image-2000x150
image-33backend

Öz sərhədinə divar hörən ABŞ-ın Laçın “KPP”si dərdi

image-728x90

Amerikanın baş diplomatı bizə irad tutmaqdansa, ölkəsinin Meksika ilə sərhəddəki hərəkətlərinə diqqətlə baxsın; Bakı qondarma kağıza möhür vurmur, 10 noyabr sənədinə əsasən yol ermənilər üçün açıqdır, sadəcə, yoxlanış var…

Məlum olduğu kimi, ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığında əsas müzakirə mövzularından biri də Azərbaycanın öz suveren ərazisində sərhəd-gömrük keçid məntəqəsi yaratması olub.

Dövlət katibi “Azərbaycanın Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi yaratmasının sülh prosesinə etimadın yaradılması səylərini zərbə vurmasından dərin narahatlığını ifadə edib və Laçın dəhlizinin tezliklə kommersiya və şəxsi avtomobillər üçün açılmasının vacibliyini vurğulayıb”, – deyə Dövlət Departamentdən verilən açıqlamada bildirilir. Azərbaycan-Ermənistan sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması ilə əlaqədar Prezident Əliyev bildirib ki, bu məntəqənin qurulması Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun olaraq təmin edilib. Azərbaycan Prezidenti vurğulayıb ki, məqsəd hərəkətin məhdudlaşdırılması deyil, əksinə, nəzarətin təmin edilməsidir və artıq bu məntəqə vasitəsilə gediş-gəliş həyata keçirilir. Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinin hüquqlarının Azərbaycanın Konstitusiyası və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlər çərçivəsində təmin olunacağı qeyd edilib.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan bir gün əvvəl Blinkenlə telefon danışığında “Azərbaycan tərəfinin Laçın dəhlizində atdığı addımları Qarabağda etnik təmizləmə siyasəti kimi qiymətləndirib”. Blinkenin bu məsələni gündəmə gətirməsi başadüşülən olsa da, bu postun qurulmasından az qala heyrətlənməsi təəccüb doğurur. Halbuki bu ilin fevralında prezident Əliyev Blinkenin iştirakı ilə Paşinyanla Münhendə keçirilən görüşdə “həm Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır” təklifini rəsmi olaraq irəli sürmüşdü. Bu, “Zəngəzur və Laçın dəhlizləri eyni rejimlə işləməlidir” mövqeyinin rəsmi şəkildə elan edilməsi idi.

Başqa bir fakt: bu ilin əvvəlində Ağ Ev Latın Amerikasından ABŞ-a “nizamsız və təhlükəli miqrasiyanın məhdudlaşdırılması”, “sərhəd təhlükəsizliyinin gücləndirilməsi” məqsədilə əlavə tədbirlər həyata keçirməyə başlayıb. Bundan əvvəl Meksika ilə sərhəd zolağına Milli Qvardiya əsgərləri yerləşdirilmişdi. 1846-1848-ci illəri əhatə edən Meksika-Amerika müharibəsindən sonra bu ölkələr arasında davamlı gərginliklər zaman-zaman xüsusilə sərhəddə özünü göstərir. Amerika bu ölkə ilə olan uzun 3015 kilometrlik sərhədini qorumaq üçün divar tikintisinə də başlayıb. Bu, çox bahalı bir proyekti tam həyata keçirmək hələ mümkün olmasa da, heç kim “demokratiyanın anası”na sərhədini möhkəmləndirməsinə görə iradını bildirmir. Çünki bu hər bir ölkənin suveren haqqıdır. İndi Azərbaycan da təkcə Qarabağda qanunsuz məskunlaşanlardan deyil, ölkəyə silahlı təhdid yaradanlardan özünü qorumağa başlayıb. Həm də Azərbaycanla düşmənçilikdən hələ də əl çəkməyən bir ölkə ilə sərhədində…

O halda, ABŞ dövlət katibinin bu cür iradları, Azərbaycanı suçlamağa cəhd etməsi absurddur. Azərbaycanla Ermənistan arasında danışıqlarda vasitəçi olmağı üzərinə götürmüş bir ölkənin dövlət katibinin bu cür fikir səsləndirməsi sülh müqaviləsinin perspektivinə də xələl gətirir. Bəs mütəxəssislər Blinkenin mövqeyini necə dəyərləndirir? Bu, erməniləri sakitləşdirməyə hesablanmış başdansovdu bir bəyanat sayıla bilərmi, yoxsa həqiqətən Bayden administrasiyası belə düşünür? Hazırda üç xarici işlər naziri – Blinken, Bayramov və Mirzoyan Vaşinqtonda sülh danışıqlarını apardığı halda, dövlət katibi Əliyevlə telefon söhbətində nə üçün balansı pozan fikir irəli sürüb?

Ankara Universitetinin professoru Toğrul İsmayılın “Yeni Müsavat”a dediyinə görə, görünür, ABŞ dövlət katibi Laçın yolu ilə bağlı mövzuya bir o qədər də hakim deyil. “Mənə elə gəlir, Blinkenin söylədiyi sözgəlişi ifadədir. Beynəlxalq hüquqa görə hər bir dövlət sərhədində öz nəzarət mexanizmini qura bilər. Misal üçün, ABŞ bu addımı divar hörməklə edir. Yəni beynəlxalq hüquq sərhəd məntəqəsi qurmasına qarşı deyil. Hazırda Laçın yolundan sadə vətəndaşların gediş-gəlişinə problem yaradılmır. Hər hansı şəxs geri qaytarılmayıb. Deməli, yol açıqdır. Buna prezident səviyyəsində təminat verilib. Hətta yarızarafatla deyirik ki, bütün quru sərhədlər bağlıdır, amma Ermənistanla diplomatik münasibətlər olmasa da, o yol açıqdır”.

Ekspertin fikrincə, Azərbaycan hərtərəfli haqlıdır: “İstər beynəlxalq hüquqla, istərsə ölkə qanunları ilə, istərsə də yoldan silah-sursat daşınması hallarının qarşısını almaqla. Üstəlik, əvvəllər Fransadan, Rusiyadan və başqa yerlərdən əl-qolunu sallayıb Xankəndiyə gəlirdilər. Bunun qarşısı alınmasaydı, bölgədə dərəbəylik olardı. Hansı ölkə ərazisində bu cür hallara dözümlülük nümayiş etdirə bilər? Məncə, Blinken bu məsələdə mövzunu dəqiqliyi ilə bilmir. Amma inanıram ki, cənab Əliyev beynəlxalq münasibətlər məzunu olduğu üçün amerikalı diplomata məsələnin mahiyyətini izah edib. Yəni Ermənistanla sərhəddə post olması qeyri-adi hal deyil. Azərbaycan götürdüyü öhdəlikləri və 10 noyabr sənədindən irəli gələrək razılaşmaları yerinə yetirir, yəni yolu açıq qoyub, viza-pasport rejimi yoxdur. Biz bu məsələni qarışdırmamalıyıq. Məntiqlə başqa bir sərhəd dövlətlə gediş-gəlişdə pasport rejimi olmalıdır. Laçın yolunda sərbəst gediş-gəliş isə yalnız erməniəsilli Azərbaycan vətəndaşları üçündür. Bu da 10 noyabrda götürdüyümüz beynəlxalq anlaşmaya və öhdəliyə görədir. Bunun tərsini deyən ya məlumatsızdır, ya da qərəzlidir”.

T.İsmayılın fikrincə, Amerikaya demək lazımdır ki, bəzi ölkələrdən sizə giriş qadağandır: “Şimali Koreya olsun, onunla sərhəd ölkə deyil, amma ABŞ-a rahatlıqla gedə bilmirlər. Elə Azərbaycan vətəndaşları da belə asanlıqla Amerikaya daxil ola bilməz. O baxımdan bunu da Blinken bilməlidir və supergücsən deyə bizə hər şeyi diktə edə bilməzsən. İlk gündən demişəm, bu məsələdə Rusiya da bizə heç nə deyə bilməz. Azərbaycan Laçın yolunda ruslara təhlükəsizliyə nəzarəti həvalə edib, amma sərhəd postu qurmağımıza mane ola bilməz. Sərhəddə rus əsgəri dayana bilməz. Odur ki, Lavrovun, Blinkenin könlündən çox şey keçə bilər, Azərbaycan isə onlara yaxşı kabab qonaqlığı verə bilər, bizə nəyisə arzuladıqları kimi diktə edə bilməzlər”.

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov bildirib ki, ermənilərin Qarabağa giriş-çıxışı 10 noyabr bəyanatı əsasında tənzimlənir: “Ölkəyə giriş və çıxış prosesləri Azərbaycan qanunvericiliyi ilə tənzimlənir. Ancaq ermənilərin nəzarət-buraxılış məntəqəsindən keçməsinə isə bu hal şamil olunmur. Bu məsələ beynəlxalq ağırlığı olan 10 noyabr sənədi ilə tənzimlənir. Yəni etnik ermənilərin Qarabağa giriş-çıxışını Rusiya, Gürcüstan və digər ölkələrlə olan sərhədimizdə gedən proseslərlə müqayisə etməməliyik. Ölkədə yaşamanın 3 yolu var: bunlar müvəqqəti olma, müvəqqəti yaşama və daimi yaşamadır. Qeyd olunan yollar əcnəbi və vətəndaşlığı olmayan şəxslərə aiddir. Ümumiyyətlə, hər hansı Azərbaycan vətəndaşının ölkədən çıxanda və ya daxil olanda yoxlanılma prosesi var. Ermənilər bu hala şamil olunmur. Çünki bu məsələ üçərəfli bəyanatın şərtləri ilə tənzimlənir. Ermənilərin ölkəyə giriş-çıxışı ilə bağlı sənəd yoxdur. Videolar göstərir ki, Azərbaycan dövlətinin əsas məqsədi qanunsuz hərbi texnikaların ölkəyə gətirilməsinin və təbii sərvətlərimizin ölkədən çıxarılmasının qarşısı alınsın. Dövlətimiz hələ ki digər məsələlərə tolerant yanaşır”.

S.Məmmədov vurğulayıb ki, 1992-ci ilin 1 yanvar tarixinə qədər Qarabağda yaşayan ermənilər və onların övladları rahatlıqla vətəndaşlıq əldə edə biləcəklər: “Onlar “ASAN Xidmət” mərkəzlərinə müraciət edərək müəyyən prosedurlardan keçəcəklər. Digərləri, yəni Qarabağda yaşayanlarla ailə həyatı quran şəxslər isə naturalizasiya yolundan keçməlidirlər. Bütün proseslər başa çatandan sonra Azərbaycana gəliş ölkə qanunvericiliyinə uyğun olaraq həyata keçiriləcək. Qarabağda yaşayan vətəndaşlarımız da Ermənistana getmək üçün həm bizim, həm də Ermənistan qanunvericiliyinə əsasən hərəkət edəcəklər. İndiki rejim müvəqqətidir. Mən düşünürəm ki, nəzarət-buraxılış məntəqəsində yoxlanılan ermənilərin pasportuna möhür vurulmur. Açığı, buna gərək olduğuna inanmıram. Çünki həmin o möhürün vurulması qanunvericiliyə əsasən həyata keçirilir. Amma biz qeyd etdik ki, bu proses istisna haldır. Hər hansı bir qondarma kağıza “peçat” vurulmasını istəmirik. Çünki onlar bizim üçün printerdən çıxan kağızdan başqa bir şey deyil”.“Yeni Müsavat”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90