image-2000x150
image-3backend

Azərbaycan hər zaman tolerant ölkə kimi tanınıb

image-728x90

May ayının 1-də Bakıda “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayıb. 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qonağın iştirak etdiyi Forumda AZərbaycan Prezidenti cənab İlham Əliyev iştirak edib.
Qeyd edilməlidir ki, Azərbaycan hər zaman tolerant ölkə kimi tanınıb. Azərbaycan belə bir Forumu keçirməklə etnik, mədəni, dini amillərdən irəli gələn ziddiyyətləri aradan qaldırmağa, mədəniyyətlərarası dialoqu təşviq etməyə çalışır. Azərbaycan bütün dünyada ümumi dəyərlərin mühafizəsinə önəm verir. Heydər Əliyev Fondu bu istiqamətdə beynəlxalq təşkilatlarla birlikdə müxtəlif layihələr həyata keçirib. “Azərbaycan tolerantlıq məkanı” adlı layihə sərhədlərimizdən kənarda da kifayət qədər tanınır.
Berlin kilsəsinin, Romada “Filosoflar zalı”nın bərpası, Parisdə yerləşən Luvr muzeyində İslam mədəniyyəti seksiyasının qurulması, Versal sarayının bərpası və s. ilə bağlı çoxsaylı mədəni layihələrdə Heydər Əliyev Fondu öz dəstəyini göstərib. Bu, Azərbaycanın ümumbəşəri irsə verdiyi dəyərin göstəricisidir.
Mayın 1-də öz işinə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq: Əməkdaşlıq və qarşılıqlı əlaqələr” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Heydər Əliyev Fondunun dəstəyi və ənənəvi olaraq Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının (UNAOC), UNESCO-nun, İSESCO-nun və BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə baş tutub. Tədbirdə dünyanın müxtəlif ölkələrindən ümumilikdə 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qonağın, o cümlədən 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28 beynəlxalq təşkilatın nümayəndələri  iştirak ediblər.
Forumunun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub. Ölkəmizin coğrafi mövqeyi, Şərq ilə Qərb arasında yerləşməsi bu tendensiyaya imkan yaradıb. Forumunun açılış mərasimindəki çıxışında ölkəmizin başçısı qeyd edib ki, “Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik Azərbaycan cəmiyyəti əsrlər boyu mühüm dəyərləri – tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlığı qoruyub. Azərbaycanda müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayır. Onlar Azərbaycanın dəyərli vətəndaşları, bizim dövlətimizin, dövlətçiliyimizin əsl vətənpərvər insanlarıdır. Biz bu müsbət tendensiyaları, mədəni dialoqu və mədəni müxtəlifliyi gücləndirməliyik. Bütün bunlar əsrlərdən gələn nemətdir”, – deyə dövlətimizin başçısı vurğulayıb.
Mötəbər tədbirdə çıxış edən BMT Baş katibinin qanunun aliliyi və təhlükəsizliyi üzrə sülhməramlı əməliyyatlar üzrə müavini Aleksandr Zuyev bildirib ki, Azərbaycan sülhə, yumşaq gücə önəm verir.
O, Azərbaycan hökumətinə və Prezident İlham Əliyevə təşəbbüsünə görə minnətdarlığını bildirib. Aleksandr Zuyev vurğulayıb ki, BMT-nin sülhməramlı əməliyyatlar üzrə fəaliyyət göstərən təsisatının foruma dəvət edilməsi müsbət haldır: “İnanıram ki, forum beynəlxalq sülhü və əmin-amanlığı təşviq edəcək. Çünki dünyada münaqişələr artır, biz də neqativ tendensiyaların artmasından narahatıq. Ona görə də bizə çoxşaxəli mexanizmlər lazımdır. İctimai etimadı multiliteralizmə uyğun olaraq artırmağa çalışırıq”.
Qeyd edilməlidir ki, üç gün davam edəcək Forum çərçivəsində 12 panel müzakirə və 4 plenar sessiyanın keçirilməsi nəzərdə tutulur. Forumda təhsil, gənclər, iqlim dəyişikliyi, süni intellekt, mədəni irsin mühafizəsi, dini müxtəlifliyin qorunması, qanunsuz miqrasiya və digər məsələlər müzakirə ediləcək. Forum iştirakçılarının işğaldan azad edilmiş ərazilərə səfəri də gözlənilir. Bu çərçivədə Ağdam və Şuşada iki xüsusi panel sessiyanın da keçirilməsi nəzərdə tutulur. Bununla tədbir iştirakçıları işğaldan azad edilmiş ərazilərimizdə  erməni vandalizminin vəhşiliklərini görməklə yanaşı, aparılan yenidənqurmanın şahidi ola biləcəklər. Bu, şübhəsiz, Çənubi Qafqazda sülhün bərqərar olması məqsədilə bütün imkanlarından yararlanan və bu istiqamətdə yorulmadan çalışan Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında önəmli rol oynayacaq.

İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90