Oktyabrın 15-də Prezident və Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi şəhərində, Ağdərə şəhərində, Xocalı şəhərində, Xocavənd şəhərində, Əsgəran qəsəbəsində və Sərsəng su anbarının ərazisində Azərbaycanın üçrəngli Dövlət Bayrağımızı ucaltdı. Beləliklə, tarixi ədalət bərpa olundu.
30 illik işğala son qoyulmasının, separatçılığın kökünün kəsilməsinin, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunmasının kulminasiya nöqtəsi hesab olunan və rəmzi nümayişi sayılan bu möhtəşəm bayraq dalğalanmasını istər xalqımız, istərsə də bütün Türk dünyası uzun illər boyu həsrətlə gözləmişdi. Nə yaxşı ki, ölmədik, bu günləri gördük, bu tarixi anlara şahidlik etdik.
Bir mühüm məqamı da xüsusi olaraq qeyd etməliyik ki, dövlətimizin başçısı 20 illik fəaliyyətinin hesabatını məhz Xan şəhərimizdə – Xankəndidə verdi. Qalib Prezidentin regionun əsas siyasi mərkəzinə – Xankəndi şəhərinə səfəri 44 günlük Vətən müharibəsindən və rəsmi Bakının lokal antiterror əməliyyatı nəticəsində bölgəyə nəzarəti bərpa etməsindən sonra ilk səfəridir. İlham Əliyev ilk səfər üçün də, Xankəndinin mərkəzində Dövlət Bayrağımızın ucaldılması üçün də olduqca uğurlu bir gün seçib. Bu, onun Prezident kimi 20 illik fəaliyyətinin təntənəsi anı idi. Təsadüfi deyil ki, Xankəndidə Azərbaycanın Dövlət Bayrağını ucaltdıqdan sonra xalqımıza etdiyi müraciətində Cənab Prezident bütün Qarabağ ərazisində Azərbaycan hakimiyyətini görmək üçün 20 il gözlədiyini bildirdi:
“Biz istədiyimizə nail olduq, Azərbaycan xalqının onilliklər ərzində olan arzularını çin etdik. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın”.
Son 20 il ərzində həm Azərbaycan xalqı, həm də dövlət başçımız hər gün, hər saat vahid amala doğru, öz müqəddəs məqsədinə doğru gedib. Bu amal torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpa edilməsindən ibarət idi. Bu illər ərzində İlham Əliyev xalqın dəstəyinə söykənərək həm güclü iqtisadiyyat yaratmağı, həm də güclü ordu qurmağı bacardı. Dövlət başçımızın özünün də qeyd etdiyi kimi, “son 20 il ərzində əldə edilmiş uğurlar göz qabağındadır. Bizim iqtisadiyyatımız dörd dəfədən çox artıb. Əsl müstəqilliyə nail olmaq üçün güclü iqtisadiyyatın və ordun olmalıdır. Biz haqlı olaraq Silahlı Qüvvələrimizlə fəxr edirik. Bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər və biz bunu döyüş meydanında sübut etdik, həm üç il bundan əvvəl Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdik, eyni zamanda, keçən ay cəmi 23 saat davam edən antiterror tədbirləri bizim gücümüzü göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu”.
Dövlət başçımız Xankəndinin mərkəzi meydanındakı çıxışında son 30 ildə Qarabağda yaşadığımız faciələrin əsasının 100 il bundan əvvəl – 1923-cü ildə Azərbaycan torpağında heç bir tarixi, coğrafi və siyasi əsası olmayan Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması ilə və 1980-ci illərin sonu, 90-cı illərin əvvəllərində o vaxtkı Azərbaycan rəhbərliyinin faktiki olaraq vəziyyəti nəzarətdən buraxmasıı, qorxaqlıq, acizlik, qətiyyətsizlik göstərməsi ilə qoyulduğunu da qeyd etdi. O, bildirdi ki, həmin vaxt Ermənistandan Qarabağa durmadan erməni millətçiləri, daşnaklar, qaniçənlər, beynəlxalq terrorçular gəlirdilər. Xalqımıza qarşı etnik təmizləmə siyasəti başlamışdı. Lakin Vəzirov, Mütəllibov, AXC-Müsavat hakimiyyətləri Azərbaycan xalqını bu təhlükələrdən qorumaq üçün lazımi səriştəlilik nümayiş etdirə bilmədi.
Nəticədə torpaqlarımız ard-arda işğala məruz qaldı, Xocalı soyqırımı baş verdi, Azərbaycan xalqı “olum, ya ölüm” sualının vəhşəti ilə üzləşdi. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, “cəmi altı il Azərbaycan Heydər Əliyevsiz qalmışdır və bu altı il bizim üçün faciəvi, böhranlı, utancverici illər kimi tarixdə qaldı. Torpaqlar işğal altına düşdü, bir-birini dəyişən antimilli hökumətlər faktiki olaraq ancaq öz şəxsi maraqlarını qorumağa çalışırdılar, həm sovet dövründə, həm müstəqillik dövründə. Xüsusilə AXC-Müsavat antimilli cütlüyünün xəyanətkar və satqın fəaliyyəti nəticəsində bütün bu boyda ərazi işğal altına düşdü, sonra da qorxaqcasına öz vəzifələrini guya donduraraq kənara çəkildilər”.
Cənab Prezidentin tamamilə haqlı olaraq vurğuladığı kimi həmin o faciəli günlərdə Azərbaycanın dövlət müstəqilliyini qoruyan məhz Ulu Öndər Heydər Əliyev oldu. Ulu Öndər Heydər Əliyevin dühası, onun siması, Heydər Əliyev amili Azərbaycan xalqının yardımına yetişdi və bu gün Xankəndinin mərkəzində üçrəngli bayrağımızın ucaldılması da məhz “Heydər Əliyev İli”nə təsadüf etdi. Bu da bir qanunauyğunlyuqdur. Dövlət başçımızın qeyd etdiyi kimi bu gün Ulu Öndərin, bizim bu günü görməyən bütün həyatdan gedənlərin ruhları şaddır. Biz istədiyimizə nail olduq. Azərbaycan xalqının onilliklər ərzində olan arzuları çin oldu. Azərbaycan xalqının ləyaqəti bərpa olundu. Biz torpaqlarımızı geri qaytarmışıq, ərazi bütövlüyümüzü bərpa etmişik.
Ölkə başçısının Xankəndi çıxışında ən çox diqqəti çəkən məqamlardan biri də ləğv olunmuş qondarma “respublika”nın keçmiş rəhbər şəxsləri haqqında söylədiyi öldürücü sarkzmla dolu fikirlər oldu. İlham Əliyev onları “üç təlxək” adlandırdı: “Özünü “prezident” adlandırmış üç təlxək bax, burada oturub bizə meydan oxuyurdu, bizi hədələyirdi, bizi təhqir edirdi. Onlar deyirdilər ki, onların tankları Bakı küçələrində olacaq, haqlı çıxdılar. Onların tankları Hərbi Qənimətlər Parkındadır. Onlar deyirdilər ki, Bakıya gəlib çay içəcəklər. Burada da haqlıdırlar. İndi çay içirlər, istintaq təcridxanasında. Biz isə təmkinlə hər şeyə yanaşdığımız kimi, bu məsələyə də təmkinlə və səbirlə yanaşırdıq. Çünki bilirdik ki, biz buraya gələcəyik. Mən bunu bilirdim. Mən düz 20 il bundan əvvəl – 2003-cü il oktyabrın 15-də Azərbaycan xalqına və özümə o sözü vermişdim. Özünü “prezident” adlandıran 3 təlxək bu gün öz layiqli cəzasını gözləyir”.
Bu gün Azərbaycan Prezidenti bütün dünyada öz vədlərinə sadiq qalan, qarşısına qoyduğu hədəflərə çatmağı bacaran bir lider kimi tanınır. Qarabağın Ermənistanın işğalından və erməni separatçılarından azad edilməsi, Azərbaycan Bayrağının Xankəndidə ucaldılması da 20 il əvvəl vəzifəyə gəldiyi gündən onun bir nömrəli hədəfi olub. Və budur, Azərbaycan xalqının onilliklər ərzində olan arzusu nəhayət ki, çin oldu. Dövlətimizin başçısının bəyan etdiyi kimi biz bu gün buradayıq, Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında.
Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir. Biz həqiqətən də bu Qələbəyə layiqik və Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin Xankəndi şəhərinin mərkəzi meydanında ucaltdığı üçrəngli Azərbaycan bayrağının bir daha heç vaxt enməyəcəyinə bütün varlığımızla əminik. Mən bu şanlı tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını, Ordumuzu, Liderimizi və Baş sərkərdəmizi ürəkdən təbrik edirəm:
Güclü Azərbaycanın, Qalib Azərbaycanın vətəndaşı olmaq həqiqətən də əvəzsiz bir qürur mənbəyidir.
Nəsimi rayon sakini, YAP üzvü
Ağayeva Xədicə