərdə yer alsa da, “Euronews” televiziyasının efir variantında ixtisar edilmişdi. Bunun yayım siyasətindən, efir vaxtının məhdudluğundan, yaxud hansısa “senzor” istəyindən qaynaqlanmasından asılı olmayaraq, faktın özü cəmiyyətimizdə xeyli suallar doğurdu. Amma hər bir halda həqiqət ortadadır və Azərbaycan Prezidenti təkzibolunmaz reallığı açıq şəkildə ifadə etdi. Növbəti həqiqətlərdən biri onunla bağlı oldu ki, antiterror tədbirindən sonra Qarabağı tərk edən ermənilər heç bir zorakılıqla üzləşmədilər, əksinə, Azərbaycan əsgər və zabiti ehtiyacı olanlara yardım göstərdi, dünyanın gözü qarşısında onlara su, çörək və digər ərzaq məhsullarını payladı. Lokal xarakterli antiterror tədbiri o qədər dəqiq həyata keçirildi ki, Ermənistan baş naziri N.Paşinyanın özü belə, həqiqəti etiraf etməyə məcbur oldu. Bildirdi ki, əməliyyat zamanı mülki infrastruktur hədəf seçilməyib, mülki erməni əhalisinə ciddi və birbaşa təhlükə yaradılmayıb. İndi isə məlum olur ki, Ermənistana qayıdanların mütləq əksəriyyətinin Ermənistan pasportu var. Bu, bir tərəfdən, Ermənistanın anneksiya niyyətini növbəti dəfə təsdiq edir, digər tərəfdən, geri qayıdan ermənilərin Ermənistan vətəndaşlığı olduğu halda, onlara hansı məntiqlə qaçqın və ya məcburi köçkün demək olar? 31 il əvvəl zorakılığın ən şiddətli və iyrənc formaları ilə üzləşmiş azərbaycanlılardan fərqli olaraq, Qarabağdakı mülki ermənilərdən birinin də burnu qanamadı. Amma bütün bunlara baxmayaraq, Avropanın bəzi aparıcı ölkələri və Avropa Parlamenti kimi beynəlxalq təşkilatlar həqiqəti görmək və onu etiraf etmək istəmirlər. Riyakarlıq o həddə çatıb ki, Fransanın ədalətsiz anti-Azərbaycan mövqeyinə Avropa İttifaqının üzvü olmayan Kanadanın Xarici işlər naziri Melani Coli də qoşulub. O, diplomatiyanın elementar nəzakət qaydalarını tapdalayaraq, Ermənistanın sərhəddəki döyüş mövqelərindən Azərbaycan ərazilərini binoklla müşahidə etdi, daha irəli gedərək, ölkəmizə qarşı “deportasiya” ittihamını irəli sürdü. Bu, yalan və iftira üzərində qurulan ikili standartların, ayrı-seçkilik siyasətinin rəsmi səviyyədə davam etdirilməsi deməkdir. Təəssüf ki, Ser Uinston Çörçillin öz zəmanəsinin şərtlərinə uyğun olaraq söylədiyi “Həqiqət şalvarını geyənə qədər yalan bütün dünyanı dolaşır” ifadəsi bu gün də aktualdır.
Cəmiyyətimizi düşündürən haqlı suallardan biri də onunla bağlıdır ki, Avropa İttifaqının üzvü olmayan Kanada rəsmisinin Fransa kimi ölkələrin anti-Azərbaycan mövqeyini bölüşməsinin sirri nədədir? Axı, “dini və etnik dözümsüzlük” anlayışı ölkəmiz üçün heç vaxt aktual olmadığı kimi, indi də aktual deyil. Çünki dözümlülüyün ifadə etdiyi mənanı dəfələrlə üstələyən tolerant yaşam tərzi Azərbaycanda əzəldən formalaşıb. Ermənilərin ənənəvi leksikonunda milli ayrı-seçkiliyi məqsədli şəkildə qabardan “haysan, yoxsa türksən” kimi bədnam sualı azərbaycanlıların düşüncə və yaşam tərzinə həmişə yad olub. Əldə etdiyimiz tarixi Zəfər bir daha təsdiq etdi ki, milli mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan vətəndaşları etnik birlik amilindən daha çox Vətən və Dövlət kimi dəyərlər, bir də şəksiz Liderinə inam və sonsuz güvənc üzərində birləşib. Elə bütün bunlara görə oktyabrın 3-də Avropa Parlamentində aparılmış müzakirələr zamanı səsləndirilən fikirlər hər birimizdə qıcıq doğurdu və cəmiyyətimizin haqlı etirazına səbəb oldu. Çünki “Dağlıq Qarabağı Azərbaycana Stalin bağışlayıb” kimi absurd və həqiqətdən uzaq olan bəyanatlar, yaxud “erməni xristian qardaşlarımız təhlükədədir, biz onları tək qoymamalıyıq” və ya “biz Fransa ermənilərini necə seviriksə, Ermənistan və Qarabağ ermənilərini də eləcə sevib qorumalıyıq” kimi etnik və dini ayrı-seçkiliyi təşviq edən cəfəng fikirlər Azərbaycan cəmiyyətinin qəbul etmədiyi və əsrlər boyu qoruduğu tolerant yaşam tərzinə ziddir. Yəqin, həm də buna görədir ki, xalqımız xristian təəssübkeşliyinin siyasətə və beynəlxalq hüquqa bu səviyyədə sirayət etdiyinə heç vaxt inanmaq istəməyib. Elə bu səbəbdən də üç onillik ərzində üç xristian dövlətinin vasitəçilik etməsinə razılıq verib, onların ədalətli və bitərəf olacağına inanıb. Bu, sadəlövhlük deyil, tolerant və ədalətli xalqın yaşam tərzindən irəli gələn, hətta demokratiyanın beşiyi sayılan bəzi Avropa ölkələrinin hələ də anlamadığı və dəyər verə bilmədiyi reallıqdır. Təəssüf ki, həmin dairələr siyasi maraqları naminə ayrı-seçkilik, bölücülük kimi iyrənc üsuldan istifadə etməkdən bu gün də utanmırlar. Bu, lokal mənşəli separatizmdən daha təhlükəli tendensiyadır. Çünki siyasi maraqları tələb etdikdə, bəzi dairələr dini və etnik ayrı-seçkiliyi əllərində “bayraq” edir, bu, kifayət etmədikdə isə demokratiya və insan haqları kimi dəyərləri də siyasi manipulyasiya predmetinə və təzyiq vasitəsinə çevirməkdən çəkinmirlər. Azərbaycana qarşı qəbul edilmiş bütün qərəzli qətnamələrin, səsləndirilən əsassız iddia və bəyanatların kökündə ümumbəşəri dəyərlərin geosiyasi maraqlara qurban verilməsi kimi rüsvayçı siyasət dayanır. Prezident İlham Əliyev məhz bu gerçəkliyi nəzərə alaraq, Dünya Azərbaycanlılarının Şuşada keçirilən V Qurultayında qət etdiyimiz tarixi mücadilə yolunu belə dəyərləndirmişdi: “Biz təkcə Ermənistanla müharibə aparmamışıq. Biz təkcə dünya erməniliyi ilə müharibə aparmamışıq, biz Ermənistanın himayədarları ilə müharibə aparmışıq və bu müharibədə Qələbə qazanmışıq. Ona görə bu Qələbənin tarixi əhəmiyyəti daha böyükdür”.
Elə bütün bunlara görə, əldə etdiyimiz Qələbəyə tarixi Zəfər deməkdə tamamilə haqlıyıq. Çünki bu möhtəşəm Qələbə təkcə son 35 ilin deyil, iki əsri də aşan daha böyük tariximizin Zəfəridir!
Ülvi Quliyev
Milli Məclisin deputatı