image-rt-reklam
image-1754487940_1backend

Azərbaycanı qlobal aktora çevirən ŞƏRTLƏR

image-728x90

Dünya gündəmini zəbt edən hadisələr göstərir ki, ənənəvi əməkdaşlıq meyarları sıradan çıxır, beynəlxalq münasibətlər sistemi yenidən qurulur və hər bir dövlət özünü praqmatik notlar üzərində, yeni dövrün reallıqlarına adekvat formatlar vasitəsilə qlobal arenaya təqdim edir. Bu prosesdə ən uğurlu diplomatik gedişlər hazırda faktiki, beynəlxalq güc mərkəzlərindən birinə çevrilməkdə olan Azərbaycana məxsusdur. 

Yeni dövr hədəfləri və geosiyasi əməkdaşlIq

Xankəndi şəhərində keçirilən forumda Prezident İlham Əliyev qlobal müstəvidə həyata keçirilən konstruktiv siyasətin Azərbaycana hərtərəfli rəğbət qazandırdığını bir daha bəyan etdi.

Həqiqətən də, ölkəmiz tək Cənubi Qafqaz deyil, ümumilikdə, beynəlxalq təhlükəsizliyin təmini prosesində əhəmiyyətli rol oynamağa başlayır. Prezidentin Avropa Siyasi Birliyi, Türk Dövlətləri Təşkilatı, AQEM, İqtisadi Əməkdaşlıq Təşkilatı və digərlərinin tribunalarından verdiyi strateji mesajlar rəsmi Bakının yeni dövr hədəflərini müəyyənləşdirir və Azərbaycanın qlobal əməkdaşlıqda istinad etdiyi narrativlərin xarakterinə aydınlıq gətirir. Şübhəsiz, ölkəmizin qazandığı reytinq ilk növbədə, 44 günlük müharibədə qazanılan tarixi qələbə və suverenliyimizin bərpası ilə bağlıdır.

İkinci mühüm element isə Azərbaycanın istər regional, istərsə də qlobal səviyyədə götürdüyü öhdəlikləri qüsursuz və tərəfdaşlıq meyarlarına uyğun şəkildə həyata keçirməsidir.

Azərbaycan etibarlı tərəfdaşları ilə birgə regional və qlobal təhlükəsizlik sistemindəki rolunu artırır. Ölkəmizin iştirakçısı olduğu regional əməkdaşlıq formatlarına Türkiyə və Pakistanla strateji müttəfiqliyin də əlavə olunması faktiki, yeni güc mərkəzinin yarandığı anlamına gəlir. Pakistan iqtisadiyyatına 2 milyard dollar investisiyanın yatırılması, Türkiyənin də üzv olduğu Türk Dövlətləri Təşkilatı çərçivəsində fəal siyasi-iqtisadi təmaslar, TDT üzvləri iqtisadiyyatına 20 milyard dollardan çox sərmayənin qoyulması tərəfdaşlıq əlaqələrinin yeni “yol xəritəsi” deməkdir.

Azərbaycanın yekdilliklə D-8 təşkilatına 9-cu üzv kimi qəbul olunması isə bir tərəfdən, ölkəmizin siyasi, iqtisadi və hərbi gücünün etirafı, digər tərəfdən, onun dünya arenasında özünü nüfuzlu dövlət kimi təqdim edə bildiyinin göstəricisi sayıla bilər.

Azərbaycanın Avrasiya coğrafiyasında artan rolu və qlobal enerji xəritəsinə gətirdiyi yeniliklər rəsmi Bakının Cənubi Qafqazdakı mövqeyini, daha doğrusu, Ermənistanla yekun sülh sazişinin imzalanması üçün irəli sürdüyü arqumentləri gücləndirir.

Prezident İlham Əliyevin Vaşinqtonda ABŞ prezidenti Donald Trampla görüşü tərəflər arasında konstruktiv münasibətlərin mövcudluğunun ifadəsi olmaqla yanaşı, Azərbaycanın postmüharibə hədəfləri, xüsusilə də, sülh sazişinin imzalanmasını şərtləndirəcək bəndlərin – Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılması və Minsk qrupunun ləğvi tələblərinin qlobal səviyyədə qəbul olunduğundan xəbər verir.

Doğrudur, Vaşinqtonda sülh sazişinin imzalanacağını kimsə gözləmir, lakin tərəflərin niyyət protokolu hesabına danışıqları daha dinamik şəkildə davam etdirmələri üçün yaranan imkan Bakının diplomatik uğuru, sülh prosesində dominant fiqurun Azərbaycan olduğunun rəsmi təsdiqidir.

Qlobal proseslərdə fəal iştirak

Müşahidələr göstərir ki, Azərbaycan artıq öz imperativlərini Cənubi Qafqaz hüdudları ilə məhdudlaşdırmaq niyyətində deyil. Ölkəmizin İsrail-İran qarşıdurması zamanı nümayiş etdirdiyi mövqe, Rusiya-Ukrayna müharibəsinin beynəlxalq hüquq normaları çərçivəsində başa çatdırılmasına dair çağırışlar, Pakistan-Hindistan toqquşmasına, eləcə də, Yaxın Şərq hadisələrinə obyektiv və çevik reaksiya Azərbaycanın pozitiv imicini formalaşdıran mühüm komponentlərdir.

Doğrudur, bəzi dairələr, siyasi sifariş yerinə yetirən media strukturları istər İran-İsrail, istər Rusiya-Ukrayna ziddiyyətləri fonunda ölkəmizin neqativ obrazını yaratmağa, bununla da Bakını həm Tehran, həm də Moskva ilə qarşı-qarşıya qoymağa çalışdılar. Lakin Prezidentin açıq və praqmatik mesajları, Azərbaycanın qlobal sülh təşəbbüsləri bəlli mərkəzlərin məkrli planlarını heçə endirən əsas arqumentə çevrildilər.

Bu gün Azərbaycan-İran münasibətlərində konstruktivlik elementləri artır. İran prezidenti Məsud Pezeşkianın Xankəndinə səfəri, Azərbaycanın xarici siyasəti barədə xoş ifadələri bəzi şəxslərin əsassız ittihamlarına rəğmən, Bakı-Tehran münasibətlərində müsbət dinamikanın mövcudluğundan xəbər verir.

Azərbaycan və İran D-8 təşkilatının da aktiv üzvləridir və təşkilat çərçivəsində fəal təmaslar hər iki ölkəyə ciddi iqtisadi dividendlər vəd edir. Xüsusilə də, nəqliyyat əməkdaşlığı sahəsində… Bu yerdə onu da qeyd edək ki, Azərbaycan və İran arasında diplomatik krizisin aradan qalxması uzun illər davam edən İran-Pakistan düşmənçiliyinə  tədricən son verilməsinə və yeni tipli münasibətlərin formalaşmasına gətirib çıxarır.

İran prezidentinin Pakistana son səfəri çərçivəsində imzalanmış 12 sənəd Tehran-İslamabad əlaqələrinin gələcək strateji hədəflərinin müəyyən edilməsində əhəmiyyətli rol oynayacaq. Pakistan, İran və Azərbaycan arasında pozitiv əlaqələrin bir komponenti də Orta Dəhliz layihəsi və bu layihəni dəstəkləyən Çinlə qurulan dostluq münasibətləridir.

Əlbəttə, yeni dünya nizamı qlobal nəqliyyat-enerji xəritəsində də dərin izlər buraxmaqdadır. Rusiya-Ukrayna müharibəsi açıq nümayiş etdirdi ki, əvvəlki münasibətlər sisteminə qayıdış olmayacaq. Odur ki, sözügedən müharibə nəticəsində iqtisadi imkanlardan və enerji resurslarından məhrum olan dövlətlər yeni çıxış yolları axtarmağa başlayıblar.

Onların böyük əksəriyyətinin yeni münasibətlər sistemində strateji tərəfdaş imicində gördükləri ölkələr sırasında Azərbaycan ön sıralarda gedir.

Azərbaycanın coğrafi mövqeyi, strateji nəqliyyat və enerji xətlərinin kəsişmə nöqtəsində yerləşməsi, qlobal tədbirlərə uğurla ev sahibliyi etməsi, dünyanın gələcəyi üçün önəm daşıyan resurs və xammala sahib olması onu vazkeçilməz tərəfdaşa çevirir. Bu faktor Qərbdəki bəzi dairələri və regional gücləri razı salmasa da, Prezidentin həyata keçirdiyi prinsipial siyasət böyük mərkəzləri reallıqlarla barışmaq məcburiyyətində qoyur.

Məsələn, Transbalkan qaz xətti ilə Ukraynaya qaz ixrac edilməsi Rusiyanın bəlli seqmentində ciddi ajiotaja səbəb olub və həm rus mediası, həm də Konstantin Zatulin kimi üzdəniraq siyasətçilər Bakının düşünülmüş şəkildə anti-Rusiya kursu yürütdüyünü bildirirlər. Halbuki, hazırda ikitərəfli münasibətlərin gərgin müstəviyə keçməsində günahkar birbaşa Rusiya tərəfidir.

Moskvanın ötən ilin dekabrında AZAL-a məxsus təyyarənin vurulması məsələsində hələ də nümayiş etdirdiyi saymazyana davranış 2022-ci ilin fevralında imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında sazişlə qətiyyən üst-üstə düşmür. Üstəlik, Yekaterinburqda soydaşlarımıza qarşı başlanan hücum kampaniyasının Kreml tərəfindən dəstəklənməsi Azərbaycanı şimal qonşusu ilə münasibətlərə yenidən baxmaq məcburiyyətində qoyur. Ukraynaya sınaq məqsədilə qazın göndərilməsi isə əsla və əsla anti-rus fəaliyyəti yox, Azərbaycanın özünün enerji bazarlarını şaxələndirmək istəyinin real sübutudur.

Yeni bazarlara çıxış və dünya imperializminə qarşı

İkinci vacib detal: Azərbaycan artıq Suriyaya da qaz ixracına start verir. Bakı və Dəməşq arasında əldə edilən razılaşmaya görə, ölkəmiz Kilis-Hələb boru kəməri vasitəsilə Türkiyənin BOTAŞ şirkətinin infrastrukturu üzərindən Suriyaya ildə 2 milyard kubmetr qaz ixrac etmək niyyətindədir. Avqust ayından etibarən Hələb və Homs bölgələrinə illik 1,2 milyard kubmetr qazın ötürülməsi nəzərdə tutulur ki, bu da müharibədən və dağıntılardan çıxan Suriyanın yetərli infrastruktura sahib olmadığı ilə bağlıdır.

Bəli, yeni enerji bazarları tapmaq Azərbaycan üçün də prioritet səciyyə daşıyır. Rusiya uzun illər Qərb bazarlarına daşıdığı enerji ehtiyatlarını, ilk növbədə, neftini indiki sanksiyalar səbəbindən Hindistana ixrac edir.

Rəsmi Nyu-Dehli Azərbaycanı Pakistana dəstək verməkdə ittiham etdiyi halda Qərbin maraqlarının ziddinə gedərək Rusiya neftini ucuz qiymətə alır və bunu daxili tələbatı ödəməklə əlaqələndirir. Hərçənd, dünya birliyi Hindistanın həmin addımlarını sülhə xəyanət, müharibə və zorakılığa dəstək aksiyası kimi dəyərləndirir.

Bəli, açıq görünür ki, Rusiya-Ukrayna müharibəsi regional və qlobal güc balansında ciddi dəyişikliklərə səbəb olmaqdadır. Şimal dövləti ənənəvi təsir zonalarını ABŞ və Avropa ölkələrinə təhvil verdikcə, bunu uzun illər dostluq etdiyi ölkələrin maraqlarına zidd bəyanatlar səsləndirməklə kompensasiya edir.

Bu gün Azərbaycan, Qazaxıstan, Moldova, Serbiya və digərləri Kreml tərəfindən start verilən haqsız dezinformasiya və yanlış siyasi kursun hədəfinə çevriliblər. Azərbaycanın müstəqil dəst-xətt yürütməsini həzm edə bilməyən Rusiya siyasi dairələrinin Qazaxıstanı da “nankor dövlət” adlandırması böyük rezonans doğurmaqdadır. Kasım-Jomart Tokayevin bu yaxınlarda Türkiyəyə səfəri və Orta Dəhlizlə bağlı imzaladığı strateji müqaviləni rus mediası fərqli tərzdə təqdim edərək Astanaya qarşı təbliğat kampaniyası aparır, onu KTMT nizamnaməsinə zidd addımlar atmaqda günahlandırır.

Buradan gəlinən qənaət odur ki, rus elitasında təmsil olunanların bir çoxu hələ də “velikorus şovinizmi”ndən qurtula bilmir və keçmiş müttəfiq respublikaların müstəqil qərarlarına ağrılı reaksiya ortaya qoyur.

Lakin hər kəs yeni qlobal düzənin formalaşdığını, işğal, müharibə, nüfuz zonaları kimi elementlərin artıq qəbul olunmadığını anlamalı və ona uyğun davranış sərgiləməlidir. Azərbaycan qlobal müstəvidə baş verən dəyişiklikləri görür və həmin dəyişikliklərə adekvat fəaliyyət nümayiş etdirir. Bu üzdən də ölkəmizin üzv olduğu təşkilatlar regional təhlükəsizlikdə əsas söz sahibinə və dünya imperializmini təşviq edən qüvvələrin qorxulu ssenarilərini sıradan çıxaran güc mərkəzlərinə çevrilirlər.

Əlibala Məhərrəmzadə, Milli Məclisin deputatı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90