image-2000x150
image-6bca1b1854735b45ce387b027aff3a49backend

Fatih Portakalın yanlış yolu, sivri dili – o, bədxahlarıın ruporu oldu

image-728x90

Adamın nə adına sataşmaq lazımdır, nə də soyadına. Onun adını İstanbulu fəth etmiş sultanın şərəfinə qoyublar, soyadı isə Türkiyədə yayğın olan türdəndir – ötən əsrin 30-cu illərində hər kəsin qismətinə dədə-baba peşəsindən düzəlmə bir soyad düşüb.

Fatih Portakalın şəxsiyyəti ilə də işimiz olmamalıdır. O günə qədər o, dürüstlüyü, peşəkarlığı ilə ad çıxaran, hər zaman həqiqəti söyləməyə çalışan, cəsarətli bir televizyonçu idi. Fox TV-dəki işindən ayrıldıqdan sonra da sosial şəbəkədə özünə məxsus kanalıda verilişlər hazırlayır, düşüncələrini açıqlayır.

Amma bu isetadadlı şəxs gəldi, gəldi, öz sivri diliylə Azərbaycana yönəlik çıxış etdi və özünü gözümüzün Everestindən Mariana çökəkliyinə saldı.

Artıq onun bu günə qədərki peşəkarlığı da, obyektivliyi də şübhə altındadır. Fatih bəy o biri açıqlama, ittiham və iddialarında da eynilə “Azərbaycan bizim dostumuz deyil və olmayacaq” dediyi qədər obyektivdirsə, demək, onu danışdıran yalnız və yalnız qərəzdir.

Ərdoğana, AKP iqtidarına qarşı kin-küdurət, hiddət və qərəz onun gözlərini o qədər örtüb ki, artıq Ərdoğanla salam-əelyki olan hər kəsə nifrət bəsləyir.

Portakalın “Azərbaycan dostumuz deyil” iddiası həm Azərbaycanın dövlət başçısı İlham Əliyevlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi dostluğuna qıcıq olmasından irəli gəlir, həm də rəğbət bəslədiyi partiyanın, düşərgənin üzünü Avropaya tutması və türk coğrafiyasına arxa çevirməsi xəttindən.

“Türkiyənin dostu yoxdur” ifadəsi də yeni deyil, ən azı 100 yaşı var. Bu detalı əvvəllər dəfələrlə yazmışıq, bir daha qeyd edək ki, həmin ifadə Türkiyənin yadellilərin (İngiltərə, Fransa, İtaliya, Yunanıstan, Rusiya, Avstraliya) işğalına məruz qaldığı vaxt dilə gətirilib. Atatürk və ya bir başqası üzünü ordan-burdan nicat gözləyən xalqa tutaraq “türkün türkdən başqa dostu yoxdur” deyib. Bu cümlədəki “türk” sözü etnik kimliyi ifadə etmir, sadəcə, “bizim bizdən başqa dostumuz yoxdur” ifadəsinin sinonimidir. Yəni o deməkdir ki, özümüz ayağa qalxıb özümüzü xilas etməsək, bizi heç kəs xilas etməyəcək.

100 ildir ki, türk düşmənləri bu ifadədən yapışaraq, Türkiyəni nasizmdə günahlandırmaq istəyirlər. Bu, təmayül günümüzdə də var.

Fatih Portakalın dilə gətirdiyi ifadə isə məhz başqa millətləri, dövlətləri nəzərdə tutur.

O, bəlkə də yaxın-uzaq ölkələrin Türkiyəyə gerçək münasibətini bildiyi üçün dediklərində müəyyən qədər haqlıdır. Fəqət Fatih bəy o sıraya Azərbaycanı da salır və bizə gəldikdə məsələni daha da konkretləşdirir.

Təbii ki, o tək deyil. Türkiyədə Azərbaycanı dost saymayan, etinasız yanaşan xeyli adam var. “Hepimiz erməniyiz” ifadəsi boşuna ortaya çıxmamışdı ki? Bu cür düşünən adamlar Avropaya yarınmaq üçün öz millət və dövlətinin üzərinə dəhşətli “genosid” cinayətini belə götürməyə hazırdırlar. Özlərini Bizans imperiyasının varisləri və Avropa xalqı sayan bu cür şəxslər üçün milli kimlik onuncu dərəcəli məsələdir.

Vaxtilə ölkənin ən populyar qəzetlərinin manşetində “Eyni cinsli adamlar evləndi” xəbərini verən və bunu böyük bir tərəqqi kimi xalqa sırımağa çalışanlar vardı, hesab edirdilər ki, bundan sonra Avropa öz qapılarını Türkiyənin üzünə açacaq. Amma elə olmadı. Avropanın Türkiyəyə qarşı irəli sürdüyü şərtlər ard-arda yerinə yetirilsə də, axırda məsələ məşhur lətifədə deyildiyi kimi “ta de ki, paraşüt vermirəm” söhbətinə döndü. Almaniya və Fransa kimi aparıcı Avropa ölkələrinin liderləri (Angela Merkel və Nikolya Sarkozi) açıq-aşkar dedilər ki, 75 milyonluq Türkiyəni Avropa ailəsinin içində görmək istəmirlər və buna yol verməyəcəklər.

Yalnız ondan sonra Ərdoğanın və AKP iqtidarının üzü Avropadan döndü.

Fatih Portakal və onun kimilər isə hələ də düşünürlər ki, Türkiyə millətçiliyə, dindarlığa önəm verdiyi üçün Avropaya yaxın qoyulmur..

Azərbaycanın Türkiyəyə (eləcə də əksinə) dost olmasını sübut etməyə ehtiyac yoxdur. Bunun tarixi kökləri var. Hələ ortaya dəmir pərdə çəkən sovet dövlətinin vaxtında da ölkəmizdə türk ədəbiyyatına (Rəşad Nuri Güntəkin, Orxan Kamal, Səbahəddin Əli), musiqisinə və filmlərinə sevgi xüsusilə seçilirdi. Türkiyəyə gedib-gələn incəsənət və mədəniyyət adamları televiziyada bu barədə ötəri və ideoloji prizmadan danışsalar da, öz yaxın ətraflarında Türkiyədə gördükləri hörmətdən geniş bəhs edirdilər. Rəşid Behbudovun, Zeynəb Xanlarovanın repertuarında türk mahnıları yer alırdı, sevə-sevə oxuyurdular və xalqın dilinin əzbəri idi.

Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı sevginin və gediş-gəlişin bərpası hələ sovet dövrünün axır illərində başlanmışdı. Sonradan bu ünsiyyət min dəfələrlə artdı və dostluq-qardaşlıq büsatı qırılmaz tellər üzərində bərqərar oldu.

Bakı-Tiflis-Ceyhan neft kəmərinin, Bakı-Ərzurum qaz xəttinin mənsəb nöqtəsi kimi Türkiyə şəhərlərinin seçilməsi, bəlkə, kiməsə təsadüf görünə bilər, amma bu marşrutların seçilməsi sırf Türkiyəyə rəğbətə görəydi. Yoxsa Azərbaycan öz neft və qazını Avropaya çıxarmaq üçün işlək Bakı-Novorossiyk xəttinə alternativ üzərində düşünməzdi.

Bu xüsusda daha geniş məqalə, hətta kitab yazmaq olar. Ancaq ehtiyac yoxdur. Hər iki ölkədə bu dostluğun-qardaşlığın bədxahları nə qədər çalışsalar da, indən belə ətlə dırnaq arasına girə bilməzlər.

Ona görə də portakalların və başqalarının dediklərinə, deyəcəklərinə önəm vermək doğru deyil. Ona qalsa, bizdə də ruspərəstlər, İranpərəstlər illərdir anti-Türkiyə təbliğatı aparırlar. Son illər Qərbpərəstlər də onlara qoşulub və hamısının motivi aydındır. Onlar nə qardaş Türkiyəni istəyirlər, nə də öz vətənləri Azərbaycanı.

Xalid KAZIMLI

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90