image-rt-reklam
image-1backend

Türkiyə yeni Suriya dövləti qurur – rəylər

image-728x90

MİT başqanı və XİN rəhbərinin Suriya səfərindən çıxan nəticələr

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyaya səfər edə bilər. Türkiyənin Suriyadakı müvəqqəti işlər vəkili Burhan Köroğlu TVNET-ə açıqlamasında deyib. Köroğlu “xarici işlər nazirimiz Hakan Fidandan sonra prezidentimiz Ərdoğan da Dəməşqə gəlməyi düşünür”, – deyə bildirib.

O, yeni dönəmdə Türkiyə-Suriya münasibətlərinin Osmanlı zamanındakı kimi olacağını da əlavə edib. “Türkiyə istər Rusiya, istərsə də Amerika bazalarının Suriyada olmasını dəstəkləmir”. Türkiyə xarici işlər naziri Hakan Fidan “France 24″ə müsahibəsində deyib. “Əlbəttə, biz Suriyada heç bir bazanın olmasının tərəfdarı deyilik. Təkcə Rusiya deyil, digərlərinin də… Bu, Suriya xalqının qərarı olmalıdır. Əgər onlar bir növ razılığa gəlsələr, o zaman baxacağıq”, – deyə Fidan bildirib. Yeri gəlmişkən, Suriyanın keçid hökumətində yeni müdafiə nazirinin adı məlum olub. Suriya telekanalı məlumat yayıb. Murhaf Əbu Kəsra keçid hökumətində Müdafiə Nazirliyinə rəhbərlik edəcək. Suriyanın yeni hökuməti Əsəd Həsən Əl-Şeybanini də xarici işlər naziri təyin edib. O, Türkiyədə təhsil alıb. Ərdoğanın Suriya səfəri hansı nəticələr verəcək?

Politoloq Elxan Şahinoğlu bildirib ki, əvvəlcə Milli İstihbarat Təşkilatı (MİT) Başkanı İbrahim Kalın Dəməşqə gedərək “Hayat Tahrir Şam” (HTŞ) lideri Əhməd Hüseyin eş-Şara (Colani) ilə görüşdü, sonra növbə xarici işlər naziri Hakan Fidana çatdı, növbəti mərhələdə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Suriya paytaxtına gedəcək. Böyük ehtimalla Hakan Fidan keçmiş MİT başkanı olaraq HTŞ lideri ilə daha əvvəldən tanış idi. Türkiyə rəsmilərinin Dəməşqə artan səfərləri Suriyadakı olayların Türkiyənin maraqlarına uyğun olduğu yanaşmasını bir daha təsdiq edir: “Birinci növbədə Türkiyə HTŞ ilə birgə Suriyanın şimalında terrorçu PKK təşkilatının varlığına son qoymaq istəyir. Bu, Suriyanın keçici hökuməti üçün vacibdir. Bununla həm ölkənin ərazi bütövlüyü təmin olunacaq, həm də Suriyanın ən verimli əraziləri nəzarət altına alınacaq. İkincisi, keçici hökumətin Suriyanın yenidən qurulmasında Türkiyənin dəstəyinə ehtiyacı var. Müzakirə olunacaq başqa vacib detallar da var ki, bunların reallaşmasını iki ölkə addım-addım həyata keçirəcəklər”.

Bu arada İranın ali dini lideri ayətullah Əli Xamenei dekabrın 22-də etdiyi çıxışında suriyalıları keçmiş prezident Bəşər Əsədin devrilməsindən sonra formalaşan müvəqqəti hökumətə müqavimət göstərməyə çağırıb.

Xamenei bildirib ki, Suriyadakı üsyan Qərb tərəfindən təşkil edilib və bu vəziyyətə qarşı xüsusilə gənclər qətiyyətlə mübarizə aparmalıdır.

İrandan fərqli olaraq Türkiyə Suriyaya sülh və bütövlük təklif edir. Çağırışları da bu istiqamətdədir. İran artıq on ildən çoxdur ki, bütün gücünü Suriyada Bəşər Əsədin diktaturasını qorumağa həsr edib. Rusiyanın dəstəyi ilə bu rejim Əsəd rejiminin mövcudluğunu qorumaq üçün müharibə başlatdı: nəticədə milyonlarla suriyalı öz yurd-yuvasından məhrum oldu. Yüz minlərlə insan həyatını itirdi, Suriya isə dağıntılar içində qaldı.

Türkiyə və onun yaxın müttəfiqlərinin Suriyanın müxalifət güclərinə dəstəyi nəticəsində Əsəd rejimi devrildi. Siyasi ekspertlər hesab edir ki, öz qorxaqlığı və zəifliyi ilə meydanı tərk edən Bəşər Əsədi sonda müdafiə edə bilməyən İran rejimi indi öz bacarıqsızlığını gizlətmək üçün radikal çağırışlara əl atır. İranın bu çağırışları isə Suriyada yeni bir qan gölünün başlanmasına zəmin yaradır. İranın “fəlakət ssenarisi” çağırışları Türkiyənin xarici işlər naziri Hakan Fidanın Suriya səfərinin fonunda diqqəti cəlb edir. Fidanın bu səfəri, həmçinin “Həyat Təhrir əş-Şam” lideri Əhməd Hüseyn eş-Şara ilə baş tutan görüşü, Türkiyənin Suriyaya sabitlik və gələcək təklif etdiyini açıq şəkildə göstərir.

Türkiyə qonşu Suriyaya sülh və sabitlik gətirən qüvvə kimi çıxış edərkən, İran isə yalnız münaqişə, iğtişaş və qan təklif edən bir rejim olaraq qalır. Bu vəziyyət regiondakı fərqli yanaşmaları və maraqları daha da qabarıq şəkildə ortaya qoyur.

Qabil Hüseynli: “Amerikalılar öz talelərini kimə həvalə etdikərinin  fərqində deyillər” | KONKRET

Qabil Hüseynli 

Politoloq Qabil Hüseynli bu barədə  şərhində bildirdi ki, Türkiyə ilə İranın fərqi növbəti dəfə aydın görünməkdədir. Türkiyə Suriyada sabit, vətəndaş barışının bərqərar olduğu müasir zamanla ayaqlaşa bilən normal hakimiyyət qurulmasına çalışır. İran isə Suriyanı yenə daxili qarşıdurmaya faktiki olaraq çağırır. Bu çağırış qətiyyən Suriya xalqının marağına, normal gələcəyinə xidmət edən mövqe deyil: “Türkiyə 42 illik ömrünün şüurlu hissəsini radikal dini qruplarda xidmətdə keçirmiş bir fiquru demokratik, islahatçı liderə çevirib Suriyanı sabit, firavan dövlət halına gətirməyə çalışır. Bunu Türkiyə MİT başqanının və xarici işləri nazirinin Suriya səfərləri, səfərlərdən görüntülər və verilən açıqlamalar dünyaya göstərmiş oldu. Suriyada mühüm dəyişikliklər baş verir. Yeni hakimiyyətin təsis olunması ilə bölgədə yeni siyasi və hərbi addımlar atılmağa başlanılıb. Suriyada yeni Müdafiə Nazirliyi təsis edilib. Silahlı qrupların ləğv olunaraq vahid orduya birləşdirilməsi planlaşdırılır. Bu təşəbbüs ölkədə mövcud olan silahlı qruplaşmaların tamamilə aradan qaldırılması və nizamlı ordu qurulması məqsədini güdür. Bütün bu addımlar Türkiyənin dəstəyi ilə reallaşır. Yeni Suriya rəhbərliyi Türkiyə ilə müdafiə ittifaqı qurub. Bu çərçivədə Türkiyə Silahlı Qüvvələri İdlibdəki bütün hərbi nöqtələrdən çıxacaq. Bunun əvəzində Türkiyənin Homs səhrası və Şamın şimalında iki böyük hərbi baza quracağı barədə xəbərlər yayılıb. Türkiyənin Suriya siyasətinin Türkiyəni bölgədə əsas gücə çevirdiyini ötən həftə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp etiraf etdi”.

Xatırladaq ki, dekabrın 8-də “Həyat Təhrir əş-Şam” və onun mütəffiqlərinin ildırımsürətli hücumu ilə Suriyada Əsəd ailəsinin 53 illik hakimiyyətinə son qoyulub. Əsəd ölkəni tərk edərək Rusiyadan siyasi sığınacaq alıb. “Həyat Təhrir əş-Şam” isə hakimiyyəti ələ keçirən kimi müvəqqəti hökumət yaradıb.“Yeni Müsavat”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90