Artıq 4 ildir ki, sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir. Bununla əlaqədar Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixində “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” Sərəncamı şanlı bayrağımızı azad edilən torpaqlarımızda dalğalandırmış, bu yolda canlarını belə əsirgəməmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlamətidir. Cəmiyyətimizdə onların yeri ən ali məqamdadır. Həm dövlətimiz, həm də cəmiyyətimiz onlara layiq olduqları qiyməti verir.
Bu gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadan gənclərdir. 44 günlük İkinci Vətən Müharibəsində Azərbaycan gənclərimiz öz şücaətləri ilə sübut etdilər.
Ermənistanın hərbi qüvvələri tərəfindən Azərbaycanın Tovuz, Gəncə, Tərtər, Mingəçevir və digər rayonlarımıza açılan cavab atəşləri nəticəsində düşmənin məkrli niyyətinin qarşısı alınması istiqamətində xalqımız birlik nümayiş etdirdi. Bu döyüşlər nəticəsində, çox təəssüf ki, Azərbaycan Ordusu şəhidlər verdi, ancaq bütün bunlar Azərbaycan xalqının vətən-torpaq sevgisini, mübarizə əzmini, qələbə arzusunu daha da alovlandırdı. Azərbaycanın müxtəlif şəhər və rayonlarında onminlərlə vətəndaşımız bir anda ayağa qalxaraq yürüşlərə başladı, ordumuza, dövlətimizə dəstəyini nümayiş etdirdi. 2020-ci il sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin – Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Bu real faktordur ki, bütün müharibələrdə əsas sözü xalq və onun ordusu dediyi kimi uğurlu zəfərlərdə sərkərdənin də çox böyük rolu olur.
Bu gün Azərbaycan xalqı hansı səviyyədə uğurlu sərkərdəyə – Ali Baş Komandana sahib olduğunu aşkar gördü. Prezident İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Prezident İlham Əliyev həyata keçirdiyi siyasətin nəticəsində Azərbaycanı 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevirdi, ərazi bütövlüyümüzün birmənalı olaraq təsdiq edildi.
Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü mümkün etdi! Bəşəriyyətə haqqın, ədalətin böyük dövlətlərin tapdağından qurtara biləcək bir dövlətin – Azərbaycanın var olduğunu sübut etdik. Bu ədaləti 44 gün ərzində yazan Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları, bütün Türkiyə xalqı bir yumruq kimi birləşərək təkcə Ermənistanın yox, bütövlükdə haqsız güclərin üstünə getdi və sübut etdi ki, haqq yolunda, ədalətin, ərazi bütövlüyümüzün bərpası uğrunda vuruşuruq. 10 noyabrda Müzəffər Azərbaycan Ordusu cəmi 44 günə hərbi yolla 30 il düşmən torpağında inləyən vətən torpaqlarını işğaldan azad etdi. 44 gündə müzəffər Azərbaycan Ordusu dünyaya sübut etdi ki, döyüş meydanında zəfəri tanklarla, toplarla deyil, ağılla, zəkayla və bir də insan zehninin ən son nailiyyəti olan PUA-larla qazanmaq olar. Şuşa qalasının alınması əməliyyatı isə tamam başqadır.
Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərdi. Düşmənin 30 il ərzində qurduğu, milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamlar qısa müddətdə darmadağın edildi, müzəffər ordumuzun tətbiq etdiyi savaş strategiyası müasir hərb tarixinə yeni örnək oldu. Döyüş meydanında darmadağın edilən Ermənistanın Azərbaycan Prezidentinin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etməkdən başqa çıxış yolu qalmadı. Beləliklə Paşinyan kapitulyasiya şərtlərinə razılığını verdi noyabrın 10-da Ermənistan “ağ bayraq” qaldırdı, kapitulyasiya bəyannaməsini imzaladı. Ərazi bütövlüyümüz təmin olundu. Bir sözlə, “Qarabağ Azərbaycandır və nida işarəsi”-söyləyən Prezidentimiz hər zaman olduğu kimi, bu dəfə də vədinə əməl etdi.
2020-ci ilin 10 noyabr tarixi Azərbaycan tarixinə Qələbə Günü kimi düşdü. Bu gün qürurla bütün dünyada sözümüz keçərli, başımız ucadır. Bu, Müzəffər Azərbaycan ordusunun gücüdür, potensialıdır. Bu həmrəylikdən “Dəmir yumruğa”a gedən, güclənən, möhkəmlənən Qalib Azərbaycan Ordusudur. 27 sentyabr 2020-ci il tarixi xalqımızın yaddaşından, hərb tariximizdən heç bir vaxt silinməyəcək. Çünki 27 sentyabr ərazilərimizin geri qaytarılması ümidlərinin, Qarabağa aparan zəfər tarixidir.
Aydın Kazımbəyov – Respublikanın Fəxri Bədən Tərbiyəsi və İdman işçisi, sərbəst güləş üzrə SSRİ idman ustası, Bakı Texniki Kollecinin bədən tərbiyəsi rəhbəri