image-2000x150
image-img-20230602-wa0014backend

Azərbaycan dünya ölkələri ilə enerji sahəsində uğurlu əməkdaşlıq aparır

image-728x90

Xalqın iradəsi, çağırışı və təkidi ilə 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoydu. Azərbaycanı labüd fəlakətdən xilas edən dahi rəhbər Heydər Əliyev ölkənin iqtisadi yüksəlişi üçün də tədbirlər görməyə başladı. Görkəmli dövlət xadimi Heydər Əliyevin işləyib hazırladığı yeni neft strategiyasının reallaşdırılmasında onun ən yaxın silahdaşı məhz o zamanlar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti olan İlham Əliyev idi. Həmin dövrdə Vaşinqton, Nyu-York, Hyuston, Dallas, İstanbul və digər şəhərlərdə iri neft şirkətlərinin rəhbərləri ilə səmərəli görüşlər keçirən və danışıqlar aparan İlham Əliyev xalqımızın milli maraqlarını tam təmin edən müqavilə şərtlərinin əldə olunması üçün gərgin əmək sərf edib.
1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında “məhsulun pay bölgüsü” tipli müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adlanmış, təxminən 400 səhifə həcmində və 4 dildə öz əksini tapmışdıır. “Əsrin müqaviləsi”ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə Petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak etmişdir. Bununla da “Yeni neft strategiyası” və doktrinası uğurla həyata keçirilməyə başlandı.
Yeni neft strategiyasının başlanğıcı sayılan “Əsrin müqaviləsi” ölkəmizə yüksək işgüzarlıq, təşəbbüskarlıq ab-havası gətirdi. Ölkə iqtisadiyyatının böhran məngənəsindən çıxarılmasına səbəb olan müqavilə həm də neft sənayesi infrastrukturunun xeyli yaxşılaşdırılmasına imkan yaratdı. Digər tərəfdən, “Əsrin müqaviləsi” sonralar dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dək sazişin imzalanmasına yol açaraq, ilk növbədə, Azərbaycanın inkişafında və xalqımızın rifahının yüksəlməsində mühüm rol oynadı. “Əsrin müqaviləsi” Azərbaycanın bir dövlət kimi siyasi və iqtisadi təhlükəsizliyinin təmin olunmasına, dünya iqtisadi sisteminə qoşulmasına və beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsinə əlverişli şərait yaratdı.
Ulu Öndərin əsasını qoyduğu neft strategiyasının uğurla davam etdirilməsi istiqamətində ötən illərdə daha bir tarixi saziş imzalanıb. 2017-ci ilin sentyabr ayının 14-də Bakı şəhərindəki Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında kontraktın imzalanması mərasimi keçirilib. Həmin sənədə əsasən, neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadılıb. Yeni imzalanan sənəd Azərbaycan üçün daha da əlverişlidir, baxmayaraq ki, 1994-cü ildə imzalanmış kontrakt da bizim maraqlarımızı tam təmin edirdi. Bunun bir neçə əsas parametrlərini qeyd etmək istərdim. Birincisi, sazişin imzalanmasından sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödənilib. Digər tərəfdən, SOCAR-ın “AzAÇG” şirkəti podratçı kimi müqavilənin icrasında iştirak edir. Üçüncüsü, SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılıb və bununla da Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edir. Bunlar əsas şərtlərdir. Əlbəttə ki, müqavilənin Azərbaycana fayda verən digər müddəaları da vardır. Ancaq əsas şərtlər onu göstərir ki, Azərbaycanın gələcək inkişafı, maliyyə imkanlarımızın genişləndirilməsi üçün imzalanan bu sazişin də çox böyük əhəmiyyəti var.

Cəfərova Nazənin
Azərbaycan Dillər Universiteti

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90