“Qarabağ”dan ayrılan Riçard Almeydanın yeni klubu müəyyənləşib. Martın 20-də 36 yaşını qeyd edəcək braziliyalı futbolçu özü də açıqladığı kimi, ailəsinin istəyi ilə 13 illik legioner həyatından sonra vətəninə dönəcək.
Ulusal.az-ın məlumatına görə, o, Braziliya D seriyasında mübarizə aparan “Santo Andre”dən təklif alıb. Riçard böyük ehtimalla, yetirməsi olduğu klubla müqavilə imzalayacaq.
Almeyda doğma komandasında yeni başlayan mövsümdə tam olaraq çıxış etməyi planlaşdırır. Daha sonra karyerasını başa vurmağı düşünən milli komandamızın sabiq üzvü məşqçi kimi ilk addımlarını burada atacaq.
Qeyd edək ki, Riçard 2012-18, 2019 və 2021-25-ci illərdə “Qarabağ”da forma geyinib. O, 9 dəfə Azərbaycan çempionu, 5 dəfə ölkə kubokunun qalibi olub. 2017-23-cü illərdə isə Azərbaycan millisində çıxış edib.