image-2000x150
image-a86dd4a0-52a2-41c4-bcc0-4436c4c08577backend

10 NOYABR BƏYANATI QÜVVƏDƏN DÜŞÜR… – Rəsmi Bakının Rusiya və Ermənistana verdiyi ultimatum xarakterli bəyanat nəyi dəyişəcək?

image-728x90

Azərbaycan rəhbərliyinin qətiyyətli mövqeyi İrəvanda və Xankəndində mesaj kimi qəbul edilib

44 günlük müharibədən sonra Rusiyanın Xankəndi və ətrafında bərqərar etdiyi rejim effektivliyini itirir. Müvəqqəti rejimin əsaslandığı 10 noyabr bəyanatı artıq qüvvəsini itirmək üzrədir və mövcud reallıqlara cavab vermir.

Martın 5-də Xankəndi-Xəlfəli-Turşsu yolunda baş vermiş təxribatın məsuliyyəti birmənalı şəkildə Rusiyanın üzərinə düşür. Əlbəttə, Ermənistan da Moskvanın maraqlarına uyğun olaraq bu gərginliyə öz töhfəsini verir və rəsmi İrəvanın Qərblə apardığı sülh prosesinə kölgə salır.

Dünən Bakıda olan ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz üzrə təmsilçisi Luis Bono məhz bu təxribatları nəzərdə tutaraq Azərbaycanın bölgədə təhlükəszilik qayğılarını başa düşdüklərini vurğuladı.

Rusiya XİN başçısı Sergey Lavrov Bakıda olarkən bildirmişdi ki, bütün məsələlər 10 noyabr üçtərəfli bəyanatı çərçivəsində həllini tapmalıdır.

Amma:

-ötən iki il yarımda razılaşmanın əsas müddəaları yerinə yetirlməyib;

-Ermənistan ordusunun qalıqları Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərində qalmaqda davam edir;

-Azərbaycanın Qərb hissəsi ilə Naxçıvan arasında əlaqənin təmin edilməsi istiqamətində heç bir addım atılmayıb;

-BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı qaçqın və məcburi köçkünlərlə bağlı prosesə cəlb edilməyib və s.

Bir sözlə, Rusiya və Ermənistan üzərlərinə götürdükləri öhdəliklərin heç birini yerinə yetirməyiblər, əksinə, Xankəndindəki hərbi xunta rejimini açıq şəkildə dəstəkləyib və təşkilatlandırıblar. Bölgənin Azərbaycanın suverenliyindən çıxarılmasına xidmət edən addımlar atılıb, habelə Laçında Azərbaycanın dövlət sərhədinə nəzarət etməsinə imkan verməməyə cəhdlər edilir.

Moskva əlinə cəmləşdirdiyi resurslardan Azərbaycana və Bakı-İrəvan arasında gedən sülh prosesinə qarşı istifadə edir. Zaman-zaman silahlı təxribatlar törədir, hərbi rejimi təlimatlandırır, Vardanyan kimi əlaltılarını Xankəndinə gətirərək Azərbaycan əleyhinə fəaliyyətinə şərait yaradır.

Martın 5-də baş verən təxribata Rusiya Müdafiə Nazirliyinin verdiyi reaksiya Bakının səbrini daşıran son damla oldu.

Bəyanatda deyilir ki , 2023-cü il martın 5-də saat 10:00-da “Dyukyanlar” (?-red.) qəsəbəsi ərazisində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbçiləri “dağlıq Qarabağ”ın “hüquq-mühafizə orqanlarının” əməkdaşlarının olduğu avtomobili atəşə tutublar.

“Toqquşma nəticəsində 3 nəfər həlak olub, avtomobildə olan bir işçi yaralanıb. Azərbaycan tərəfdən iki ölü, bir yaralı olub. Rusiya sülhməramlılarının səyi ilə toqquşma dayandırılıb. Faktla bağlı Rusiya sülhməramlı kontingentinin komandanlığı Azərbaycan və Ermənistan tərəfləri ilə birgə araşdırma aparır” –deyı, iddia edilib.

Buna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyinin Kremlə və Ermənistan rəhbərliyinə ünvanlanan sərt bəyanatı Bakınınn güzəştlər limtinin bitdiyini göstərir.

Bəyanatda bir neçə məqama xüsusi ilə diqqət çəkilir:

-“Silah-sursatla tam təchiz olunmuş bu hərbi qulluqçuların “pasport və viza” xidməti həyata keçirən “polis əməkdaşları” kimi təqdim edilməsi riyakarlıqdan başqa bir şey deyil;

-İnsident nəticəsində yaralanan hərbi qulluqçularımıza Rusiya sülhməramlı kontingentinin nümayəndələri tərəfindən ilkin tibbi yardımın göstərilməsi və təxliyə edilməsi barədə yayılan məlumat həqiqəti əks etdirmir. Şəhidlərimizin və yaralı hərbçimizin ərazidən təxliyəsi hərbi qulluqçularımız tərəfindən həyata keçirilib;

-Üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Ermənistan tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonundakı qeyri-qanuni erməni silahlı dəstələrinə silah, sursat, təminat və digər hərbi vasitələrin daşınması davam etdirilir, eləcə də şəxsi heyətin rotasiyası həyata keçirilir. Bu kimi qəbuledilməz halların qarşısının dərhal alınması məqsədilə Rusiya sülhməramlı kontingenti üzərinə düşən vəzifələri yerinə yetirməlidir;

2021-ci ildə Ermənistanda istehsal olunan minaların Laçın yolundan istifadə edilərək kütləvi şəkildə Azərbaycan ərazilərinə gətirilməsi və basdırılması faktları müəyyən olunub, Türkiyə-Rusiya birgə monitorinq mərkəzinin nümayəndələrinin və hərbi attaşelərin həmin əraziyə faktaraşdırıcı səfəri təşkil edilib.

Müdafiə Nazirliyi hər iki tərəfə 2022-ci ilin avqust ayında Azərbaycan Ordusu tərəfindən keçirilmiş “Qisas” əməliyyatını xatırladaraq tələb edib: “Ermənistan tərəfindən Azərbaycan ərazisinə hərbi təyinatlı yüklərin daşınmasına, Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin göndərilməsinə və rotasiyasına dərhal və birdəfəlik son qoyulmalı, Ermənistan qoşunları ölkəmizin ərazisindən tam çıxarılmalıdır. Əks təqdirdə Azərbaycan tərəfi bütün imkanlardan istifadə etməklə qeyri-qanuni silahlıların tərksilah edilməsi və zərərsizləşdirilməsi istiqamətində qəti zəruri tədbirlər görmək məcburiyyətində qalacaq”.

Bəyanatda yer alan mühüm məqamlardan biri Rusiyanın şərait yaratdığı, Ermənistan həyata keçirdiyi bu kimi əməllərin hərbi təcavüzün davam etdirilməsi kimi qiymətləndirilməsidir.

Müdafiə Nazirliyi bu cür təxribatların Azərbaycan ərazisində olan Laçın yolunda nəzarət rejiminin təmin edilməsinin zəruriliyini ortaya qoydğunu bəyan edib.

Beləliklə, 10 noyabr bəyanatının icra olunmaması labüd böhrana gətirdi və Rusiya onun qarşısını almaq üçün addımlar atmalıdır. Amma RF Müdafiə Nazirliyinin yaydığı bəyanat rəsmi Moskvanın öhdəliklərini yerinə yetirmək niyyətindən çox uzaq oluğunu göstərir. Nəticədə Qarabağdakı hərbi xuntanın ləğv edilməsi, bölgənin erməni silahlı tör-töküntülərindən təmizlənməsi zərurətə çevrilir.

ABŞ və Avropa İttifaqının ilkin mövqeyi də Azərbaycanın özünümüdafiə hüququnun reallaşdırmasına heç bir əngəl törətmir.

İrəvandan və Qarabağdakı separatçı rejimdən gələn reaksiyalar göstərir ki, Azərbaycan rəhbərliyinin bu qətiyyətli mövqeyi Ermənistanda və Xankəndində mesaj kimi qəbul edilib.

Baş nazir Nikol Paşinyan hələ ki, Bakını ittiham etməyə cəsarət etməyib, separatçı Arayik Arutyunyan isə xeyli tərəddüdlü danışıb: “…yaxın gələcəkdə bizdə öhdəsindən gəlməli olacağımız müxtəlif hadisələr baş verəcək. Bizim seçimimiz var: ya seçdiyimiz mübarizə yolunu davam etdirmək, ya da əgər cəmiyyətdə Azərbaycanın təkliflərini qəbul etmək kimi əhval-ruhiyyələr varsa, bu adamların öz vətəndaş hüquqları çərçivəsində bunu etmək və demək imkanları var ki, “biz düzgün yol seçməmişik”. Onların imkanları var ki, belə mövqeləri formalaşdırıb yeni hökumət təşkil etsinlər…”

Əslində başqa alternativ də yoxdur, Qarabağdakı erməni əhali Rusiyanın və onun cinayətkar əlaltılarının girovuna çevrildiklərini, bu yolun onlara böyük təhlükələr vəd etdiyinin fərqində olmalıdırlar.

Regionda böyük proseslər gedir, Rusiya Ukraynadakı işğalçı müharibənin bədəlini ödəyəcək və Cənubi Qafqazadakı mövqelərini itirəcək. Bu hansısa qeyri-müəyyən fərziyələr deyil, çox yaxın zamanlarda reallığa çevriləcək proseslərin məntiqi nəticəsidir. Ona görə də Qarabağ ərazisində qalan ermənilərin bölgədə güclü Azərbaycanın vətəndaşı kimi yaşamağa, Ermənistanın isə Bakı ilə sülh müqaviləsi imzalamağa dərhal razılaşması yaxın gələcəkdə onlar üçün bir daha dəyərləndirmək fürsətləri olmayacaq vacib seçimlərdir…“AzPolitika.info”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90