Qardaş Türkiyədə qismən Məşədi İbadın haqq-hesabını andıran bir hadisə baş verib: gəlin kişi çıxıb. Düzdür, o, Sərvər kimi Məşədinin başına tapança dirəyib Gülnazdan imtina kağızı almayıb, amma hadisənin özü, türkün sözü, xeyli manidardır. Gördüyünüz kimi, xəbər sıradışı olduğu üçün ölkə hüdudlarını aşıb, bizə qədər də gəlib çatıb.
Həyatdır da, belə şeylər olur, dünya dələduzlarla qaynaşır, 5-10 manat qabağa düşmək üçün nə fırıldaqlara əl atırlar, özlərini nə günlərə qoyurlar. Amma bu, o demək deyil ki, o cür hadisələr, oxumuş adamlar demişkən, kütləvi və xroniki səciyyə daşıyır.
İndi görək ölkəmizdə bu hadisəyə necə qiymət verirlər. Hərə bir söz yazıb. Ən tutarlı şərh isə tanınmış müğənni Nadir Qafarzadəyə məxsusdur. Görün, adam söhbətə buradan girib, amma haradan çıxıb.
Qafarzadənin şərhi belədir: “Sizdə bunlar adi haldır. Azərbaycana da siz öyrətdiniz bu çirkinlikləri, Azərbaycanda hər kəsin öz yeri olub. SSSR, hardasan, gəl”.
Adamda qafaya baxın. Bir dələduzun özünü qadın qiyafəsinə qalaraq dələduzluq etməsinin Sovet Sosialist Respublikalar İttifaqının harada olmasına nə dəxli var, a kişi? O dövlət 31 il əvvəl süqut edib, gedib.
Sırf belə hadisələrin önləmək üçün mütləq SSRİ bərpa olunmalıdırmı? 14 respublika yenidən işğala məruz qalmalıdırmı? Qolçomoqlar, müəlkədarlar, keçmiş hökumət məmurları, ağqvardiyaçılar, basmaçlar, qaçaqlar yenidən güllələnməldirlərmi? Böyük prosesdir, tək adamın işi deyil.
“Azərbaycana da siz öyrətdiniz o çirkinlikləri” deyir müğənni. Sanki onlar öyrətməsə, “o çirkinlikıər” bu tərəflərə gəlib çıxmayacaqdı və ya əmələ gəlməyəcəkdi?
Sovet vaxtı Azərbaycanda homoseksualist yox idimi, iki-üç arvad saxlayan az idimi? Sinninin 60-da arvadını boşayıb, hamilə buraxdığı katibəsini alanlar da vardı, məşuqəsinin yanında olanda ürəktutmasından ölənlər də, nəvəsi yaşda qızlara girişənlər də. “Qafqaz əsiri” filmində Saakov gözəl komsomolçu və idmançı qızı qaçırıb zorla arvadı etmək istəyəndə sovet vaxtıydı. Hamı baxıb gülürdü.
İndi gələk Nadirin öz şəxsiyyətinin üzərinə. SSRİ-ni arzulayan oğlan, bir vaxtlar Telman İsmayılovun himayədarlığı ilə Moskvaya ayaq açan, gözünə linza taxıb, son dəbli saqqal buraxıb “mavi gözlü yakışıklı”ya çevrilən sən deyildinmi? Avraam Russoydu, sən idin, başqaları da vardı, haqqınızda deyirdilər, “onları AST Telman saxlayır, kefinə düşəndə Moskvaya yanına çağırtdırır”.
Hətta ortalıqda onun barəsində belə bir bir söhbət də dolaşırdı: “Görüb ki, Telman bunu salamat buraxmayacaq, pəncərədən atılıb qaçıb”. Başqa bir söhbət də beləydi ki, əslində qaça bilməyib, amma özü haqqında “qaçdı” söhbəti çıxarıb.
Ölkədə adı “çirkinliklərə” bulaşmış beş kişi müğənni varsa, onlardan biri ola-ola kişilikdən danışan, sözlərindən anti-türk pafosu fışqıran, SSRİ xiffəti çəkən adam anlamır ki, ötən əsrin 20-ci illərində bolşeviklər, xüsusilə də Dzerjinskinin əsgərləri onun kimi yüzlərlə artisti güllələyiblər – kapitalistləri əyləndirdiklərinə görə.
Bir Nadir deyil, başqaları da var, nəsə neqativ bir şey görən kimi, “Ah, SSRİ, vah, SSRİ” vay-nöfsəsi qoparırlar. Sanki ideal bir quruluş imiş. Hər gün Moskvaya iki vaqon dolusu şikayət məktubu hansı respublikadan gedirdi, bilirsinizmi? Buradan gedirdi. Hər şey yaxşıydısa, “dünyanın düz vaxtıydısa”, o qədər şikayət nədən idi?
SSRİ “çirkinliklər”in qarşısını alan olsaydı, sovet rəhbərlərinin narkoman, alkoqolik və fahişə övladlarının qarşısını alardı.
Bir də “əvvəllər bizdə belə şey yox idi, müstəqil dövlət olandan sonra, Qərbdən gəldi” deyə yaxa yırtanlar var. Bu da böyük yalandır. Bu ölkədə hər cür çirkinliklər, eybəcərliklər əvvəllər də vardı, sadəcə, gizli idi, hamı öz qüsurunu, sapıntısını gizlədirdi, amma daha heç kəs gizlətmir. İndi homoseksual olduğuna görə xəcalət çəkən yoxdur, ekranın, efirin bəzəyi olublar, əzilə-büzülə danışırlar, heç kəs də üzlərinə qarşı artıq-əskik söz deyə bilmir.
Yeri getməmişkən, müasir çirkinliklərdən biri də bir kişinin dodağına silikon vurdurmasıdır.
Qoy hər kəs bildiyi işdən danışsın.