image-rt-reklam
image-8888backend

Xankəndindəki qondarma rejim nə zaman tam ləğv olunacaq?

image-728x90

Azərbaycan 44 günlük müharibədəki qələbəsilə ermənilərin əsirlərlə formalaşdırdıqları və özlərini inandırdıqları bir çox stereotipləri yerlə-yeksan etdi. İndi artıq özlərinin “yeniməzliyi”, “döyüşkənliyi”, “barışmazlığı” ilə bağlı nağıllarına özləri də inanmırlar. Təkcə müharibə günlərində deyil, müharibədən sonrakı dövrdə də bu proses davam edib və etməkdədir.

Məsələn, “Laçın yolu bağlana bilməz” deyirdilər, Azərbaycan bağladı və qanuni şəkildə öz sərhəd-keçid məntəqəsini quraşdırdı. İndi oradan Azərbaycanın nəzarəti və yoxlanışı olmadan heç nə keçə bilməz.

Yaxud, “Ağdam yolu heç vaxt açılmayacaq” deyirdilər. Amma Azərbaycanın birmənalı sərt və dönməz mövqeyi nəticəsində açıldı. Həmçinin, bir zamanlar “Qarabağdan heç vaxt getmərik” deyən qatı millətçi, avantürist, separatçı ermənilərin bir çoxunu Laçın sərhəd-keçid məntəqəsində üzü Ermənistana doğru, “gedər-gəlməz pozasında” görürük.

Sentyabrın 16-da “Laçın” sərhəd-buraxılış məntəqəsindən keçməklə Gorus istiqamətində gedənlər arasında Əsgərandakı erməni kilsəsinin keşişi Mesrob Mkrtçyan da olub. Ailəsi ilə birgə Qarabağı tərk etmək üçün növbəyə dayana bu keşiş əvvəllər separatçıların liderləri ilə birgə “biz Qarabağı heç vaxt tərk etməyəcəyik” deyib, xoruzlanırdı. İndi bu cür “sözünü yeyənlər” çoxdur və getdikcə də çoxalacaq.

 

Lakin məsələ ondadır ki, Mkrtçyan kimilər Qarabağda Rusiyanın uzun illər bəslədiyi və Azərbaycanın 44 günlük müharibədə başını birdəflik əzməyə qoymadığı “ilanın” yalnız “quyruğunu” təmsil edirlər. Beləliklə, “quyruq” yavaş-yavaş Azərbaycanı tərk edir, “baş” isə hələlik qalıb. Hətta bu “başı” yeniləməyə cəhd edilir. Ruben Vardanyanın Qarabağa soxuşdurulması, ardınca, Paşinyan hökuməti ilə daha yaxın əlaqəyə malik Araik Arutunyanı kənarlaşdırıb, yerinə simasız, boz fiqur olan Şahramanyanın gətirilməsi, bununla da Vardanyanın təsir imkanlarının çoxaldılması bunun bariz göstəricisidir.

 

Üstəlik, ümumiyyətlə, Rusiyanın Xankəndindəki qondarma “seçki”yə heç bir tənqidi münasibət bildirməməsi də “ilanın başının” mövcudluğunun saxlanmasına yönələn çirkin siyasətin tərkib hissəsidir. Hazırda bu siyasətin mərkəzi fiquru isə Vardanyandır. O, hər nə qədər Rusiyanın Ermənistanda hakimiyyət dəyişikliyi üçün hazırladığı fiqur kimi təqdim olunsa da, hal-hazırda Xankəndindəki çirkin missiyasını yerinə yetirməkdədir.

Ermənistanla bağlı planlara gəlincə, Vardanyan hələ ki, Kremlin ümidlərini doğrultmur. Onun maliyyələşdirdiyi, himayə etdiyi və açıq şəkildə dəstəklədiyi “Yaşamaq üçün ölkə” partiyası İrəvan meriyasına ötən gün baş tutan seçkidə cəmi 3 faiz səs toplaya bilib.

Bu, o deməkdir ki, yaxın gələcəkdə Vardanyan “Ermənistanın İvanişvilisi” ola bilməyəcək. Ona görə də Kremlin Vardanyanın əsasən Xankəndindəki “fəaliyyətini” gücləndirməyə çalışacağı daha inandırıcı görünür…

 

Bir sözlə, “kiçik kalibrli” separatçı tör-töküntülərinin Qarabağı tərk etməsi ilə məsələ bitmir. Təəssüf ki, yaxın günlərdə yuxarıda adını çəkdiyimiz keşişin ardınca qondarma quruma başçılıq edənlərin də öz xoşları ilə torpaqlarımızdan rədd olub gedəcəkləri inandırıcı deyil. Əksinə, Rusiyanın yemlədiyi, saxladığı qondarma qurum bundan sonra da Qarabağda qalan ermənilərin Azərbaycana normal şəkildə inteqrasiyasının qarşısını almaq üçün əlindən gələni edəcək.

Ona görə də Qarabağın məlum ərazilərində Rusiya hərbi kontingenti qaldıqca, “ilanın başı” da əzilməmiş qalacaq. Məhz bu faktdan çıxış edərək, Azərbaycan ərazisində müvəqqəti yerləşmiş Rusiya “sülhməramlılar”ının Qarabağ ərazində daha 5 il qalması qətiyyən yolverilməzdir.

Buna qədər isə Qarabağın kiçik bir hissəsinə toparlanan qanunsuz, erməni quldur silahlı birləşmələri ləğv edilməlidir.

Hikmət Hacıyevin də dediyi kimi, Azərbaycan ərazisində “boz zona” qalmamalıdır! Ən azından ona görə ki, Rusiyanın yaratdığı həmin “boz zonaların” sonradan nəyə çevrildiyi bu gün Ukraynada özünü göstərməkdədir…“AzPolitika.info”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90