“Müstəqillik elan edən zaman Ermənistanın ərazisi cəmi 9 min kvadrat kilometr idi…”
Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov müsahibəsində Moskva ilə İrəvan arasında artan siyasi gərginliyin mümkün nəticələri, Ermənistanla Azərbaycan arasında növbəti hərbi toqquşma perspektivi barədə sualları cavablandırıb.
Müsahibəni təqdim edirik:
– Tofiq bəy, Fransa Prezidenti Emmanuel Makronun İrəvana və Bakıya səfər edəcəyi haqqında xəbərlər yayılıb (xəbər müsahibə götürüləndən sonra təkzib edildi- red.). Münasibətlərin kifayət qədər gərgin olduğu indiki dövrdə Fransa nəyə nail olmağa çalışır?
– Bu, Fransanın proseslərdə hansısa rol oynamaq üçün növbəti cəhdi ola bilər. Fransa göstərmək istəyir ki, o, Ermənistanın maraqlarını təmin etmək üçün əlindən gələni edir və guya Azərbaycana təzyiqləri davam etdirməyə hazırdır. Açığı, Makronun hansısa ciddi təkliflər səsləndirəcəyinə inanmıram.
Biz başa düşməliyik ki, artıq Rusiya bu bölgədən çıxır. Nikol Paşinyan da İtaliya mətbuatına müsahibəsində bunu dedi. Rusiya hazırda onu bölgədə əvəz edəcək ölkələr arasında seçim etməyə çalışır. Türkiyə-Azərbaycan tandeminin güclənməsi və Türkiyə ilə Rusiyanın çoxşaxəli münasibətləri onu göstərir ki, Moskvada siyasi elitanın böyük bir hissəsi məhz Türkiyənin bizim regionda Rusiyanı əvəzləməsini istəyir. Çünki Rusiya üçün Türkiyə və Türk Dövlətləri Təşkilatının güclənməsini özündə ehtiva edən geopolitik reallıq daha sərfəlidir. Burada ikinci bir namizəd isə Fransadır. Daha geniş götürsək, Fransa başda olmaqla Avropa İttifaqına üzv olan ölkələrin bir neçəsi regionda Rusiyanı əvəzləmək istəyirlər.
Bu, Fransanın birinci cəhdi deyil. Biz bilirik ki, vaxtı ilə Fransa Gürcüstanda da fəallıq nümayiş etdirirdi. Amma 2008-ci ildə Rusiya ilə müharibədə keçmiş Prezident Nikola Sarkozinin gürcülərə qarşı ikiüzlü siyasəti Fransanın Gürcüstandakı imkanlarını məhdudlaşdırdı. Fransa ikinci cəhdini Ermənistanda reallaşdırmağa çalışır. Qeyd etdiyim kimi, onlar cəhd göstərib Cənubi Qafqazda Rusiyadan sonra boşalan yeri tutmaq istəyirlər. Hadisələr sadəcə, bundan ibarətdir. Digər tərəfdən, Qərbin böyük bir hissəsi – xüsusən Böyük Britaniya və ABŞ Türkiyənin bu bölgədə güclənməsinin tərəfdarıdır. Onlar başa düşürlər ki, gələcəkdə Türkiyə və türk dövlətlərinin geopolitik faktoru burada çox vacib rol oynayacaq.
– Yəni onlar Fransaya etibar etmirlər…
– Bəli. Bildiyiniz kimi, Fransanın xarici siyasəti Qərb və ABŞ tərəfindən birmənalı qarşılanmır. Ona görə də Makronun bu səfəri geopolitik oyunun bir səhifəsidir. Makron çalışacaq ki, Ermənistana öz dostluğunu nümayiş etdirsin. O, özünü elə aparır ki, guya Azərbaycana təzyiq edir. Amma təzyiq üçün heç bir ciddi əsasları yoxdur.
Makrona Bakıdan diplomatik çərçivədə deyəcəklər ki, “Biz səni dinlədik, amma sənin təklif etdiyin məsələlər bizi qane etmir”. Yəni, Bakıdakı təzyiq cəhdləri müəyən çərçivədə ola bilər. Fransa bilir ki, Azərbaycana Birləşmiş Millətlər Təşkilatı səviyyəsində təzyiq göstərə bilməz. Amma Avropa İttifaqı səviyyəsində Azərbaycanla bağlı hansısa qərarların qəbuluna cəhd edə bilərlər. Lakin bu addımın reallaşması da sual altındadır. Çünki Avropa İttifaqına daxil olan ölkələr – məsələn, Balkan dövlətləri, İtaliya buna qarşı çıxacaqlar. Yəni, orada da vəziyyət birmənalı deyil.
– Siz də qeyd etdiniz ki, Nikol Paşinyan Rusiyanın bölgəni tərk edcəyini deyir. Amma biz gördük ki, Kreml Paşinyanın bu bəyanatına çox sərt reaksiya verdi. Hətta Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova onu “pis rəqqas” adlandırdı. Hazırda Ermənistan- Rusiya münasibətlərində baş verən gərginlik region üçün nə vəd edir? Ermənistanda yeni daxili siyasi böhranın yaradılması mümkündürmü?
– Rusiyanın buradan çəkilməsi məsələsi yeni bir proses deyil. Mən bu barədə öz “Facebook” səhifəmdə də paylaşım etmişdim. Beş il əvvəl verdiyim müsahibədə isə demişdim ki, Rusiya regiondan gedəcək. Uzun müddətdir bəzi şərhçilər də bu fikri səsləndirirlər. Əslində, proses Ukrayna müharibəsindən əvvəl başlamışdı.
Ermənilər Rusiyadan o qədər kömək alıblar ki… İndi də sonuncu ümid yeri olaraq Rusiyanın onlara dəstək verəcəyinə inanırdılar. Ancaq görünür, Rusiyanın onlara heç kömək etmək imkanı belə yoxdur. Bu baxımdan real vəziyyət hamıya bəlli oldu. Paşinyan isə bu reallığı anlayan sonuncu şəxsdir.
– Ermənistanda ciddi narahatlıq var ki, Azərbaycan ona qarşı yenə güc tətbiq edə bilər. Azərbaycan ordusunun yerdəyişmə tədbirləri ilə bağlı sosial şəbəkələrdə yayılan görüntüləri paylaşaraq, yeni müharibənin “qapının ağzında” olduğunu idda edirlər. Sizcə, yeni hərbi toqquşmalar mümkündürmü və bu, harada ola bilər? Ermənistan sərhədində yoxsa Rusiya hərbçilərinin müvəqqəti nəzarət etdikləri ərazilərimizdə?
– Biz görürük ki, Ermənistan həmişəki kimi bizə qarşı təxribatlar törədir. Azərbaycan bu təxribatlara cavab olaraq işğalçı rejimin qalıqlarını Qarabağ ərazindən təmizləyə bilər. Çünki əvvala, orada həm hərbçilər, həm də bunların “araikləri” maaşı Ermənistan büdcəsindən alırlar. Deməli, işğalın qalıqlarını oradan təmizləyə bilərik.
İkincisi, Ermənistan Azərbaycanın Qərb rayonları ilə Naxçıvanın quru əlaqəsinin təminatı ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır.
Üçüncüsü, tarixi ədaləti bərpa etmək lazımdır. Çünki Rusiya Azərbaycanı işğal etdikdən 5-6 ay sonra Zəngəzur və Göyçə mahalını Ermənistana verib. Həmin vaxt heç Azərbaycan xalqının rəyi belə soruşulmayıb. Yəni bunlar Azərbaycana qarşı tarixi ədalətsizlikdir, onları aradan qaldırmaq lazımdır…
– Bəs anklavların işğaldan azad edilməsi məsələsi?
– Baxın, görün, Paşinyan nə deyir? Deyir ki, bizə “kupça” lazımdır. Əslində, “Ermənistanın ərazi bütövlüyü” adında bir məsələ yoxdur. Çünki Paşinyan özü Ermənistanın rəsmi sərhədlərinin hüdudları ilə bağlı 3-4 variant səsləndirib. Bir dəfə deyib ki, “artsax” Ermənistandır”. Onlar bu bəyanatla nəzərdə tuturdular ki, keçmiş “dağlıq Qarabağ vilayəti” və işğal olunmuş ətraf ərazilər Ermənistana məxsusdur. Paşinyan seçilərkən konstitusiyaya and içib, orada isə yazılıb ki, artıq “dağlıq Qarabağı” Ermənistana birləşdiriblər. Daha sonra Paşinyan Praqa sammitində deyib ki, 1991-ci ilin sərhədlərini tanıyaq. Sonra məlum oldu ki, 1991-ci ildə onlar Almatıda bu sənədi düzəlişlə imzalyıblar və “dağlıq Qarabağı Ermənistana birləşdiriblər”. Təbii ki, bu təklif də baş tutmadı. Sonra dedilər ki, 1975-ci ilin xəritələrini əsas götürək. Azərbaycan isə hələlik heç bir söz deməyib. Amma tam hüququ var, desin ki, bizim ərazilərimizi Rusiya işğal edərək, bu torpaqlarımızı Ermənsitana verib.
– Paşinyan Azərbaycanın 86,6 min kvadrat kilometr, Ermənistanın isə 29,8 min kvadrat kilometr ərazisinin qarşılıqlı olaraq tanınmasını da təklif edib….
– Müstəqillik elan edən zaman Ermənistanın ərazisi cəmi 9 min kvadrat kilometr idi. 20 min kvadrat kilometr haradan əmələ gəlib?
– Azərbaycan ərazilərinin işğalı hesabına…
– Bəli. Bu baxımdan indi ərazi bütövlüyü məvhumu Ermənistana aid deyil. Makron da bizimlə danışıqlarda ərazi bütövlüyündən bəhs edəcək. Ancaq hansı ərazi bütövlüyündən söhbət gedə bilər? Onlar ərazilərinin nədən ibarət olduğunu heç doğru-dürüst bilmirlər.“AzPolitika.info”