– İqbal müəllim, uzun müddətdən sonra son bir neçə ayda sülh sazişinin imzalanması istiqamətində danışıqlar proses intensivləşsə də, ortada ciddi nəticə yoxdur. Bunu necə dəyərləndirərdiniz?
– Doğru deyirsiniz ki, son aylarda sülh sazişi istiqamətində danışıqlar prosesində aktivlik müşahidə etsək də, təəssüflər olsun ki, hər zaman olduğu kimi İrəvanın sülhdən yayınma hərəkətləri nəticəsində biz ciddi nəticələrin əldə olunmasının şahidi olmuruq. Düzdür, müəyyən məsələlərdə irəliləyiş olsa da, yekun sülhün əldə olunması üçün prinsipial məsələlərdə razılıq əldə etmək mümkün olmayıb. Erməni tərəfi hər vasitə ilə sülh danışıqlarından manipulyasiya edib vaxtı uzatmağa çalışır. Amma bunun heç bir faydası yoxdur. Ermənistan birdəfəlik anlamalıdır ki, onlar Azərbaycan şərtləri əsasında sülh sazişi imzalamağa məhkumdurlar. Əgər ermənilər bölgədə Ermənistan adlı dövlətin mövcduluğunu istəyirlərsə, sülh sazişini imzalamaq zorundadırlar. Əks təqdirdə özləri özlərinin gəlcəyi üstündən xətt çəkmiş olacaqlar.
– Dünyada və bölgədə gedən proseslər fonunda Ermənistan vaxt uzadıb manevr etmək imkanını da məhdudlaşdırır. Belə olan halda Ermənistanı nə gözləyir?
– Azərbaycan qalib ölkə olaraq sülh şərtlərini irəli sürüb və qarşı tərəfin başqa yolu yoxdur. Bu şərtlər sülh sazişi imzalanmalıdır. Onlar vaxtı uzatmaqla hansısa məkrli və ya hiyləgər, yaxud da revanşist planlarını yenidən reallaşdıra biləcəklərini düşünürlərsə, yanılırlar. Bu, artıq mümkün deyil. Bir daha qeyd edirəm ki, Bakının şərtləri bəllidir və məqsədinə doğru addım-addım irəliləyir. Necə deyərlər, top artıq Ermənistan tərəfdədir. Sülh Ermənistandan asılıdır. Azərbaycan Prezidenti sülhlə bağlı mövqeyini ortaya qoyub və bəyan edib ki, qarşı tərəf necə yanaşacaqsa, biz də eyni qaydada… Sülh bu gün daha çox Ermənistan vacibdir. Azərbaycan ərazi bütövlüyünü təmin edib, işğaldan azad edilmiş ərazilərdə sürətlə genişmiqyaslı yenidənqurma, bərpa-quruculuq işlərini həyata keçirir. Beynəlxalq aləm də Azərbaycanın irəli sürdüyü şərtlər daxilində sülh sazişinin imzlanmasının tərəfdarıdır. Hətta ermənilərə havadarlıq və himayədarlıq edənlər belə, bu gün Azərbaycan Prezidentinin şərtlərini qəbul etmək zorunda qalıblar. Onunla hesablaşırlar. Bu, artıq Azərbaycanın dünyadakı gücünün, nüfuzunun və mövqeyinin göstəricisi deməkdir. O baxımdan da Ermənistan həm dünyada gedən prosesləri, həm də bu amilləri nəzərə alıb sülh sazişini imzalamalıdır. Yoxsa bölgəni Cənubi Qafqazda marağı olan güclərin toqquşma meydanına çevriməklə heç nəyə nail olmayacaq. Ümumiyyətlə, İrəvanın ziddiyətli, absurd bir xarici siyasət kursu öz başına oyun açır və çıxılmaz bir quyuya salır.
Bir yandan İrəvan Moskvadan uzaqlaşmaq xəttini tutur. Digər tərəfdən isə baş verənlərdə Rusiyanı ittiham edib, məsuliyyəti onun üzərinə atmaqla Moskvadan yardım istəyir. Rusiyadan Ermənistanın təhlükəsizliyinin təmin edilməsini istəyir. İrəvan eyni zamanda Rusiya ilə tamamilə əks qütbdə olan Avropadan da təhlükəsizliyinin təmin olunmasını istəyir. Bu məqsədlə avropalı müşahidəçiləri Ermənistana Azərbaycanla sərhəddə monitorinq aparmağa dəvət edib. Bununla yanaşı, “böyük bacısı” Fransanın əli ilə yenidən silahlanmağa cəhd etməkdədir. Belə ki, Frasanın yardımı ilə İran və Hindistandan silah almağa başlayıb. İrəvanın bu hərəkəti isə bölgədə sülhə deyil, gərginliyin davam etməsinə xidmət edir. Amma Ermənistanı silahladıranlar unudurlar ki, bu təhlükəli oyundan itirən tərəf ermənilər və Ermənistan olacaq. Bu cür təhlükəli oyunlar Ermənistan dövlətçiliyinin gələcək varlığını təhlükə altında qoyur. Bütün bunlara əsaslanaraq deyirəm ki, Ermənistan Azərbaycan şərtləri daxilində sülhə məhkumdur. Bu cür anlaşılmaz xarici siyasət yürütməklə heç nə etmək olmaz. Bu cür siyasət ancaq və ancaq ölkəni fəlakətə sürükləyər.
Bütün bunlar onu göstərir ki, İrəvan gələcəyi ilə bağlı siyasət yürtüməkdə müstəqil deyil. Səbəbi də kimlərinsə əlində alət olmasıdır. Bu mənə “Arşın mal alan” filmindəki Əsgər bəyin evlənmək üçün parçasatan qiyafəsində özünün bəyəndiyi adaxlını axtararkən iki qoçunun arasında “alə, sənə demirəm, oxuma, digər qoçu isə “alə oxu” epizodunu xatırladır. Ermənistan bu gün həmin vəziyyətdədir.
Artıq zaman onların ziyanına işləyir. Elə bir məqam yetişəcək ki, ermənilər özləri sülh üçün Azərbaycanın ayağına düşüb yalvaracaq. Amma o zaman sülhün onlara faydası olmayacaq. Ermənilər bölgədə reallaşan regional və transmilli layihələrdən kənarda qalmış olacaq. Bundan yetərincə faydalana bilməyəcəklər. Amma tez bir zamanda sülh sazişi imzalasalar, bundan yetərincə faydalanıb erməni xalqının və dövlətinin normal inkişafını təmin edə biləcəklər.
Bununla da onillərlə üzləşdiyi izolyasiyadan çıxaraq region və dünya ölkələri ilə əməkdaşlıq nəticəsində inkişaf yoluna qədəm qoyacaqlar.
Ermənistan inkişaf, sabitlik, sülhü seçmək əvəzinə, hələ də köhnə xəstə erməni düşüncəsindən əl çəkə bilmirlər. Hansı ki Bu xəstə təfəkkür onları tarix boyu uçuruma yuvarlayıb, yuvarlamaqdadır. Nəticədə bunun acı fəalkətlərini yaşayıblar. Bundan əl çəkməsələr, daha pis fəlakətlərlə üz-üzə qalacaqlar. Öz çirkin əməlləri öz başlarında çatlayacaq.
Ermənilər onu da dərk etməlidirlər ki, artıq dünya da həmin dünya deyil. Dünya birliyi və ölkələri ermənilərin bu yalanlarını qəbul etmir. Onların çirkin niyyətlərinin aləti olmaq istəmir və ona dəstək vermirlər.
Ermənistandan fərqli olaraq bu gün dünyada Azərbaycana tam fərqli bir müsbət münasibət var. Azərbaycan və onun lideri cənab İlham Əliyev dünyada bir yeni dövrün siyasi lideri kimi qəbul edilir və onunla hesablaşılır. Avropa ölkələri cənab İlham Əliyevi sözü bütöv, dediyinin üstündə duran bir lider kimi, Azərbaycanı isə etibarlı tərəfdaş dövlət kimi qəbul edirlər.
Odur ki Ermənistan sülh danışıqlarına mane olan mövqelərindən nə qədər tez geri çəkilsə, daha yaxşı olar. Bunun üçün İrəvan Azərbaycanın suveren ərazilərində qeyri-qanuni hərbi mövcudluğunu davam etdirməsindən, daxili işlərə ardıcıl müdaxiləsindən, Azərbaycanın mərkəzi hakimiyyət orqanları ilə Qarabağ bölgəsində erməni əsilli yerli sakinlər arasında dialoqun aparılmasına maneçilik törətməsindən və Ermənistanın Azərbaycan ərazisinə qarşı qarayaxma kampaniyası aparmasından və bunu beynəlxalq miqyasda davam etdirməkdən əl çəkməlidir. İrəvan bunu etmək istəməsə belə, buna məcbur ediləcək və bu məcburetmə yolları var. Amma hələlik Azərbaycan tərəfi səbir edir və istəyir ki, İrəvan özü könüllü olaraq sülhü seçsin.
– Bəs o zaman Qarabağdakı separatçıları hansı tale gözləyir?
– Qarabağdakı separatçılar Azərbaycan Prezidentinin bu yaxınlarda Laçın rayonunda etdiyi amnistiya bəyanatını yaxşıca dəyərləndirib, özləri üçün nəticə çıxarmalıdırlar. Azərbaycan Prezidentinin bu bəyanatı, hətta ABŞ hakimiyyəti tərəfindən sülh istiqamətində atılan yüksək addım kimi qiymətləndirildi. Odur ki Xankəndidəki vardanyanlar, arutyunyanlar, balasanyanlar, babayanlar və digərləri vaxtında ağıllarını başlarına yığıb bundan nəticə çıxarsalar yaxşı olar. Düzdür, onlar artıq sonlarının gəldiyini yaxşı anlayır. Amma misal var, deyərlər, cəhənnəmə gedən özünə yoldaş axtarar. Bax bunlar da həmin vəziyyətdədir. Bu məqsədlə də Qarabağdakı erməniləri öz əllərində girov kimi saxlayırlar. Amma vaxt gedir və hər ötən gün keçdikcə bu vaxt daralır. Azərbaycan komandos qüvvələrinin “dəmir yumruğ”unu ənsələrində hiss edəndə isə artıq hər şey gec olacaq. Sonrakı peşmançılıq da fayda verməyəcək.
İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərin açarlarını onlara təqdim edib » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi
Azərbaycan Ermənistanla sərhəddə Laçında keçid-buraxılış məntəqəsini qurub və giriş-çıxışa ciddi nəzarət edir. Son günlərdə mediada yayılan görüntülər də onu göstərir ki, artıq Xankəndidəki separatçıların və onlara havadarlıq edənlərin niyyətləri puça çıxmaqdadır. Qarabağda yaşayan ermənilər rahatca, heç bir maneə olmadan Laçındakı sərhəd keçid-buraxılış məntəqəsindən hərəkət edirlər.
Xankəndidəki separatçılar özlərini düşünmürsə, heç olmasa, sonunda girovluqda saxladıqları erməniləri və onların gələcəyini düşünsünlər. Əgər İrəvandakı revanşistlər və Xankəndidəki separatçılar ermənilərin gələcək taleyini düşünməyəcəksə, o zaman Azərbaycan Prezidentinin rəhbərliyi altında ordumuz onları separatçıların girovluğundan necə xilas edib, onların xoş gələcəyini təmin etmək məsuliyyətini öz üzərinə götürəcək və bunun yolunu da yaxşı bilirlər. Qarabağdakı Azərbaycan vətəndaşı olmaq istəyən ermənilər bu məsələdə Azərbaycan Prezidentinə tam əminlikıə öz gələcək təhlükəsizliklərini etibar edə bilərlər.
Mən bir şeyi də qeyd etmək istərdim ki, bu gün Ermənistanda daha çox müzakirə olunan məsələlərdən biri də ölkənin gələcək təhlükəsizliyi məsələsidir. Sizi əmin edirəm ki, ermənilər sülh sazişi imzalayıb Azərbaycan və Türkiyə ilə səmimi normal münasibət qurarlarsa, bu iki ölkədən onların təhlükəsizliyini etibarlı şəkildə təmin edəcək başqa ölkə tapmaq mümkün deyil. Nə Fransa, nə Rusiya, nə də ki, digər bir ölkə bu iki ölkə kimi Ermənistanın təhlükəsizliyini təmin edə bilməz.
– Bəs Zəngəzur dəhlizi ilə bağlı nə düşünürsünüz? Son danışıqlarda erməni tərəfi bu istiqamətdə irəliləyişin olduğunu bəyan etsə də, lakin öz şərtlərini diktə etmək istəyir. Sizcə, necə olacaq?
– Azərbaycan Prezidentinin Zəngəzur dəhlizi ilə bağlı mövqeyi ortadadır və o dəfələrlə bəyan edib ki, Ermənistanın istəyindən asılı olmayaraq Türk dünyasını, Qərblə Şərqi birləşdirən bu dəhliz açılacaq. Burada hər hansı ikinci söhbət ola bilməz. Nə Ermənistan, nə də ki, bu layihənin reallaşmasını istəməyən digər ölkələr buna mane ola biləcək.
İkinci məqam isə ondan ibarətdir ki, bu dəhlizin ən qısa zamanda açılması, nəinki Ermənistanın milli maraqlarına cavab verir, eyni zamanda üzləşdiyi böhrandan xilas olmaq məsələsində nicat yoludur. O baxımdan bu yolun Ermənistana daha çox faydası var. Belə ki, Ermənistan bu yolun imkanlarından istifadə etməklə ilin bütün fəsillərində Şərqdən Qərbə, Şimaldan Cənuba doğru dünya ölkələrinə rahat çıxışını təmin etmiş olacaq. Çünki bu gün Ermənistanın istifadə etdiyi quru yolları çox mürəkkəb dağlıq coğrafi relfeylərdən keçdiyindən heç də ilin bütün fəsillərində açıq olmur. Amma Azərbaycan üzərindən ilin istənilən vaxtı istənilən istiqamətə hərəkət imkanı qazanmış olacaq. Odur ki İrəvan sülhün gətirəcəyi bu imkanları düzgün dəyərləndirib bundan nəticə çıxarıb faydalanmağı bacarmalıdır. Əks halda itirən yenə də Ermənistan və erməni xalqı olacaq.(ölke.az)